Azərbaycan möhtəşəm uğurlara imza atır
2 Sentyabr 2022 10:45 SiyasətBu bir danılmaz faktdır ki, müasir, müstəqil Azərbaycan Respublikasının günümüzdə uğurlar əldə etməsində, dünyanın aparıcı, qabaqcıl ölkələrindən birinə çevrilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri danılmazdır, əvəzsizdir. İstər sovetlərin zamanında ölkəyə rəhbərlik etdiyi illərdə, istər Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olduğu dövrlərdə, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi zaman kəsiyində Heydər Əliyev ümumilikdə Azərbaycanın inkişafı, güclənməsi istiqamətində çalışıb, əmək sərf edib.
Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafına töhfəsi, bu prosesdə yaxından iştirakı Naxçıvan Muxtar Respublikasından başlayıb. Onun Muxtar Respublikanın Ali Məclisinin sədri kimi fəaliyyəti haqlı olaraq ümummilli liderin siyasi fəaliyyətinin mühüm istiqaməti kimi xarakterizə edilir.
Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev ümummilli liderin siyasi fəaliyyətinin Naxçıvan dövrünə nəzər salaraq bildirib ki, müasir, müstəqil Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı, dövləti və tarixi qarşısında misilsiz xidmətləri var. Azərbaycanı hər şeydən çox sevən dahi şəxsiyyət müasir ölkəmizin sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində sözün həqiqi mənasında böyük işlər görüb və buna görə də Ulu Öndərin siyasi irsinin öyrənilməsi hansısa konkret zaman çərçivəsi ilə məhdudlaşdırıla bilməz: "Həqiqətən də XX əsrin mürəkkəb geosiyasi prosesləri fonunda ölkəmizin öz müstəqilliyini qoruyub saxlaması, cəmiyyətin ən müxtəlif təbəqələrinin mənafelərini ifadə edən dövlət idarəetmə sisteminin yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun qurduğu müstəqil Azərbaycan dövləti dünyanın ən qüdrətli ölkələrinin strateji müttəfiqi kimi regionda cərəyan edən proseslərin mərkəzində dayanır. Ümummilli Lider Heydər Əliyev böyük siyasətdə qarşıya qoyduğu hədəflərə doğru irəliləyərkən təkcə daxili inamına, güclü intellektinə, parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan alıb. Çünki xalq öz liderini sevirdi və sadəcə qurtuluşu, xilası Ulu Öndərin ölkəmiz naminə olan fəaliyyətində görürdü. Hər bir azərbaycanlı yaxşı bilir ki, dahi Heydər Əliyevin həm sovet dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan titanik işlər görülüb".
Rafiq Əliyev diqqətə çatdırıb ki, partiyanın qurucusu, ulu öndər Heydər Əliyevin 1991-ci ilin 3 sentyabr tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın dövlətçilik tarixinin ən önəmli səhifələrindən biridir: "Ümummilli Lider Heydər Əliyev iki ilə yaxın müddətdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana rəhbərlik edib. Dahi şəxsiyyət yenə də öz layiqli missiyası ilə ölkəmizin bu qədim diyarını xaricdəki mənfur havadarlarına arxalanan qəsbkar ermənilərin işğal etməsinə imkan verməmiş, onun müdafiə qüdrətini möhkəmləndirmiş, hərtərəfli inkişafı üçün lazımi tədbirlər görüb. Bütün bu proseslərin nəticəsi idi ki, Azərbaycan xalqı ən ağır günündə dahi Heydər Əliyevi Bakıya dəvət etdi və daha sonra xalqın iradəsi ilə Ulu Öndər 1993-cü il ilin 3 oktyabr tarixində Prezident seçildi. 1993-2003-cü illərdə ölkədə olan yüksək səviyyəli inkişaf, xalqın rifah halının yaxşılaşması, sosial-iqtisadi artım, beynəlxalq aləmdə artan nüfuz bir daha onu göstərdi ki, Azərbaycan xalqı öz Liderinin seçimində düzgün qərar verib. Məhz həmin zamanlarda olduğu kimi Ulu Öndər siyasəti bugün də yaşayır Prezident, Partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər il daha da güclənərək, möhtəşəm uğurlara imza atır. Xüsusilə qeyd etmək lazımdır ki, Vətən müharibəsində qazanılan böyük Qələbə və ümumilikdə ölkəmizin bütün parametrlər üzrə tərəqqi yolunda olması dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik siyasətin bənzərsiz olduğuna ən bariz nümunədir!".
Süleyman