Qarabağdan üzüsulu gediş və ....  Azərbaycan prezidenti İlham Əliyevin daha  bir  diplomatik uğuru

Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazisini tərk edir. Sülhməramlıların vaxtından əvvəl ölkəmizi tərk etməsi siyasi dairələrdə müzakirə mövzusu olmasa da məsələyə aydınlıq gətirilməsinə ehtiyac duyulur. Belə ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi prosesinə başlanılıb. Siyasi ekspertlər hesab edirlər ki, sülhməramlıların vaxtından əvvəl ölkəmizi tərk etməsi dövlət başçılarının apardıqları danışıqlar nəticəsində reallaşıb. Etiraf edək ki, bu fakt Ali Baş Komandan, Prezident İlham Əliyevin  "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" fikrini bir daha təsdiqləyir.

Məsələyə münasibət bildirən millət vəkili Azay Quliyev qeyd edib ki, Rusiya sülhməramlıların vaxtından əvvəl Azərbaycanı tərk etməsi tarixi bir hadisədir: "Uzun müddətdir yerli və beynəlxalq camiədə müzakirə olunan bir məsələ- "Rusiya sülhməramlılarının Azərbaycanın ərazisində qalıb-qalmaması məsələsi"nə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin iki cümləlik açıqlaması ilə birdəfəlik nöqtə qoyuldu: "Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər". Azay Quliyevin sözlərinə görə, bu tarixi qərar bir daha onu göstərdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin "nəyi, necə və nə vaxt etmək lazımdır, bunu mən bilirəm" tarixi ifadəsi nə qədər böyük məna kəsb edir, bu sözün arxasında nə qədər dərin siyasi düha və qətiyyət var. İkinci, Azərbaycan Prezidentinin atdığı bütün addımlar və həyata keçirdiyi siyasət tamamilə müstəqildir, bu, siyasət yalnız və yalnız ölkəmizin milli maraqlarının qorunmasına hesablanıb. Üçüncü, Azərbaycanla Rusiya arasında  mövcud olan "praqmatik və eyni zamanda  qarşılıqlı maraqlara zərər vurmamaq siyasəti" tamamilə özünü doğruldur və bu yanaşma hazırda pozulmuş dünya düzənində və təhlükəsizlik arxitekturasında ən doğru yoldur və o cümlədən yeni bir siyasi fenomendir. Dördüncü, Azərbaycanın "orta güc" kimi dünyada oynadığı rol və regionda yaratdığı yeni geosiyasi reallıq hamı tərəfindən birmənalı qəbul edilir. Beşinci, ölkədəki marginal qrupların, 5-ci kalonun və dağıdıcı müxalifətin neçə müddətdir "Rusiya qoşunları daxil olduğu ölkədən heç vaxt çıxmır və Azərbaycanda da əbədi qalacaq, hakimiyyət Rusiyanın təsiri altındadır və ondan qorxur" kimi manipulyativ ittihamları və yersiz hay-küyləri sabun köpüyü kimi puç oldu. Altıncı, Fransa və Ermənistanın "təbliğat maşını"nın və anti-Azərbaycan şəbəkəsinin son aylar tirajladığı  "Azərbaycan Rusiyanın istəyi və təhriki ilə regionda gərginlik yaradır, Azərbaycan Rusiya qoşunlarının Qarabağda qalmasında maraqlıdır" kimi saxta və böhtan xarakterli "tezisi" də suya düşdü. Bax, budur, müdrik siyasətin gücü, əsl siyasət qrosmeysteri və siyasət patriarxı olmaq bacarığı! Bax, budur, "nəyi, necə və nə vaxt etmək lazımdır, bunu mən bilirəm" ifadəsinin arxasında duran siyasi dühanın və qətiyyətin təntənəsi!"

Siyasi şərhçi Asif Nərimanlı qeyd edib ki, ötən ilin 20 sentyabrında Qarabağda separatizmin təmizlənməsi, Xankəndiyə bayrağımızın sancılması ilə nəticələnən antiterror tədbirlərində irəli sürülən "Azərbaycan bunun qarşılığında Rusiyaya nə verdi" məsələsi sülhməramlıların vaxtından əvvəl ərazimizi tərk etməsində də gündəmə gəlib: "Rusiya kimi bir ölkə geri çəkilirsə, bunun əvəzsiz olması inandırıcı deyil. Lakin sülhməramlılarla bağlı məsələ indi yox, Qarabağda separatizmin ləğv edilməsi və ermənilərin çıxmasından sonra həll edildi.  Və Moskvanın Qarabağdan imtina etməsi Cənubi Qafqazdakı maraqlarının qorunmasından qaynaqlanır.  2022-ci ildə Praqa görüşündən sonra Qarabağda qalmaq Rusiya üçün bölgəyə yox, təkcə Azərbaycana təsir etmək imkanına çevrildi. Qarabağdan imtina edən Ermənistan isə siyasi oriyentasiyasını Qərbə doğru dəyişməyə başladı. Bu, Qarabağ məsələsini bir tərəfdən Moskva-Bakı münasibətlərində problemə çevirir, həm də Ankaranı narazı salır, digər tərəfdən, erməni əhalisinin problemlərinə görə məsuliyyət Rusiyanın üzərində qalırdı. Moskvada anladılar ki, bölgəyə təsir etmək üçün həmişə rıçaq olaraq istifadə etdikləri Qarabağda qalmağa köklənmək bu dəfə Cənubi Qafqazın itirilməsi ilə nəticələnə bilər. Azərbaycanın erməni separatizmini ləğv etməsinə müdaxilə etməyən Rusiyanın sühməramlılarını da bölgədən çıxarması Cənubi Qafqazda zəifləyən təsir imkanlarını minimum zərərlə qorunması məqsədi daşıyır. Bunun qarşılığında Azərbaycan Rusiyaya siyasi baxımdan bölgədəki maraqlarının nəzərə alınması sözünü verə bilər, misal üçün, Qərbin Bakı-İrəvan danışıqları üzərindən regiona müdaxiləsinə geniş meydan verməmək kimi..."

Milli Cəbhə Partiyasının Başqan müavini Məhəmməd Əsədullazadə isə bildirib ki, Rusiya Qarabağdan sülhməramlı qüvvələrininin  çıxarılmasını reallaşdırır: "Rusiya sülhməramlı qüvvələri Qarabağda ermənilərin təhlükəsizliyini  təmin etmək üçün dəvət olunmuşdu. Azərbaycanın antiterror tədbirlərindən sonra, ermənilər könüllü şəkildə Qarabağı tərk etdilər. Səbəb ortadan qalxdığı üçün sülhməramlı qüvvələrin qalmasına ehtiyac yox idi. Sadəcə,  2025-ci ilə kimi qalmaq müddətləri var idi. Amma, Moskva  indiki vaxta öz hərbiçilərini çıxarmaqla bir növ üzüsulu çıxmağa üstünlük verdi. Bu,  Azərbaycan prezidenti İlham Əliyevin diplomatik və siyasi uğurudur. Təbii ki, Azərbaycan tərəfi sülhməramlı qüvvələrin vaxtını uzatmayacağını qeyd edirdi. İkitərəfli  danışıqlar nəticəsində Rusiya tərəfi praqmatik addım atmış oldu. Rusiyanın Azərbaycanda minaların təmizlənməsində sülhməramlı deyil, digər qrupun iştirakında problem yoxdur. Çünki dövlətlər bir-birilərinə humanitar dəstək verə bilər. Rusiya sülhməramlı kontingentini Ukraynaya döyüşə yola salacaq. Görünür, Rusiya Ukraynaya yeni hücum dalğasına başlayıb. Kreml üçün Cənubi Qafqaz arxa plana keçib. Rusiya  Ukraynada qalib gələrsə, yenidən Qafqaz siyasəti aktivləşəcək".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31