Brüssel görüşündən gözləntilər-Azərbaycanın üstünlükləri nədən ibarətdir?

Avropa İttifaqının dəstəyi və qurumun prezidenti Şarl Mişelin iştirakı ilə 31 avqustda Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə  Ermənistan baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş dünyanın diqqət mərkəsindədir. Çünki görüşdə müzakirə olunacaq məsələlər, əldə olunacaq razılaşmalar regionda sülh və təhlükəsizliyin təminatında mühüm rol oynaya bilər. Lakin buna baxmayaraq liderlərin üçtərəfli görüşündə müzakirəyə çıxarıla biləcək məslələr hələ ki, ehtillara söykənir. Yeri gəlmişkən xatırladaq ki,  Avropa İttifaqı, Azərbaycan və Ermənistan liderlərinin cari il aprelin 6-da ikinci üçtərəfli görüşü baş tutub. Həmin görüşün yekunları ilə bağlı Bəyanatından aydın oldu ki, artıq bir sıra məsələlər üzrə konkret razılaşmalar əldə olunub. Bunlardan birincisi Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlıdır. Belə ki, Birgə Sərhəd Komissiyasının təşkil edilməsinin razılaşdırıldığı qeyd edilib. Birgə Sərhəd Komissiyasının mandatına Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin etməli idi. Siyasi ekspertlər sözgedən razılaşmanın regionda gərginliyin azalmasına hesablandığını qeyd etməklə yanaşı, münaqişə tərəfi olan iki dövlətin sərhədlərinin də müşəyyən edilməsində mühüm addım hesab edirlər. Onu da qeyd edək ki,  delimitasiya və demarkasiya prosesinə başlanması təşəbbüsü ilə Azərbaycan 44 günlük Vətən müharibəsindən dərhal sonra çıxış edib. Çox təssüflər olsun ki, delimitasiya və demarkasiya ilə bağlı razılaşma əldə olunsa da İrəvanın qeyri-konstruktivliyi səbəbindən hələ də proses başa çatmayıb.

Digər vacib məsələ iki ölkə arasında sülh müqaviləsi üzərində işə başlanması ilə bağlıdır. Şarl Mişel Brüssel görüşündən sonra verdiyi bəyanatında həm Prezident İlham Əliyevin, həm də Baş nazir Nikol Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək istəyini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri əhatə edən gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırığının verilməsi qərara alınıb. Lakin, proses elə istək olaraq qalıb, Ermənistandakı revanşist qüvvələr bütün vasitələrdən istifadə edərək sülh müqaviləsini əngəlləməyə çalışırlar. Daha doğrusu,  Azərbaycan tərəfinin təqdim etdiyi 5 maddədən ibarət təklifi özləri üçün qəbuledilməz hesab edirlər. Əslində isə Azərbaycanın təşəbbüsü beynəlqalq hüquq normalarına əsaslanır.

Bundan başqa iqtisadi, humanitar, kommunikasiya məsələləri var ki, hələ də öz həllini gözləyir. Əslində ikitərfli görüşlərdə sadalanan məsələr barədə razılığa gəlmək daha münasib olardı, lakin revanşist qüvvələrin Ermənistan hakimiyyətinə təzyiqi bunu mümkünsüz edir. Qeyd edək ki, Laçın rayonu, Zabux və Sus kəndləri Azərbaycan tərəfinə təhvil verildikdən sonra regionun coğrafi balansında dəyişiklik müşahidə olunur.  Belə ki, Laçın şəhərinin azad edilməsi ilə "Laçın dəhlizi" də qüvvədən düşür.  Hələ I Qarabağ müharibəsinin getdiyi vaxt qurulan danışıqlar masasında ermənilərin istəyi ilə gündəmə gələn bu məsələ "Madrid prinsipləri" də daxil olmaqla müxtəlif həll planlarına salınıb. Dəhlizin marşrutunun dəyişməsi "Laçın dəhlizi"nin gündəmdən çıxması ilə yanaşı, Bakının manevr imkanlarını da artırır. 10 noyabr razılaşmasında "Laçın dəhlizi"ndən bəhs olunur, yeni yol isə Laçının kənarından keçir. Bakı 10 noyabr razılaşmasına istinadən "dəhliz" detalının yeni yola aid olmadığı məntiqini irəli sürə bilər. Razılaşmanın 6-cı bəndində qeyd olunur ki, "Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir". Ehtimal olunur ki, Brüssel görüşündə sadalanan məsələlər ətrafında ciddi müzakirələr aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31