Rus ordusu niyə vaxtından tez getdi?-Əli Mustafa- ÖZƏL

"Sülhməramlıların  Azərbaycanı tərk etməsi,  əlbəttə təqdir ediləcək hadisədir. Bunun vaxtı və baş verməsi ilə bağlı təbii ki, proqnozlar var idi, amma əndişələr də vardı".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa  deyib:

"Dünyada belə yanaşma mövcuddur ki, Rusiya girdiyi yerdən çıxmır. Amma gerçəklik ondan ibarətdir ki, Azərbaycan həm 1993-cü ildə, həm də bir qədər sonra, 2000-ci illərin əvvəllərində rus ordularını Azərbaycandan çıxarmışdır. Əslində bu, üçüncü haldır. İlk dəfə deyil. Eyni zamanda Qazaxıstan hadisələrini də xatırlayırıq. Qazaxıstan da rus ordularını çıxarmışdı. Ukraynadan da rusların nə vaxtsa çıxdığını yəqin ki, görəcəyik. Vaxtilə Əfqanıstandan da rus orduları çıxmışdı. Rus ordusu gücü çatanda qalır, çatmayanda çıxır. İndi də məsələlər bu cürdür. Siyasi rəhbərlərin fəaliyyəti, düzgün strategiyanın aparılmasını da qeyd etmək lazımdır. Bunlar təqdirəlayiqdir. Eyni zamanda Rusiyanın da Ukraynada savaş aparması onu həddindən çox məşğul edir və gücünü alır. Hesab edirəm ki, Ukraynadakı ağır vəziyyət  Rusiyanın başqa bölgələrdə hərbi kontingent saxlama imkanını bir növ əlindən alıb. Rusiya ola bilsin ki, Ermənistandakı ordudan da silah-sursat aparıb. Suriyadan hərbi kontingentini çıxartdığını gördük. Azərbaycandan da çıxarmaq məcburiyyətində idi. Çünki Ukrayna məsələsi var. Etiraf etmək lazımdır ki, ruslar bunu 2025-də etməli idilər. Görünür, vəziyyət elədir ki, 2025-ə qədər gözləyə bilmədilər. Əslində faktiki olaraq 2023-cü ilin sentyabrından sonra rus sülhməramlılarının orda qalmasına ehtiyac yox idi. Həmin ordunu orda saxlamağın heç bir lüzumu yoxdur. Yalnız Rusiyanın Cənubi Qafqazda geopolitik maraqlarını  təmin etmək, "mən də varam" demək, hərbi güc saxlamaqla bir növ bölgəyə nəzarəti əlində saxlamaq kimi bir səbəbi olmasa, yəni bunları nəzərə almasaq, onların bu gün  Azərbaycanda qalmasının başqa səbəbi yoxdur. Digər tərəfdən də biz bir şeyi də xatırlayırıq ki, rus ordusu bəzən bir bölgədən çıxandan sonra belə o bölgədə müəyyən hadisələr ola bilir. Ola bilsin ki, burda hansısa narazılıqlarda ola bilər. Eyni zamanda Qarabağla bağlı rusların iddiaları, erməniləri qaytarmaq istəkləri var idi. Bu məsələdə də artıq Ermənistan Rusiyanı həddindən artıq incidib. Rusiyadan belə bir jest də ola bilər ki, artıq  Qarabağa ermənilərin qayıtmasını istəmirik, dəstək verməyəcəyik. Belə bir düşüncə ilə də rus ordusunun vaxtından tez getməsini izah etmək olar. Azərbaycanın ərazisində başqa dövlətlərin hərbi bazasının, silahlı qüvvələrinin olması  Azərbaycan qanunvericiliyinə uyğun deyil. Bu baxımdan məsələyə qanunvericiliyin, beynəlxalq hüququn bir təntənəsi kimi də baxmaq olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31