İlham Əliyevin sərgilədiyi və apardığı uzaqgörən siyasət özünü doğrultdu- ÖZƏL

"Rus sülhməramlılarının Azərbaycandakı fəaliyyət müddəti, fəaliyyət istiqamətləri, say tərkibləri hamısı 10 noyabr bəyanatı ilə bildirilmişdi və 10 noyabr bəyanatının tələblərinə görə də sülhməramlıların regiona gəlişi reinteqrasiya prosesi çərçivəsində idi. Yəni, bu proqram hər nə qədər sonradan elan edilsə də, erməni silahlı qüvvələrinin, habelə, separatçı tör-töküntü qüvvələrin, keçmiş silahlarının ərazidən çıxarılması prosesi paralel aparılmalı idi". 

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

"Düzdür, proses tam deyildiyi kimi, 10 noyabr bəyanatında olduğu kimi icra edilməsə də, fakt olaraq Azərbaycanın da iradəsi və sərgilədiyi mövqeyi, uzaqgörən  Prezident İlham Əliyevin sərgilədiyi siyasət nəticəsində biz nəhayətində ərazinin bütövlükdə Azərbaycanın öz adına keçdiyinin şahidi olduq.

Bu gün Qarabağda yaşayan ermənilərin sayı çox azdır. Böyük əksəriyyəti öz istəkləri ilə heç bir məcburiyyət, heç bir zorakılıq olmadan ərazini tərk edib getmişdi. Yəni, belə olan təqdirdə əslində sülhməramlıların fəaliyyəti üçün bir səbəb yox idi, mandatları üzrə fəaliyyətlərini tamamlamışdılar. Qısa bir müddətdə ərazidə minatəmizləmə fəaliyyəti ilə məşğul oldular və beləliklə də demək olar ki, 10 noyabr bəyanatında göstərilən bütün məsələlər yerinə yetirildi və mandat üzrə hazırda onların Azərbaycanda qalması üçün bir səbəb yox idi. 
Azərbaycan Konstitusiyası və qanunvericiliyə görə, Azərbaycan ərazisində başqa ölkənin hərbi birləşmələrinin olmasına və hərbi bazanın yaradılmasına icazə yoxdur. Yəni mandatları çərçivəsində hərəkət edirdilər və mandatlarına görə artıq görəcəkləri iş qalmamışdı. Buna görə də vaxtından əvvəl Azərbaycan ərazisini tərk etmələri baş tutdu. 
Təbii ki, bu Rusiya-Azərbaycan münasibətləri baxımından müsbət hadisədir. Azərbaycan və Rusiya arasında bu günə qədər, yəni hazırkı etabda əlaqələr olduqca müsbətdir. Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır və bu önəmli məsələdir. Yəni, bu gün Cənubi Qafqaz ölkələrinə baxdıqda, Gürcüstanda qeyri-sabitlik olduğunu görə bilərik. Burada həm Qərb, həm Rusiya maraqları çərçivəsində hərəkət edən qüvvələr var. Ermənistanda isə Paşinyan hakimiyyəti qərbmeyilli siyasət yeridir və sürətli Rusiyadan uzaqlaşma prosesinin şahidi oluruq.
Azərbaycana gəldikdə, Azərbaycan isə Cənubi Qafqazda həqiqətən balanslaşdırılmış, müstəqil xarici siyasət yeridən tək ölkədir və biz bu günə qədər Rusiya əleyhinə heç bir təzyiqə, heç bir sanksiyaya qoşulmadığımız halda Rusiyanın işğalçı fəaliyyətlərini də dəstəkləməmişik və ya Ukraynanın da ərazi bütövlüyünü daim dəstəkləmişik. Yəni, bu iki məsələ olduqca müsbətdir. Ola bilər ki, bizim Rusiyanın işğalçı siyasətini dəstəkləməməyimiz Kremlin nəzərində bir narazlıq yaratsın. Amma ən azından, Kreml əleyhinə siyasət aparmamağımız, onun maraqlarına zidd hansısa bir radikal addım atmamağımız və Qərbin blokuna qoşulmamağımız Rusiya üçün, məncə, indiki məqamda məqbul yanaşmadır və hesab edirəm ki, Azərbaycanın bu siyasəti bu gün öz bəhrəsini verir və nəhayətində biz Cənubi Qafqazda, Azərbaycanda tam olaraq bir sabitliyin hakim olduğunu deyə bilərik. Xüsusilə, burada artıq ərazidə ermənilər yoxdur, separatçı ünsürlər yoxdur və ən önəmlisi də artıq sülhməramlıların ərazini tərk etməsinin şahidi olduq. Yəni artıq Azərbaycan həqiqətən də 100% etibarilə ərazi bütövlüyünü bərpa etmiş və suverenliyini tam bərpa etmiş bir ölkədir. Bu o demək deyil ki, bundan öncə biz suveren deyildik, yox. Amma yəni, bu ən azından son qalan narahatlıqlar da aradan qalxdı və burada bir daha qeyd etmək lazımdır ki, prezident İlham Əliyevin sərgilədiyi və apardığı uzaqgörən siyasəti özünü doğrultdu. Hansı ki, bu günə qədər daha çox müxalifət tərəfindən səslənən fikirlərin biri bu idi, sülhməramlılarla narahatlıqlar var idi. Amma o narahatlıqların da artıq əbəs olduğu bir daha özünü göstərdi". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31