Deputatdan təklif: Pakistan xalqına dəstək üçün bank hesabı açılsın
29 Avqust 2022 11:29 Siyasət"Qardaş ölkə Pakistan dəhşətli sel fəlakətinə məruz qalıb. 1000-dən artıq insan həlak olub, 33 milyondan artıq insan isə, sel təhlükələrini yaşamaqdadır. Dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, Pakistan xalqına baş sağlığı verirəm. Baş nazir Şərif beynəlxalq birliyə yardım üçün müraciət edib. Azərbaycan xalqı, hər zaman yardıma ehtiyacı olanların, məzlumların yanında olub. Prezident İlham Əliyevin Pandemiya ilə, qonşu, dost ölkələrdə baş vermiş texnogen hadisələrlə bağlı mübarizədə, Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirdiyi humanitar layihələr, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi "Heydər Əliyev" fondunun sosial layihələri beynəlxalq birlik tərəfindən yüksək səviyyədə qiymətləndirilib, ölkəmizə çoxsaylı dostlar qazandırıb".
"OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Nəsib Məhəməliyev qeyd edib ki, bu gün Pakistan xalqı çətin durumdadır:
"Düşünürəm ki, bizlər xalq olaraq onların yanında olmalı, dəstəyimizi göstərməliyik. 44 günlük haqqlı davamızın hər günü Pakistan Baş naziri, Azərbaycanın yaxın dostu İmran Xanın, Pakistan xalqının dəstəyini gördük".
Millət vəkili bildirib ki, ölkəmizin yerləşdiyi mürəkkəb coğrafiyanın təhlükəsizlik sistemini təhlil etdikdə, Pakistan kimi dövlətin yanımızda olması son dərəcə əhəmiyyətlidir: "Ələlxüsus, son zamanlar cənub qonşumuzun ölkəmizə yönəlik düşmənçiliyinin açıq müstəviyə keçməsi fonunda, Pakistanın ciddi neytrallaşdırıcı faktorlardan biridir. Təklif edirəm ki, Pakistanda sel-sularından əziyyət çəkən insanlara yardım məqsədilə xüsusi bank hesabları açılsın. Az-çox fərq etməz, kimin nəyə gücü çatırsa, vətəndaşlarımız bu aksiyaya qoşulsun. Əsas odur ki, qardaş xalqlar bilməlidirlər ki, onlar tək deyil. Kütləvi informasiya vasitələrindən, Qeyri hökumət təşkilatlarından rica edirəm ki, daha çox insanın məlumatlanması üçün informasiya dəstəyi göstərsinlər".