Prezident İlham Əliyev milli maraqlarımızı dövlət siyasətində ən üstün dəyər hesab edir-Vüqar Əhmədov- ÖZƏL

"Sülhməramlıların Azərbaycandan çıxması  Azərbaycanla Rusiya arasında siyasi dialoq və anlaşmanın yüksək səviyyədə olmasından xəbər verir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib:

"Doğrudur, vaxtaşırı biz Qarabağda sülhməramlıların öz vəzifələrinin öhdəsindən müəyyən qədər gələ bilməməsinin də şahidi olmuşduq, lakin ümumilikdə Azərbaycan Rusiya sülhməramlılarının ölkə ərazisində fəaliyyət göstərməsi üçün bütün zəruri şəraiti yaratmışdı. Bütün dünya gördü ki, Azərbaycan 2020-ci ilin noyabrında Qarabağ ərazisində etnik durumu nəzərə alaraq Rusiya sülhməramlılarının ölkəmizə daxil olmasına razılıq verdi. Rusiya sülhməramlılarının ölkəmizdəki fəaliyyəti ilə bağlı həm ölkə daxilində, həm də xaricdə olan antiAzərbaycan dairələri təxribat xarakterli fikirlər yayır, guya onların Azərbaycanda uzun müddət hərbi baza şəklində qalacağı ilə bağlı əsassız fikirlər səsləndirirdilər. Cənab Prezident bir daha sübut etdi ki, o, doğru qərarları məhz doğru vaxtda verir. Bu qərar da məhz Azərbaycan və Rusiya liderləri arasında olan yüksək anlaşmanın göstəricisidir. Bu böyük və tarixi bir hadisədir, Azərbaycana qarşı yönəlmiş bu tipli qərəzli fikirləri alt-üst etdi. 
Bu həm də Azərbaycanın humanistliyinin göstəricisi sayıla bilər, istər 44 günlük Qarabağ müharibəsində, istərsə də antiterror tədbirlərində  heç bir mülki əhaliyə və obyektə ziyan dəymədi, sülhməramlıların normal fəaliyyəti üçün bütün zəruri şərait yaradıldı. Burada bir şeyi nəzərə almaq lazımdır ki, baxmayaraq ki, sülhməramlı kontingent indi Qərblə ciddi ziddiyət yaşayan Rusiya Federasiyasına məxsus idi, hətta əksər Qərb dövlətləri bu ölkənin sülhməramlılarının Azərbaycandakı fəaliyyətinə qarşı çıxmırdılar, eləcə də onun fəaliyyətini tənqid etmirdilər, çünki ortada erməni faktoru var idi, o zaman sual meydana çıxır ki, bəs bu ölkələrdə yerləşən və dəstəklənən antiazərbaycan dairələrinə nə düşmüşdü ki, bu mövzunu daima gündəmə gətirir və yanlış yönə istiqamətləndirirdilər, əlbəttə ki, cavab bəllidir, ölkəmizin əldə etdiyi qələbə və uğurumuzu gözdən salmaq.
Azərbaycan Prezidenti bu addımı elə ustalıqla və elə  zamanında atdı ki, nə Qərb, nə Rusiya tərəfi bu məsələdən narazı qalmadılar. Bütün bunlar Azərbaycanın sülhpərvər siyasət yürütməsini bütün dünyaya nümayiş etdirdi və göstərdi ki, Prezident İlham Əliyev milli maraqlarımızı dövlət siyasətində ən üstün dəyər hesab edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31