Qərbin “5-ci kolon”u hərəkətə gətirmək metodu dəyişməyib
19 Aprel 2024 15:00 Siyasətİçimizdəki xəyanətkarlar xaricdən aldıqları tapşırıqları yerinə yetirmək üçün sıraya düzülüblər
Dünya birliyi Azərbaycanda baş verən hadisələri bütün vasitələrlə izləyir, analiz edir və reaksiya verir. Bu reaksiyalar müxtəlif təyinatlı və müxtəlif məqsədli olur. O da məlumdur ki, ölkəmizdə tətbiq olunan yeni inkişaf modeli, beynəlxalq təcrübəyə söykənərək həyata keçirilən islahatlar Azərbaycanın nüfuzunu bir daha yüksəklərə qaldırıb. 44 günlük müharibədən sonra isə baxışlar tam olaraq müsbətə doğru dəyişib, bizimlə hesablaşırlar, hörmət edirlər, təklif və tələblərimizin yerinə yetirilməsi üçün uzun zamana ehtiyac qalmır. Azərbaycanın yaratdığı yeni reallıqlar bu gün təqdir edilir. Ölkəmizdə hökm sürən sabitlik nüfuzumuzu bir az daha artırır, bizimlə etibarlı tərəfdaş kimi əlaqələr yaratmaq, investisiya qoymaq niyyətində olan ölkələrin sayı durmadan artır. Bəli, Azərbaycan son antiterror tədbirlərindən sonra ərazi bütövlüyünü tam olaraq bərpa edib və bu hadisə imicimizə yeni-yeni əlavələr gətirib. Bəli, əldə etdiyimiz qələbələr bir tərəfdən dostlarımızın sayını artırıb, digər tərəfdən artıq ifşa olunmuş beynəlxalq gücləri ölkəmizə qarşı çirkin oyunlara sövq edib.
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd edib ki, artıq neçə illərdir ki, Azərbaycan dövlətinə qarşı müxtəlif şəkildə təxribatlar törətməyə cəhdlər göstərən dairələr hər dəfə uğursuzluğa düçar olduqdan sonra daha da aqressivləşirlər: "Lakin bu aqressivlik onların reallıqlar qarşısındakı məğlubiyyətlərinin göstəricisidir. Son 20 ildə Azərbaycanın iqtisadi cəhətdən özünü təsdiq etməsi, bir sıra mühüm strateji əhəmiyyətli layihələrin icraçısı və təşəbbüskarı olaraq dünya arenasına çıxması, balanslı siyasət yürütməsi, xalqın maraqlarından çıxış etməsi məlum qüvvələri hərəkətə gətirib. "5-ci kolon" kimi tanınan sapı özümüzdən olan baltalar - radikal və dağıdıcı təfəkkürə malik müxalifət və "Trensparency International", "Amnisty International", OCCRP kimi təşkilatlar erməni lobbisinin alətləri qismində ölkəmiz əleyhinə istifadə olunurlar. O cümlədən bir sıra Qərb media qurumları dezinformasiya xarakterli informasiyalarla Azərbaycan həqiqətlərini gizlədərək, böyük və ağ yalanları dünya ictimaiyyətinə sırımağa çalışırlar. Azərbaycanı tanıyan, ölkəmizdəki demokratik, multikultural, tolerant mühiti, sabitliyi qiymətləndirən heç bir dairə bunu ciddiyə almır, dezinformasiyalara uymurlar. Ancaq bununla qane olmaq olmaz, dövlət maraqlarımıza qarşı düşmənçilik, təxribatçılıq edənlərə qarşı mübarizəmizi ardıcıl şəkildə davam etdirməliyik. Burada Azərbaycanımızı, dövlətimizi, dövlətçiliyimizi sevənlər öz reaksiyalarını göstərməlidirlər. Çünki bizim məqsədimiz dövlətimizi gücləndirmək, Prezident İlham Əliyevin uğurlu siyasətini dəstəkləməkdir. Həmin qüvvələr anlamalıdırlar ki, heç bir təzyiq, təhdid bizi geri çəkilməyə vadar edə bilməz və onlar layiqli cavablarını hər zaman alacaqlar".
Onun sözlərinə görə, bu gün Azərbaycana qarşı xarici təhdidlər, hədələr, təxribatlar artıb: "Bunun əsas olan səbəb budur ki, Azərbaycanın yürütdüyü müstəqil siyasət bəzi dövlətlərin, beynəlxalq təşkilatların maraqlarına uyğun gəlmir, onları qane etmir. Və ilk fürsətdə ölkəmizə qarşı total hücuma keçirlər. Burada daha bir incə məqam var, bu da həmin qüvvələrin ölkə daxilindəki bəzi partiya və qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyət göstərmələridir. Bunlara bəzən "görünməyən qüvvələr" də deyirlər. Belə ki, onlar bizim aramızdadır və özlərini maskalaya bilirlər. Buna beynəlxalq termin olaraq "5-ci kolon" adı veriblər. Bu barədə mətbuatda geniş məlumat verilsə də, bu adın qısa tarixindən danışmaq yerinə düşər. Bu söz ilk dəfə 1936-1939-cu illərdə İspaniya Vətəndaş müharibəsi zamanı general Franko tərəfindən istifadə edilib. Generalın orduları Madridə dörd tərəfdən hücum edərkən, "Beşinci kolon"da olan generalın kəşfiyyat məmurları şəhərdə üsyan qaldıraraq Madridin yıxılmasına kömək ediblər. Bəzi tarixçilər spartalıların "Troya atı"nı "beşinci kolon"a nümunə kimi göstərmişdilər. Roma İmperiyası dönəmində bu siyasətdən daha çox faydalanıblar. Romalılar imperiyaya daxil olan tayfalar arasında iğtişaşlar törətmək və onları öz torpaqlarından qovmaq üçün casusluq və təbliğat işləri aparmaq üçün "beşinci kolon"dan istifadə ediblər.
Son zamanlar Qərb dairələri Azərbaycanda yeni iğtişaşlar törətmək, cəmiyyəti xaosa sürükləmək, nizamı pozmaq üçün "5-ci kolon"u canlandırıblar. Artıq düyməyə basılıb, müxalifətin siyasi zehniyyəti kasad, milli maraqlardan uzaq, dövlətçilik ənənələrini bada verməyə hazır olan, xüsusən də ermənidən çox erməni olmağa can atan hissəsi Azərbaycanda stabilliyi pozmaq üçün tapşırıqlar alıblar. Bu, onların qanunsuz etiraz aksiyalarına çıxmaq bəhanələrində də özünü göstərir. Bir tərəfdən Ermənistan, digər tərəfdən Qərb dairələri, daxildən isə "5-ci kolon" təmsilçilərinin müştərək fəaliyyəti ölkəmizdə vətəndaş qarşıdurması yaratmağa hesablanıb.
Bu gün dünyanın demokratikləşməyə doğru inamla addımlayan ölkələrində bəzi beynəlxalq təşkilatların, fondların təxribatı nəticəsində geriləmə, ya da prosesin dayandırılmasına cəhdlər müşahidə olunmaqdadır. Azərbaycan da o ölkələr sırasındadır, amma bizi öz təsir dairələrinə salmaq istəyində olan qüvvələr müxtəlif yollarla buna əngəl yaratmaq istəyirlər. Lap əvvəldən başlayaq, yenicə müstəqillik əldə etmiş ölkələrin potensialını nəzərə alan beynəlxalq güclər buna uyğun olaraq da hərəkət etməklə özlərinin arbitr kimi qəbul olunmalarına çalışırdılar. Bəzi ölkələr təzyiqlərə davam gətirməyərək həmin qüvvələrin istəklərinə tabe oldular. Amma xalqların spesifik xüsusiyyətlərini nəzərə almaqla hər ölkəyə bir üsulla yanaşdılar. Azərbaycanın bir daha müstəmləkə olmaq istəmədiyini anlayan beynəlxalq güclər bizi müharibə ilə sınadılar və düz 30 il prosesi ləngitməyi bacardılar. Əvvəl Ermənistanla müharibə, atəşkəs dövründə isə daxilimizdəki "5-ci kolon"un ifasında hakimiyyətə, dövlətçiliyimizə qarşı dövlət çevrilişləri, rəngli inqilablar təşkil etdilər. Bu da yetərli olmayınca yenidən Ermənistanı münaqişənin qeyri-konstruktiv tərəfi olaraq müxtəlif təxribatlara təhrik etdilər. Bir sözlə, imkanları çatdığı qədər Azərbaycanı daxili problemlərlə məşğul etməklə onun potensialının üzə çıxmasına, iqtisadi inkişafına, sosial problemlərinin həllinə mane olmağa çalışdılar".
B.Quliyev qeyd edib ki, bu gün də Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda quruculuq və qayıdış layihələrini həyata keçirdiyi bir zamanda içimizdəki xəyanətkarlar xaricdəki ağalarından aldıqları tapşırıqları yerinə yetirmək üçün sıraya düzülüblər: "Bu da təsadüfi deyil və bu gün özlərini müxalifət adlandıran, əslində isə bu xalqın və dövlətçiliyimizin qatı düşməni olan qara qüvvələr bizi içimizdən, xaincəsinə vurmağa çalışırlar. 1990-1992-ci illərdə özlərini bu xalqın xilaskarı kimi təqdim edən "cəbhəçi"lər xalqın etimadından istifadə edərək özlərini maskalamağı ustalıqla bacarmışdılar. Hakimiyyətə gələcəkləri təqdirdə xalqı yağ-bal içində, problemlərdən uzaq bir məmləkətdə yaşadacaqlarını demişdilər. Həm də o qədər ciddi şəkildə söz vermişdilər ki, 1 illik hakimiyyətləri dövründə xalqa və dövlətçiliyə qarşı etdikləri xəyanəti bir müddət anlamaq, qəbul etmək çətin oldu. O komandanın içində indi Qərbin buyuruq qulu olan "Yurd" sədri Əli Kərimli də var idi. "Yurd"çu Əli yenə iş başındadır, 1993-cü ildən yarımçıq qalan bəd əməllərini tamamlamaq üçün yenə küçələrə çıxmaq istəyir. Amma hansı güclə, hansı ideya ilə?
Əlbəttə, Qərbin "5-ci kolon"u hərəkətə gətirmək metodu dəyişməyib. İdeologiyası "demokratiya", "insan haqları" olsa da, Qərbin əsas silahı paradır, dollardır. Bunun vasitəsilə istənilən ölkədə çaxnaşma, qarşıdurma, hətta vətəndaş müharibəsi də təşkil etmək mümkündür. Digər ölkələrdə sifarişin, tapşırığın yerinə yetirilməsi üsulu eyni olasa da, bunu Azərbaycanda tətbiq etmək xeyli çətinlik yaradır. Heç bir özünü idarə etmək qabiliyyətində olan fərd onların cəfəngiyyatına qulaq asmır, arxalarınca getmirlər. Ona görə də təşkil etdikləri etiraz aksiyaları 5-10 nəfərdən uzağa getmir. Əvəzində təxribatlar törətməyi bacarırlar, hətta asayiş keşikçiləri ilə toqquşmalardan da çəkinmirlər. Məqsəd, əlbəttə, sifarişçilərə "fakt"ları təqdim etməkdir".
Alim