"Vardanyanın qərarı siyasi planlarla yox, Rusiyaya qoyulan sanksiyalarla bağlı ola bilər"

"Vardanyanın Rusiyadan Qarabağa yerləşmək haqqında bəyanatının ətrafında  çox sayıda spekulyasiya var.  Bu, məsələnin  əsl mahiyyətini şişirtmək meyilləri də hiss olunur. Rusiya, Ermənistan hətta, təəssüf ki, Azərbaycan mediası da məsələni geosiyasi, qeyri-adi hadisə kimi təqdim edir.  Fikrimcə, Vardanyanın Qarabağa köçmək bəyənatı hələ özlüyündə heç nə demək deyil".

Olaylar.az xəbər verir ki, bu, sözləri "Bakı xəbər" qəzetinin baş redaktoru, politoloq  Aydın Quliyev rusiyalı milyarder Ruben Vardanyanın Qarabağa köçməsi haqqında bəyanatını şərh edərkən deyib.

"Bunun real addım olub olmadığını gələcək göstərəcək. Vardanyan nəbzləri yoxlamaq məqsədi ilə də bu addımı ata bilər. Və ya onun biznesində maraqları və ya anti-maraqları olan şəxslərə mesaj vermək xatirinə də bunu edə bilər. Rusiyanın işgüzar mühitini tərk etmək imitasiyasını konkret məqsədlər üçün ortaya ata bilər. Ona görə Vardanyanın bu, bəyanatı bizim bölgəmizdə heç bir geosiyasi dəyişiklik yarada biləcək hadisə kimi nəzərdən keçirilməməlidir.

Birmənalı şəkildə bu məsələni şərh etmək düzgün deyil. Onun fikri real olmaya da bilər. Və ya həqiqətən, Qarabağa  ya da Ermənistana yerləşə bilər.  Hətta bəziləri Vardanyanı Rusiyanın bu ərazidəki kartı kimi qələmə verilir. Rusiyanın Vardanyanı Qondarma, oyuncaq rejimə  və Ermənistanda baş nazirliyə və.s vəzifəyə gətirəcəyini iddia edirlər. Nəzərdən qaçırırlar ki, belə böyük planlar açıq şəkildə oynanılmır. Ortada hələ heç nə yoxdur. Əgər, Vardanyan Rusiyanın siyasi planlarının bir hissəsirdirsə, həmin planları başqa şəkildə də həyata keçirmək mümkün idi.   Ermənistana  və ya Qondarma rejimə prezident gətiriləcəyi haqqında yazılanlar əsassızdır. Rusiya bunu Vardanyan olmadan da edə bilər. Bu, bəyanatın arxasında geosiyasi və siyasi planlar  dayanmır. Vardanyanın Rusiya biznesindən ayrılmaq istəyi siyasi planlarla yox, Rusiyaya qoyulan sanksiyalar ilə bağlı ola bilər.  Rusiya ağır sanksiyalara məruz qaldığı üçün, biznesmenlərin bir çoxu Rusiyanı tərk edib. Vardanyana sanksiyaların təsir zonasından uzaq meydan lazımdır. Biznesmenlerin bir çoxu Gürcüstanda, Ermənistanda fəaliyyət göstərir. Vardanyanın da planları bununla bağlı ola bilər. O, iş adamıdır. Özü üçün mümkün qədər  manesiz iş şəraiti axtarır. Əgər, bu, realdırsa, səbəbinin biznes planları olduğunu düşünürəm".

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31