Əgər bu baş verərsə də, burada Fransa itirəcək - ÖZƏL
18 Aprel 2024 14:17 Siyasət"Fransanın səfirinin məsləhətləşmələr üçün geri çağırılması, indiki məqamda əslində başa düşüləndir. Bu baxımdan ki, Fransa-Azərbaycan arasında münasibətlər bildiyiniz kimi, son zamanlar xüsusilə gərgindir və rəsmi Paris Bakının Fransaya qarşı olan münasibətləri, mövqeyi və bundan sonra ata biləcəyi addımlar haqqında məlumat öyrənmək istəyə bilər".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.
"Paralel olaraq, hazırda Azərbaycandakı vəziyyət də Fransa tərəfindən yaxından izlənilir və bütün bunların hamısını səfirdən birbaşa hesabat xarakterilə almaları mümkündür. Nəzərə almaq lazımdır ki, siyasi və diplomatik sferada Paris-Bakı gərginliyi iqtisadi məcrada özünü göstərmir. Amma bu Fransa üçün hər zaman narahatverici bir məqamdır. Çünki Fransanın bu gün Azərbaycanda iqtisadi maraqları və yatırımları var. Xüsusilə də, Fransanın Total enerji şirkətinin bu gün Azərbaycanda səhmləri və payları var. Bu payların riskə girməsi Fransa üçün ciddi strateji itki ola bilər. Ona görə də, Fransa tərəfi bunun baş verməməsi üçün mümkündür ki, siyasi və diplomatik gərginlik fonunda səfirin mövqeyini, yəni səfirin Azərbaycanla bağlı düşüncələrini bilmək istəsin.
İkinci məsələ isə, heç şübhəsiz, Azərbaycanla Ermənistan arasındakı münaqişənin hazırki mərhələsi, sülh danışıqları, Cənubi Qafqazdakı siyasi proseslər və rəsmi Bakının atacağı ehtimal addımlarla bağlı təfsilatlı məlumat almaq istəyirlər. Yəni, Fransa bu əsas səbəbdən irəli gələrək hesab edirəm ki, səfiri məsləhətləşmək üçün çağırır.
Bu, səfirin birdəfəlik geri çağırılması deyil. İndiki məqamda hesab edirəm ki, iki ölkə arasında münasibətlər gərgindir, amma səfirləri geri çağıracaq qədər deyil və bunun Fransa tərəfindən atılacağını düşünmürəm. Bir qədər öncə də qeyd etdiyim kimi, Fransanın iqtisadi maraqları olduğu üçün bu ölkənin səfirini geri çağırması inandırıcı gəlmir. Əgər bu baş verərsə də, burada Fransa itirəcək və Azərbaycan tərəfdən bənzər bir addım atıla bilər. Amma hələ ki, buna bir zərurət olduğunu düşünmürəm".