ABŞ səfirliyinin açıqlaması – mətndən çıxan nəticələr

ABŞ-ın Azərbaycandakı səfirliyi Hikmət Hacıyevin ABŞ səfirliyinin Azərbaycan hökumətinin Şuşaya getməklə bağlı dəvətinə etinasızlıq göstərməsi barədə açıqlamasına cavab verib. Səfirlik açıqlamsında qeyd edir, "Amerika Birləşmiş Ştatları səfirliyinin əməkdaşları Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla, Azərbaycanın bütün bölgələrinə geniş şəkildə səfərlər ediblər və etməkdə davam edirlər. Səfirliyin əməkdaşları təhlükəsizlik, səhiyyə, enerji və iqtisadi inkişaf kimi mühüm məsələlərdə Azərbaycanla əlaqə qurmaq üçün ölkənin bütün bölgələrinə səfərlər edir". Politoloq Turan Rzayev "Olaylar"a bildirib ki, göründüyü kimi, söhbət Şuşa səfərindən imtinadan getdiyi halda səfirlik cavabında işğaldan azad olunmuş digər bölgələrdən bəhs edir. ABŞ səfirliyi "Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla Azərbaycanın bütün bölgələrinə səfərlər edib" deyərərək əslində növbəti dəfə və daha açıq formada Azərbaycanın ərazi bütövlüyünü sual altında qoyur: "Səfirliyin verdiyi bu açıqlamadan üç nəticəyə gəlmək olar: Birincisi, ABŞ əslində Şuşa, Hadrud və digər ərazilərin Azərbaycanın "bütün ərazilərinə" aid olmadığını düşünür və bunu dolayı yolla bu cür ifadə edir. İkincisi, ABŞ səfirliyi Şuşaya getməkdən imtina edərək erməni separatizmini stimullaşdırmağa çalışır. Təsadüfi deyil ki, diplomatlarının Şuşaya getməkdən imtina etməsindən sonra erməni separatçılarının təmsilçiləri ard-arda ABŞ və Fransanın Azərbaycandakı səfirlərinin ünvanına təriflər yağdırırlar. Üçüncüsü, ABŞ və Fransa diplomatları işğaldan azad edilmiş ərazilərə səfər etməyərək vəziyyət stabilləşəndən sonra status barədə danışıqlar aparmaq niyyətində olduqları mesajını verirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31