Müharibə dövründə itkin düşən şəxslərin böyük bir qismini hərbçilər deyil, sivil vətəndaşlar təşkil edir

"Məlum olduğu kimi, Sovet İttifaqının süqutu ərəfəsində Ermənistanın Azərbaycana qarşı başlayan hərbi təcavüzü, Azərbaycan ərazilərinin işğal edilməsi, Azərbaycanın Qarabağ və şərqi Zəngəzur bölgələrində baş verən müharibə nəticəsində xeyli sayda Azərbaycan vətəndaşı itkin düşmüşdür".
Bu sözləri Olaylar.az-a açıqlamasında AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə deyib.
"Aparılan statistik təhlillər göstərir ki, Birinci Qarabağ Müharibəsi adlandırılan, 1990-cı illərdə baş verən müharibə dövründə 3890 nəfər Azərbaycan Respublikasının vətəndaşı itkin düşmüşdür. Sonrakı dövrlərdə aparılan iş nəticəsində bunlardan 1480 nəfəri azad edilmişdir. Lakin geridə qalan digər böyük sayda insanlar haqqında məlumatlar yoxdur.
Bir çox hallarda müharibə dövründə, müharibədən sonrakı dövrdə onların Ermənistan tərəfindən kütləvi şəkildə məhv edildiyi və yaxud da, çalışmaq üçün normal şəraitin olmadığı, ağır şərtlər altında müxtəlif mədənlərdə təhqir edilərək, müxtəlif təzyiqlərə məruz qalaraq işlədildiyi və bunun da nəticəsində o insanların bir çoxunun həyatını itirməsinə dair məlumatlar müxtəlif dövrlərdə mətbuatda, informasiya vasitələrində, mənbələrdə yer almışdır.
Çox təəssüf ki, Vətən Müharibəsi dövründə də müəyyən sayda, çox cüzi bir say olsa da, Azərbaycan vətəndaşlarının itkin düşməsinə dair rəsmi dövlət orqanlarının müəyyən məlumatları vardır. Əvvəlki dövrdə itkin düşmüş xeyli sayda insanlar sonradan azad edilmiş, onların Azərbaycana qaytarılması təmin edilmişdir. Amma hələ də 6 şəxs rəsmi mənbələrin açıqladıqları məlumata görə itkin düşmüş sayılır.
Ümumilikdə diqqət yetirsək, bu itkin düşən şəxslərin böyük bir qismini, xüsusən, birinci müharibə dövründə itkin düşən şəxslərin böyük bir qismini hərbçilər deyil, sivil vətəndaşlar təşkil edirlər. Bu da Ermənistanın müharibə dövrü cinayətlərindən biri hesab edilə bilər.
Digər istiqamətlərdə Ermənistana qarşı müxtəlif dövrlərdə hüquqi addımlar atıldığı kimi, eyni zamanda, Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə burada fəaliyyət göstərən terrorçular tərəfindən Azərbaycana qarşı cinayətlər törədilmişdir. Təbii ki, bu cinayətlərin qarşısının alınması, cinayətkarların cəzalandırılması istiqamətində mümkün olan bütün hüquqi mexanizmlərdən istifadə etmək zəruridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31