Uğursuz diplomatik gediş-Fransa və ABŞ səfirlərinin “status” xülyası

Avqustun 27-də Şuşada Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, minalardan təmizlənməsi, münaqişədən sonrakı dövrdə şəhərsalma potensialından istifadə və beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans keçirilib. Konfransda Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksək vəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə iştirak etsə də, ABŞ və Fransa diplomatları iştirakdan imtina edib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev konfransda çıxışı zamanı ABŞ və Fransa səfirlərinin Şuşada keçirilən beynəlxalq konfransda iştirak etməməsinə münasibət bildirib. "Dəfələrlə dəvət olunmalarına baxmayaraq, ABŞ və Fransa səfirləri Şuşaya səfər etməkdən imtina edirlər. Bu, onların Azərbaycanın ərazi bütövlüyünü tanımaması kimi qiymətləndirilməlidir", - deyə H.Hacıyev qeyd edib. ABŞ-ın Azərbaycandakı səfirliyinin Hikmət Hacıyevin açıqlamasına cavabı isə qeyd edilib ki, "Amerika Birləşmiş Ştatları səfirliyinin əməkdaşları Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla, Azərbaycanın bütün bölgələrinə geniş şəkildə səfərlər ediblər və etməkdə davam edirlər. Səfirliyin əməkdaşları təhlükəsizlik, səhiyyə, enerji və iqtisadi inkişaf kimi mühüm məsələlərdə Azərbaycanla əlaqə qurmaq üçün ölkənin bütün bölgələrinə səfərlər edir", - kimi olub. Bu fikirlərdə də Şuşada keçirilən konfransdan niyə imtina edildiyi açıqlanmır.

Bu halda ortaya belə bir sual çıxır ki, Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həllinə nail olmaq məqsədilə yaradılmış, ABŞ və Fransanın təmsil olunduğu Minsk qrupu  27 il ərzində nə dərəcədə ədalətli mövqe nümayiş etdirib? Əgər ötən müddət ərzində vasitəçilik missiyasını yerinə yetirə bilməyən Minsk qrupunun əvəzinə Azərbaycan öz torpaqlarını işğaldan azad edibsə, nədən mandat sahibləri açıq-aşkar Azərbaycan hökumətinə qarşı etinazsılıq göstərirlər. Heç təsadüfi deyil ki, Azərbaycan tərəfi bu dövlətlərin mövqeyini ölkəmizin ərazi bütövlüyünə  qarşı hörmətsizlik kimi qəbul edir. Bunun başqa adı ola da bilməz. Nəzərə almaq lazımdır ABŞ və Fransanın ölkəmizə qarşı sayğısızlıq nümayiş etdirməsi birinci hadisə deyil. Əvvəllərdə belə etinasızlıq halları olub, lakin məsələ diplomatik yolla həllini tapıb. Əslində bu dövlətlər Şuşa səfərindən imtina etməklə Rusiyaya mesaj ötürmək istəyirlər ki, Minsk qrupu olmayan yerdə Ermənistan-Azərbaycan münaqişəsi bütövlükdə həllini tapa bilməz. Təsadüfi deyil ki, bu arada ABŞ Minsk qrupuna yeni həmsədr təyin edib. Məlum olduğu kimi Rusiya-Ukrayna müharibəsindən sonra Minsk qrupunun fəaliyyəti mümkünsüz olub və Cənubi Qafqazdakı proseslərdə lokomativ rolunu Rusiya öz üzərinə götürüb. Bu ölkələrin Rusiyaya qarşı qısqanclığı ABŞ səfirinin açıqlamasında da açıq-aşkar sezilir: Səfirliyin sözçüsü Amerikanın Səsinin sorğusuna cavabda aşağıdakıları bildirib: "ABŞ inanır ki, davamlı dialoq, davamlı əlaqə vasitəsilə, o cümlədən yüksək səviyyələrdə, biz uzunmüddətli və hərtərəfli sülhə kömək etmək üçün mümkün olan hər şeyi edə bilərik. Daha əvvəl dediyimiz kimi, Azərbaycanın müstəqilliyi və suverenliyinin ABŞ-dan böyük dəstəkçisi yoxdur".

Birmənalı olaraq ermənipərəst mövqeyi ilə tanınan ABŞ və Fransanın regiondakı maraqları həm də enerji siyasəti ilə bağlıdır. Heç şübhəsiz ki, bu ölkələr Azərbaycanın enerji resurslarından maksimum yararlanmağa çalışırlar. Məhz bu səbədən "gah nala, gah mıxa vuraraq" münaqişənin davam etməsində katalizator rolunu oynayırlar. Reallıqda isə Fransa və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə heç bir töhfə verməyiblər. Regiona "turist səfəri" edərək münaqişənin uzanmasında əsas rol oynayıblar. İndi isə Azərbaycanın hərbi-siyasi qələbəsini həzm edə bilmədiklərindən min cür oyundan çıxırlar. Onu da nəzərə almalıyıq ki, bu addım Fransa və ABŞ səfirlərinin öz qərarları deyil, hökumətləri tərəfindən gələn göstərişdir. Bu isə həmin ölkələrin Azərbaycana qarşı mövqeyini ortaya qoymuş olur. Belə məlum olur ki, bu ölkələr Azərbaycanın ərazi bütövlüyünüə şübhə ilə yanaşır və işğaldan azad edilmiş ərazilərin bizə aid olmadığını düşünürlər. Əslində belə düşüncə regionda separatizmin dəstəklənməsi və yenidən cücərməsinə səbəb ola bilər. Hər vəchlə Misk qrupunu  dirçəltçəyə çalışan ABŞ və Fransa ermənilərin səsinə səs verərək status məsələsini qabartmaq niyyəti güdürlər. Başqa sözlə, iki dövlətin səfirinin özlərini Şuşaya gedən 160 diplomatdan kənarda görməsinin səbəbi Qarabağın qondarma "statusu" və ölmüş Minsk qrupuna hələ də ümid etmələridir. Burada isə erməni doasporasının barmağı açıq-aydın görünür. Lakin onlar anlamalıdırlar ki, artıq qatar gedib, Azərbaycan tərəfi Qarabağda yaşayacaq ermənilərin statusuna çoxdan aydınlıq gətirib. Belə ki, Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində söyləyib ki, Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar: "Başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil. Yəni, biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərindən tərkib hissəsidir". Dövlətimizin başçısının sözlərinə görə, əgər Qarabağda kimsə yenə də hansısa populizm naminə, yaxud da kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir: "Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Yol ancaq budur".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31