Şuşadan xarici diplomatlar vasitəsilə beynəlxalq aləmə verilən mesajlar

Bu bir daha Azərbaycanın sülhsevər, humanist simasını göstərirdi
 
Görünən odur ki, bəzi dünya ölkələri, xüsusilə qlobal miqyasda sülh və təhlükəsizlik tərəfdarı olduğu görüntüsü yaradan ölkələr hələ də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi reallığı ilə barışmaq istəmir, regionda 30 ilə yaxın yaşı olan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasından yana deyil. Əks təqdirdə münaqişənin başa çatdığı iki ilə yaxın müddətdə həmin dövlətlər başqa bir mövqe ortaya qoyar, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini dəstəkləyən fikirlər ifadə edərdilər. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, münaqişənin həllini istəməyən, bu reallığı qəbul etməyə çətinlik çəkən ölkələr elə həmin münaqişənin həlli missiyasını öz üzərində götürən ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir. Xüsusillə Birləşmiş Ştatlar və Fransa.
Ötən iki ilə yaxın müddətdə yenidən mənasız və heç bir perspektivi olmayan Minsk qrupunu bərpa etməyə çalışan Amerika-Fransa ikilisi əslində bununla yenidən regionda münaqişəni alovlandırmağa, bölgəyə sülh və sabitliyin gəlməsinə mane olmağa çalışırlar. Elə bu günlərdə Azərbaycan Hökumətinin təşkilatçılığı ilə ölkəmizdə akkreditə olunmuş xarici ölkə səfirlərinin Şuşada keçirilən konfransına artıq arxivə keçmiş həmsədr ölkələrin səfirlərinin qatılmaması da belə deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, artıq ikinci dəfədir ki, sözügedən ölkələrin səfirləri Azərbaycan Hökumətinin dəvətini qəbul etmirlər.
Ancaq ekspertlər hesab edirlər ki, bəzi dövlətlərin, xüsusilə həmsədr ölkələrin bütün cəhdlər və maneələrinə baxmayaraq Azərbaycan dövləti öz ərazi bütövlüyünü tamamilə bərpa edir, işğaldan azad etdiyi ərazilərdə quruculuq-abadlıq işlərini sürətlə həyata keçirir. Azad olunan ərazilərdə həyata keçirilən abadlıq işləri də birbaşa beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verir. Yəni, Azərbaycan Hökuməti müntəzəm olaraq ölkəmizdə akkreditə olunmuş ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatların nümayəndələrinin bu ərazilərə səfərlərini təşkil edərək onlara görülən işlərlə bağlı ətraflı məlumat verir. Əslində bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə Şuşaya baş tutan daha bir səfər də məhz bu məqsədə xidmət edirdi. Elə hərbi ekspert Ədalət Verdiyev də bu qənaətdədir. Hərbi ekspert onu da vurğulayıb ki, səfər zamanı təşkil edilən konfransda Hikmət Hacıyevin çıxışı zamanl səsləndirdiyi fikirlər də xarici diplomatlar üçün kifayət qədər maraqlı idi və bu həm də Azərbaycanın nə dərəcədə humanist bir ölkə olduğunun da təsdiqi sayıla bilərdi: "Avqustun 27-də Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə və şəhərsalma potensialının istifadə edilməsi və ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfransda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyevin səsləndirdiyi "İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri Xankəndinin azad edilməsinə çox yaxın olub. Amma bunun həm də ordu ilə mülki şəxslər arasında qarşıdurma olacağını başa düşən ölkə rəhbərliyi bunu etməmək qərarına gəlib" bəyanatı Qarabağ münaqişəsinin bir çox detallarını və mürəkkəbliyini anlamayan, bu müharibədə iştirak etməyən, lakin özünü sahənin "mütəxəssisi" kimi qələmə verməyə çalışan az sayda  şəxslır tərəfindən düzgün dəyərləndirilmir.  Çünki, birincisi, Hikmət Hacıyevin fikirləri diplomatik auditoriyaya yönəlmişdi. 160-a yaxın diplomatın qarşısında çıxış edirdi və Azərbaycanın sülhsevər, humanist simasını göstərirdi.
İkincisi, məlumdur ki, Azərbaycan Ordusu necə şücaət, qəhrəmanlıq nümayiş etdirdi. Amma bir hərbi ekspert kimi deyə bilərəm k, Şuşa əməliyyatı təkcə peşəkarlıq, bacarıq, şücaət deyil, həm də ordumuzun çox böyük güc sərf etməsi hesabına uğurla tamamlandı. Şəxsi heyət də artıq yorulmuşdu və Xankəndi istiqamətində həmlələr bir o qədər də asan başa gələ biləcək məsələ deyildi.  Üçüncüsü, beynəlxalq aləmin reaksiyasını unutmayaq. ABŞ və Fransa səfirliklərinin indiyə kimi öz nümayındələrini Şuşaya göndərməkdən imtina etməsi onu deməyə əsas verir ki, Şuşanın qaytarılması heç də onların ssenarisinə uyğun gəlməyib. ATƏT-in Minsk qrupunu reanimasiya etmək cəhdləri də göstərir ki, onlar hələ problemi bitmiş hesab etmirlər. Bəs Azərbaycan ordusu Xankəndinə girsəydi nə ola bilərdi? Rusiya faktorunu da unutmayaq, ruslarla üz-üzə gəlmək təhlükəsi də böyük idi".
Ədalət Verdiyev deyib ki, İnformasiya Müharibəsinin ən aktiv şəxsləri sırasında yer alan H.Hacıyev səviyyəsini müzakirə edənlər bir az diqqətli olsunlar, özlərini olduqları ölçüdə görsünlər: "Qarabağ və Zəngəzur məsələsində dövlətimizin yanında olmaq istəmirlərsə, heç olmasa məsələnin mahiyyətini bilən və buna uyğun danışan, hərəkət edənlərə  mane olmasınlar. Milli məsələlərdə bölünən xalqlar sonradan daim peşman olur".
Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31