Rusiya Azərbaycanla münasibətlərdə bu istiqamətdə davam edərsə...- ÖZƏL

"Əlbəttə ki, Rusiyanın Azərbaycanla razılaşdırılmış şəkildə bu addımı atması mütləq təqdir edilməlidir. Yəni həqiqətən də Rusiya sülhməramlılarının bölgədə qalmasına heç bir zərurət yox idi. Ona görə də, onlar orada qaldıqca, bizdə də əlavə təəccüb və sual yaranırdı ki, boş-boşuna bu sülhməramlılar burda nə edir? Gərək olmadığı təqdirdə onlar burada saxlanılırsa, deməli, hansısa başqa bir məqsəd var və bu məqsəd də xoş məqsəd deyil, xoş məram deyil. Ona görə Azərbaycan ictimaiyyətində narahatlıq var idi". 

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Təbiidir ki, Azərbaycan dövlətinin rəhbəri, prezident İlham Əliyev də konkret olaraq bu narahatlığı Azərbaycan xalqı ilə bərabər bölüşürdü, paylaşırdı. Ona görə də, müvafiq danışıqlar aparıldı, iki dövlətin rəhbərləri arasında razılaşma əldə edildi və  sülhməramlı kontingentin çıxarılmasına qərar verildi. Bu, bir daha qeyd edirəm ki, Rusiya-Azərbaycan münasibətlərində yaxşı bir görsənişdir. Düşünürəm ki, Rusiya dövləti Azərbaycanla münasibətlərdə bu istiqamətdə davam edərsə, bizim aramızda heç bir problem yaşanmayacaq. Yaxud da əvvəlki kimi ancaq güc mövqeyindən çıxış etməklə, yaxud anti-Azərbaycan təbliğatına rəvac verməklə davam edəcəklərsə, əlbəttə ki, münasibətlər yenə də gərginliyə gətirib çıxaracaq. O baxımdan, bu addımı bir fürsətə çevirmək lazımdır və nəticə etibarilə də, Azərbaycanla Rusiya arasında münasibətləri daha irəli aparmağa çalışmaq lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31