Səfir, yoxsa kriminalist ekspert?

Mehdi Sobhani təmsil etdiyi ölkənin mövqeyindən çıxış edib

Lətifəsi bizdən uzaq, "Kar eşitdiyin, kor tutduğun buraxmaz" deyib atalar. Dünyada nə baş verirsə versin, İran rəsmiləri hərləyib-fırlayıb söhbəti bizim üzərimizə gətirib çıxarırlar. ABŞ Yaxın Şərqdə min hoqqadan çıxır, HƏMAS, İsrail dinc insanları qətlə yetirir, Ermənistan mövqelərimizi atəşə tutur, Rusiya Ukraynanın daşını daş üstə qoymayıb, molla rejiminin qafasında isə elə Azərbaycandır. Yaxın Şərq problemini yaradan böyük dövlətlərin bölgədəki maraqları qalıb bir tərəfdə, İranın dərdi-səri Azərbaycandır. Molla rejiminin ölkəmizə qarşı kini o həddə çatıb ki, artıq bu ölkənin diplomatları da ağızlarını köndələn qoyublar. Diplomatik münasibətlər qurmaq, ölkələr arasındakı gərginliyi yumşaltmaq  əvəzinə İran səfirləri özlərinə aid olmayan işlərə burun soxurlar. İndi də İran səfiri hərbi ekspert, kriminalist cildinə girərək təmsil etdiyi dövlətin siyasətinə uyğun açıqlama verib. İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirib ki, "ikinci Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahı ilə öldürülüb". Ermənistan Müdafiə Nazirliyinin sözçüsü qismində çıxış edən İran səfiri nədənsə  ölkəsi tərəfindən ermənilərə verilən silahlar, xüsusən dronlar vasitəsilə Azərbaycan hərbçilərinə zərbələr endirildiyini xatırlamağı özünə rəva bilməyib. Maraqlıdır, dildə Azərbaycanla dostluq münasibətlərində maraqlı olduğunu bəyan edən, əməldə isə xəyanət mövqeyi tutan İran özünün Ermənistandakı səfirinin cəfəng açıqlamalarına niyə imkan verir? 
Əvvəla qeyd edək ki, səfir Mehdi Sobhani molla rejiminin icazəsi olmasa şəxsi qismində belə bir açıqlama vermək iqtidarında deyil. Məlumdur ki, adətən səfirlər hansısa açıqlamalar verdikdə ölkəsinin xarici siyasət idarəsinin müvafiq şöbələri ilə məsləhətləşmələr aparırlar. Deməli, Mehdi Sobhanı sadəcə təmsil etdiyi ölkənin mövqeyini dilə gətirib. Onda belə bir sual yaranır: nədən İran səfiri işğalçı dövlətin əsgərlərinin məhvini faciə kimi təqdim edir, dindaş olduğu  ölkənin əsgərlərini məhv etmək üçün isə ermənilərə hərbi yardım göstərir? 

Yəni, İranın Ermənistandakı səfiri doğrudan da dərk etmir ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün separatçılara qarşı cəbhə açıb?  Əslində, səfir özünü müsəlman, şiə adlandıran İranın işğalçı Ermənistana ötürdüyü kəşfiyyat məlumatları, hərbi texnika üçün yanacaq və İran üzərindən daşınan silahlarla Azərbaycan əsgərlərinin öldürülməsi, İranın birbaşa iştirakı ilə işğal olunmuş Azərbaycan şəhər və kəndlərinin xarabalığa çevrilməsini dilə gətirsəydi, daha ədalətli mövqe olardı. Axı 30 il işğal dövründə İran bütün davranışı ilə işğalçı dövlətə dəstək çıxdığını nümayiş etdirdi. Bu illər ərzində bir dəfə də olsun ermənilərin Qarabağda  dini abidələri təhqir etməsini,  dağıdılmasını dilə gətirməyib. Bəlkə, məscidlərdə donuz saxlanılaraq dini inancın təhqir olunması İranın dini siyasətinin tərkib hissəsidir? İranın hər addımında müsəlman ölkə olan Azərbaycanı deyil, işğalçı dövləti dəstəkləməsi heç cür başa düşülən deyil. Başa düşülən odur ki, İran hər zaman Azərbaycan əleyhinə siyasət aparıb və bundan sonra da ənənəvi siyasətini davam etdirəcək. Nəzərə almaq lazımdır ki, işğalçı Ermənistanla kifayət qədər normal münasibətlərin qurulmasının özü fars şovinist rejiminin Azərbaycan əleyhinə fəaliyyətı anlamına gəlir.
Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31