ABŞ-ın mənasız Minsk Qrupu israrı

2020-ci il, sentyabr ayının 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi regionda çox şeyi dəyişdi və yeni reallıqlar yaratdı. Bu reallıqlardan ən əsası o idi ki, 30 ilə yaxın yaşı olan Qarabağ münaqişəsi arxivə atıldı, rəsmi Bakının iradəsi, gücü və dəmir yumuruğu ilə həllini tapdı, bu münaqişənin həlli missiyasını öz üzərinə götürən, lakin ötən illər ərzində yalnız imitasiya ilə məşğul olub, işğal faktını Azərbaycan cəmiyyətinə həzm etdirməyə çalışan beynəlxalq təşkilatların fəaliyyətinin heç nəyə yaramadığını sübuta yetirdi. Bu sırada təbii ki, ATƏT-in Minsk qrupunu xüsusi qeyd etmək yerinə düşər. Hər kəsə bəllidir ki, fəaliyyət göstərdiyi ötən illər ərzində sözügedən qrup artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir iş görməyib, zərrə qədər də olsa irəli doğru addım ata bilməyib. Bu illər ərzində yalnız turist səfərlər təşkil etmək və boş söz yığınından ibarət bəyanatlar səsləndirməklə işlərini bitmiş hesab ediblər. Elə buna görə də hələ Vətən müharibəsi başlamadan çox-çox əvvəlki illərdən ATƏT-in Minsk Qrupunun mənasız bir qurum olduğu, onun buraxılmasının zəruriliyi Azərbaycan cəmiyyəti tərəfindən səsləndirilirdi. 44 günlük Vətən müharibəsi isə bu prosesin daha da sürətlənməsinə zəmin yaratdı və rəsmi Bakı haqlı olaraq artıq sözügedən quruma ehtiyac olmadığınıə ən yüksək səviyyədə səsləndirdi. Bunu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də müharibə başa çatdıqdan sonra yenidən regiona üz tutan həmsdrlərin üzünə açıq şəkildə dedi.

Artıq  Azərbaycanla yanaşı, Ermənistan tərəfi də bu reallıqla barışıb ki, ATƏT-in Minsk qrupu tarixin arxivinə atıldı və onu dirçəltməyə, süni can verməyə heç bir lüzum yoxdur. Lakin təəssüflər olsun ki, bəzi vasitəçi dövlətlər hələ də bu mənasız oyunla məşğul olur, Minsk qrupunu həyata qaytarmağa çalışırlar. Əgər 44 günlıük Vətən müharibəsi başa çatdıqdan sonra bu istiqamətdə rəsmi Paris və prezident Emmanuel Makron canfəşanlıq göstərib ATƏT-in Minsk Qrupunun fəaliyyətini canlandırmağa çalışırdısa, indi eyni havanı Vaşinqton çalır. Bir müddət əvvəl Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin bu istiqamətdəki açıqlaması, ötən gün isə Blinkenin Qafqaz danışıqları üzrə yeni baş məsləhətçi təyin etməsi Vaşinqtonun Minsk Qrupu oyunundan xəbər verir. Qeyd etmək yerinə düşər ki, ABŞ dövlət katibinin Qafqaz danışıqları üzrə baş məsləhətçisi eyni zamanda ATƏT-in Minsk qrupundakı amerikalı həmsədr hesab olunur.

Birləşmiş Ştatların yenidən ATƏT-in Minsk qrupunu fəallaşdırmaq cəhdlərinə toxunan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, bu proses Vaşinqton-Bakı münasibətlərində gərginlik yarada bilər: "Rəsmi Bakı İkinci Qarabağ müharibəsindən sonra haqlı olaraq Minsk Qrupunun "xidmətlərindən" imtina edib, Ukraynada apardığı işğalçı müharibə fonunda üzləşdiyi sanksiyalar səbəbindən Kreml də ABŞ-la birgə həmsədrlik institutundan vaz keçib, hətta ermənilərə simptasiya olan Paris mövcud şərtlər altında Minsk Qrupunun əhəmiyyətsiz olduğunu anlayıb, bircə üçüncü "həmsədr - Vaşinqton tutduğunu buraxmır.  ABŞ dövlət katibi Entoni Blinken Filip Rikeri Qafqaz danışıqları üzrə baş məsləhətçi və Minsk qrupunun həmsədri təyin edib. Rikerin səlahiyyətinin birinci hisssəsi normaldır, Azərbaycanla Ermənistan arasında istənilən vasitəçiliyin əleyhinə deyilik, ancaq "Minsk qrupu həmsədri" ifadəsi işləri korlayır. Yoxdur daha bu qrup, bu bir tək bizim istəyimizlə bağlı deyil, Rusiya ABŞ-la bir masada oturmaq istəmir. Bu yaxınlarda görüşdüyüm amerikalı diplomata "Vaşinqton nədən Minsk qrupundan imtina etmir?" sualını verdim və ona izah etməyə çalışdım ki, bu israrçılıq həm Azərbaycan-ABŞ münasibətlərinə lazımsız gərginlik yarada bilər, həm də Rusiyanın bölgədə möhkəmlənməsinə şərait yaradar ki, bu Vaşinqtonun maraqlarına uyğun olmamalıdır. Amerikalı diplomatın cavabı belə oldu ki, Kreml "Minsk qrupuna yox" dediyinə görə Vaşinqton bunun tərsini "Minsk qrupu davam etməlidir" demək məcburiyyətində qalıb. Yenə də izah etməyə çalışdım ki, Azərbaycan ABŞ-ın Cənubi Qafqazda fəallığının əleyhinə deyil, bunun üçün Minsk qrupu xaricində kifayət qədər alət var, onlardan istifadə etmək lazımdır".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31