"Bütöv Azərbaycan" ideyasının gerçəkləşməsi çox yaxındır
6 Sentyabr 2022 12:48 Siyasət"Son zamanlarda yenidən Bütöv Azərbaycan anlayışına, ideyasına qarşı bizdən olub, başqalarına xidmət edənlər tapılmaqdadır".
Bu sözləri Olaylar.az-a açıqlamasında Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyası ilə əlaqələr üzrə müavini, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, türkoloq-alim, dosent, fəlsəfə doktoru Faiq Ələkbərli deyib.
"Çox təəssüflər olsun ki, vaxtilə Qarabağ adından sui-istifadə edənlər, daha sonra isə əsasən Qarabağ məsələsi çözüldükdən sonra hansısa partiya yaradanlar və özünü partiyanın başqanı elan edənlər bütöv Azərbaycan ideyasına qarşı uydurmalar irəli sürür. Yəni, bildiyiniz kimi bu kimi ideyanın hansısa "böyük Ermənistan" ilə uzlaşdırılmasının özü bir yalnışdır, bu vətənə, millətə, dövlətə qarşı olmaq deməkdir. Çünki tarixən Azərbaycan Bakı, Şəki, Gəncə, Qazax, Naxçıvan deyil, həm də Təbriz, Həmədan, Zəncan, Urmu, Ərdəbil olmuşdur. Yəni, bütün dünya bilir ki, Azərbaycanın 50-60 milyonluq bir Azərbaycan xalqı, Azərbaycan türkləridir. Bunu bildikləri halda bu ideyanı hansısa qondarma, uydurma ideyalarla eyniləşdirənlər təbii ki, düşmənlərin dəyirmanına su tökənlərdir. Xüsusilə də İranın, Rusiyanın qapısını döyənlərdir.
Təbii ki, biz Bütöv Azərbaycan Ocaqları olaraq bu məsələnin hardan qaynaqlandığını hər zaman bilmişik və birmənalı şəkildə bu kimi zərərli düşüncələri yayanların əslində Azərbaycan xalqının, Azərbaycan türklərinin maraqlarına zidd olduğunu ifadə etmişik. Bir daha bəyan edirik ki, bu kimi ideyaları, xüsusilə bütöv Azərbaycan ideyasını, hansı ki, bir gün gerçəkləşəcəkdir, ona qarşı çıxanlar heç bir halda azərbaycanlı və Azərbaycan türkü adını daşımır. Belələri ancaq Azərbaycan xalqına, dövlətçiliyinə zərbə vuranlardır. Onlar zahirən özlərinin hansısa dövlətçilik prinsiplərindən, beynəlxalq hüquqdan çıxış etdiklərini iddia edirlər. Əslində bu kimi beynəlxalq hüquq, beynəlxalq ərazi tanımalarının hamısının hansı şəkildə formal xarakter daşıdığını hər kəs bilir. Çünki İran adlanan dövlətin özünün qondarma olduğunu aşağı-yuxarı dünyada hər kəs bilir. Oranın əslində türk yurdu olduğu zatən tarixdən bəllidir. Ona görə də bütöv Azərbaycan ideyasını ancaq Azərbaycan Respublikasının çərçivəsində məhdudlaşdıranlar, daha doğrusu, bütöv Azərbaycan ideyasına qarşı çıxıb, Azərbaycan dedikdə ancaq Azərbaycan Respublikasını görənlər şübhəsiz ki, bizdən ola bilməz.
Biz birmənalı şəkildə bütöv Azərbaycanın gerçəkləşəcəyinə inanırıq. Bütöv Azərbaycan dedikdə biz onu ancaq Yalamadan Qazaxa, yaxud da Qazaxdan Astaraya qədər deyil, Dərbənddən Kəngər körfəzinə qədər böyük bir tarixi Azərbaycan dövlətçiliyi nəzərdə tuturuq və bir gün də onu gerçəkləşdirəcəyik. Təbii ki, o gün də uzaqda deyil.
Əlbəttə, düşmənlərimiz bu ideyanın gerçəkləşməməsi üçün həm xaricdən, həm içimizdən buna qarşı işlər görürlər, təbliğatlar aparırlar. Ancaq onların arzuları heç bir şəkildə gerçəkləşməyəcək. Bizim üçün gerçəkləşəcək bircə ideya var, o da bütöv Azərbaycan ideyasıdır və o bütöv Azərbaycan ideyasının gerçəkləşməsi də çox yaxındır.
Eyni zamanda ümid edirəm ki, həmən Qarabağ Azadlıq Təşkilatının əsasında partiya yaratdığını elan edən Akif Nağının ətrafında olan bir çox insanlar da bu fikirlə razı deyillər. Yəni, onun bütöv Azərbaycan ideyasını bu şəkildə təqdim etməsi, eyni zamanda, "böyük Ermənistan" ilə eyniləşdirməsini həmin təşkilat daxilində də kifayət qədər etiraz edənlərin olduğuna inanıram. Hər halda mən onlardan bəzilərini tanıyıram və qətiyyən inana bilmirəm ki, onlar Akif Nağının bu fikri ilə həmrəydirlər. Yəni, Bütöv Azərbaycan ideyası tamam başqa bir məsələdir. O tarixən gerçək olmuş bir məsələdir və bu gün də, yarın da o gerçəkləşəcəkdir. Ancaq bunu heç vaxt olmayan "böyük Ermənistan" ilə uğursuz bir şəkildə müqayisə etmək və bu zaman da daha çox İranın mövqeyindən çıxış etmək və İranın mövqeyini müdafiə etmək qətiyyən qəbuledilməzdir. Yenə deyirəm, mən zərrə qədər şübhə etmirəm ki, Akif Nağını bu məsələdə onun yanındakı bir neçə nəfər dəstəkləyə bilər. Hətta öz təşkilatı daxilində də düşünürəm ki, onun fikri ilə razılaşmayanlat kifayət qədərdir və öz səslərini ucaldacaqlar. Yəni, Azərbaycanı ancaq Azərbaycan Respublikasından ibarət görmək nə tarixi, nə siyasi həqiqətə, nə gerçəkliyə sığışmır. Azərbaycan təkcə Bakı, Gəncə, Şəki deyil, Azərbaycan Təbriz, Urmiyadır.
Demək istədiyimiz odur ki, nə olursa olsun, bütöv Azərbaycan ideyasına qarşı fikir irəli sürənlər uğursuzluğa düçar olacaqlar".
Röyalə Xəyal