Azərbaycan bütün torpaqları üzərində suverenliyini tam bərpa edəcək

Laçın və Zabux Azərbaycana təhvil verilir

29 il erməni qəsbkarlarının işğalı altında qalan Laçın rayonu və Zabux kəndinin Azərbaycana təhvil verilməsi prosesi həyata keçirilir. Məlumatlara görə, Laçın şəhəri və Zabuxda avqustun 20-dən sonra elektrik enerjisinin verilməsi dayandırılıb. Artıq  Zabuxda qalan sonuncu ermənilər də  kəndi tərk edib. Həmçinin Rusiya sülhməramlılarının Laçın dəhlizindəki postları sökülür. Gözləntilərə görə, 25 avqustdan sülhməramlılar yeni yola keçməli, Laçın şəhəri, Zabux kəndi və artıq keçmiş sayılacaq dəhliz üzərindəki ərazilər Azərbaycana təhvil verilməlidir. Bu arada "Dəmir yumruq" abidəsinin Laçın şəhərinə aparıldığına dair görüntülər yayılıb. Prosesin tam başa çatması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması məqsədilə Azərbaycan tərəfi yeni yola "dəhliz statusu"nun verilməsi məsələsindən öncə razılaşmanın 4-cü bəndinin-erməni qoşunların Qarabağdan çıxarılmasının icra edilməsini, həmçinin, separatçıların qondarma "müdafiə ordusu"nun tamamilə ləğv edilməsini tələb edir. Bildirilir ki, yalnız bu tələblər yerinə yetirildiyi təqdirdə yeni yolun "dəhliz statusu" müzakirə edilə bilər.

Məsələ orasındadır ki, ermənilər Laçını sivil qaydada tərk etmir, öz milli xislətlərindən əl çəkməyərək Kəlbəcərdə olduğu kimi evlərə, meşələrə od vurub yandırır. Yeri gəlmişkən qeyd edək ki, ermənilər tərəfindən törədilən ekoloji terrorun qarşısını almaq məqsədilə yanğınsöndürənlərimiz Laçına göndərilib. Hesab olunur ki, sülhməramlılar erməni təxribatının qarşısını ala bilmirsə, yaxud almaq istəmirsə, prosesə Bakı müdaxilə etməlidir. Evlər və meşələrin yandırılması ermənilərin bölgəni sakit tərk etmək niyyətində olmadığını təsdiqləyir. Heç kim zəmanət verə bilməz ki, kompensasiya almaq üçün yandırılmayan evlərə "sürpriz mina"lar qoyulmayacaq. Eyni zamanda, erməni terrorçularının Laçında minalar basdırdığı faktı şəhəri tərk etmələri üçün verilən vaxtın Kəlbəcərdə və digər ərazilərdə olduğu kimi əleyhimizə işlədiyini təsdiq edir. Badırılmış minaların piyada əleyhinə olması da göstərir ki, hədəf Laçına qayıdacaq mülki azərbaycanlılardır.

Millət vəkili Sahib Alıyev qeyd edib ki, hərbi cinayət törədərək Laçına gətirilib yerləşdirilənlərin oradan rədd olunmaları birincisi, o deməkdir ki, Azərbaycanın bütün torpaqları üzərində suverenliyini tam bərpa edəcəyi qarşısıalınmaz prosesdir və yüksəklik-yüksəklik, kənd-kənd, şəhər-şəhər reallaşdırılır, reallaşdırılacaq. İkincisi, bu, 10 noyabr üçtərəfli bəyanatında Ermənistanla Rusiyanın üzərlərinə götürdükləri öhdəliyə əməl etməmələrinin perspektivsizliyini və onun necə yerinə yetirdildiyini bütün çılpaqlığıyla göz önünə sərən bir olaydır: "Əminəm ki, bu olaydan sonra Qarabağda Rusiya hərbi kontingentinin müvəqqəti kontrolu altında yaşayanlar bizim torpaqlarımızda qalmaq istəyirlərsə, tezliklə Azərbaycana reinteqrasiyalarının qaçınılmazlığını daha aydın dərk etməyə başlayıblar. Heç təsadüfi deyil ki, Laçının boşaldılmasıyla azərbaycanlı mütəxəssislərin Sərsəng su anbarına gedib baxış keçirmələri və orada onun su ehtiyyatlarından qarşılıqlı şəkildə faydlanmaq haqda söhbət aparılması eyni gündə oldu. Bir zaman Sərsəngdən ekoloji terror silahı kimi faydalananlar, yəni əkin vaxtı suyunu kəsib, qışda böyük həcmdə buraxmaqla daşqınlar yaradanlar anlayırlar ki, artıq onların qaz, elektirk və digər kommunikasiya xətləri tam Azərbaycanın kontrolu altına keçdiyindən mərdiməzarlığı, düşmənçiliyi əməkdaşlıqla əvəzləməkdən başqa çıxış yolları yoxdur. Hamı da olmasa, azərbaycanlıların da əhəmiyyətli bir hissəsi hayların Qarabağda qalıb yaşamalarına bəzi çevrələrin ölkəmiz üzərinə lazımsız  basqılarına şərait yaratmamaq və qonşular arasında  normal əlaqələrin bərpası baxımından anlayışlı yanaşırlar. Amma bu, regionda dayanıqlı sülhün olacağını, utanıb-çəkinmədən guya dördüncü əsrdən Laçında yaşadıqlarını deyənlərdə bizə qarşı düşməçilik hissinin aradan qalxacağını düşünməyə əsas vermir". Millət vəkili qeyd edib ki,  dayanıqlı sülh o zaman mümkündür ki, xalqımıza və millətimizə düşməncəsinə yanaşanların başımıza nələr gətirdiyini, ən əsası niyə gətirə bildiklərini heç vaxt unutmayaq: "Heç vaxt unutmayaq ki,  varlığımız gücümüzə bağlıdır. Yəni bir dövlət kimi varlığımızı önəmsəyiriksə, indikindən də qat-qat güclü olmağa məhkumuq. Qarabağdakı Rusiya hərbi kontingentinə və onların müvəqqəti kontrolu altında yaşayanlara mənim öz yanaşmam belədir ki, birincilər bir neçə ilə missiyalarını başa vurub getməli, ikincilər isə orada qalıb həyatlarını sürdürməlidir". Millət vəkili hesab edir ki, Qarabağdakı hayların təhlükəsizlikləri və hüquqları necə təmin edilirsə, onlarınkı da o cür təmin olunmalıdır: "Və qarşıdakı illərdə  məhz orada sülhməramlı qüvvələrə daha çox ehtiyac yaranacağı düşüncəsindəyəm. Laçından rədd olunanların çıxarıldıqları evləri yandırmaqda davam etmələri birincisi, onların dəyişmədiklərindən və dəyişməyəcəklərindən  xəbər verir. İkincisi, onu göstərir ki, nə qədər qışqır-bağır salsalar da,  Laçını Berdzorlaşdıra bilmədikləri kimi oranı birdəfəlik tərk etdiklərinin də yaxşı fərqindədirlər. Prezident İlham Əliyevin AzTV-yə verdiyi sülh, qayıdış və reinteqrasiya məsələləri ağırlıqlı son intervüdən sonra həm Ermənistanla sərhəddə, həm də Qarabağda Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulmasının davam etdirilməsi, hayların 29 il əvvəl Laçında törətdikləri vəhşilikləri yenidən təkrarlamaları, yəni oradakı evlərə od vurmaları onu göstərir ki, bu xəstə təfəkkürlülər ancaq bir dil anlayırlar, o da güc dilidir.Yəni avqustun 3-dəkilər arabir təkrarlanmalıdır ki, reallığı unutmasınlar. Laçında və Zabuxda boşaldılan evlərin yandırılmasına gəldikdə, əminəm ku, buna asimmetrik cavab veriləcək. Azərbaycanın xəbərdarlığına əməl olunmaması xəbərdarlıq edilənlərə baha başa gəlməlidir və gələcək. Orada evləri yandıranların isə kimlikləri bir-bir təsbit olunmalı, onlara qarşı cinayət işi açılmalı və beynəlxalq axtarışa verilməlidirlər".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31