İran qonşusunda Azərbaycan kimi güclü dövlətin olmasından ehtiyat edir - ÖZƏL
24 Oktyabr 2022 12:25 Siyasət"İranın son addımları, Azərbaycana qarşı sərgilədiyi münasibət heç bir qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sığmır və açıq-aşkar təxribat xarakteri daşıyır. Baxmayaraq ki, Azərbaycan hər zaman öz qonşuları ilə normal əməkdaşlıq mühitini inkişaf etdirməyə üstünlük verib". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı İranın Qafan şəhərində konsulluq açmasına münasibət bildirərkən səsləndirib. O bildirib ki, Tehran bu addımı ilə bir daha haqqın, ədalətin deyil, sülhün deyil, şərin, şeytanın, işğalçının yanında olduğunu təsdiqlədi: "Əslində İran Qarabağ müharibəsi başlayandan eyni mövqedə olub. İşğalçı Ermənistanın ayaqda qalması, Azərbaycan ərazilərini işğal altında saxlaması üçün ermənilərə hər bir dəstək verib. Hətta 44 günlük Vətən müharibəsində Ermənistanı açıq şəkildə silahlandırmaqdan çəkinməyib. Halbuki İranın verdiyi silahlar işğalçılar, separatçılar tərəfindən onun din qardaşlarını qətlə yetirirdi. Baxmayaraq ki, İran dara düşən kimi din qardaşlığı, müsəlman təssübkeşliyindən danışır".
İctimai Birlik sədri qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın daha da güclənməsi, nəinki regional, eləcə də qlobal gücə çevrilməsini İran heç cür həzm edə bilmir və qonşuluğunda Azərbaycan kimi güclü bir dövlətin varlığı ilə barışmaq istəmir: "Ona görə də bütün imkanlarından istifadə edərək Ermənistana dəstək verməyə, onu yenidən Azərbaycana qarşı qaldırmağa, bununla da regionda yenidən münaqişəni alovlandırmağa çalışır. Hesab edirəm ki, Tehranın bu cəhdlərinin heç bir mənası olmayacaq. Çünki regionda yeni reallığın yarandığını artıq bütün dünya qəbul edir. Sadəcə İran bu kimi təxribatçı addımlarla öz quyusunu daha da dərinləçdirmiş olur".