Ermənistana təzyiqlər davam edəcək

Regionda bir-birindən maraqlı, maraqlı olduqca da sürətli proseslər gedir. Xüsusilə, 2020-ci ilin noyabr ayının 10-da 44 günlük Vətən müharibəsinin başa çatmasını özündə ehtiva edən 10 noyabr bəyanatının icrası istiqamətində ciddi bir hərəkətlilik müşahidə edilir. Düzdür, Ermənistan maksimum dərəcədə bu prosesi əngəlləmək və vaxt uzatmağa çalışsa da, lakin zaman və cərəyan edən hadisələr onun ziyanına işlədiyindən İrəvan mövcud reallıqlarla barışmaq və ona uyğun addım atmağa məhkum görünür. Elə Laçın ətrafında cərəyan edənlər, ermənilərin Zabux, Sus kəndlərini boşaltması, eləcə də Laçın dəhlizinə alternativ yolun artıq hazır olması fonunda şəhərinin də Azərbaycanın nəzarətinə keçməsi deyilənlərin təsdiqidir. Görünən odur ki, bir vaxtlar ermənilərin əsas güvənc yeri olan Kreml də qeyd etdiklərimizin ardıcılllıq üzrə baş verməsində maraqlıdır və Ermənistandan əldə ediılən 10 noyabr razilaşmasına əməl etməyi istəyir. Hər halda Putin-Paşinyan danışıqları bunu deyir.

Məlum olduğu kimi avqustun 24-də Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Telefon danışığı rəsmi İrəvanın təşəbbüsü ilə baş tutub. Liderlər Qarabağdakı durumu müzakirə ediblər. Eyni zamanda 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının vacibliyi vurğulanıb. Bundan başqa, tərəflər regionda sabitliyin qorunması üçün Rusiya sülhməramlılarının fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov baş verənlərə diqqət çəkərək qeyd edib ki. regionda diqqət çəkən bir sıra hadisələrin, o cümlədən İrəvanın Qərbi meyilliliyi, Avrupa İttifaqının buradakı təsir gücünün artması, Paşinyanın sülhməramlılar haqqında səsləndirdiyi tənqidi fikirlər, ermənilərin Laçından çıxması və s. fonunda tərəflər arasında ən yüksək səviyyədə təmas gözlənilən idi: "Sadaladığımız bütün məqamlar Kremli qıcıqlandırır. Bu mənada, yəqin ki, Rusiya Ermənistanı sıxışdırmağa çalışacaq. İstisna deyil ki, dünənki telefon danışığında da Putin Paşinyana müəyyən xəbərdaqlırlar edib".

Ekspert bildirib ki, telefon danışığının ermənilərin Laçında çıxdığı, sülhməramlıların ərazidəki postları sökdüyü bir vaxtda baş tutmasını təsadüfi hesab etmirəm. Çox güman ki, Putinlə Paşinyan bu barədə də fikir mübadiləsi aparıblar: "Əvvəllər də dediyimiz kimi, Rusiya ermənilərin Laçından çıxmasını istəmir. Çünki bu, Bakı ilə İrəvan arasında etimad mühitinin formalaşması istiqamətində növbəti addım ola bilər. Amma indi ermənilərin ərazilərimizi tərk etməkdən başqa yolu yoxdur. Etiraf etməliyik ki, Ermənistan hakimiyyəti də bu məsələdə siyasi iradə göstərir. Çox güman, ermənilər avqustun sonuna kimi Laçından çıxacaqlar. Amma təxribatlar planlaşdırılması mümkündür. Hətta istisna deyil ki, ehtimal edilən provokasiyalar məhz Moskvanın iştirakı ilə baş tutacaq. Sözügedən telefon danışığı zamanı bu məsələ barədə fikir mübadiləsi aparılmadığına kimsə zəmanət verə bilməz. Həmçinin Rusiya sülhməramlıların ərazidən çıxmasını da istəmir. Əksinə, rus hərbçilərinin Qarabağda qalmaq müddətinin uzadılması Kremlin strateji maraqlarına uyğundur. Moskva bunun üçün əlindən gələni etməyə hazırdır. Şübhəsiz ki, sülhməramlılar Qarabağdakı mövcudluğunu təmin edə bilən başlıca səbəb Ermənistanla Azərbaycan arasında etimad mühitinin yaranmaması, gərginliyin qalmasıdır. Deməli, təxribatların davam etməsi Rusiya üçün həyati əhəmiyyətlidir".

Mərkəz rəsmisi hesab edir ki, diqqətçəkən daha bir məqam ermənilərin Laçını tərk etməsi ilə əlaqədər olaraq bu günlərdə İrəvanda aksiyaların baş tutması idi: "Həmin mitinqlərdə Rusiyanın və ya əlaltılarıın "əlinin" olması mümkündür. Əlbəttə, etirazlar bu və ya digər dərəcədə hakimiyyət üçün təhdiddir. Bu mitinqlər nəticəsində ən azından iqtidara etimad azala bilər. Bəlkə də, Rusiya əlaltıları vasitəsilə sadə xalqı ayağa qaldırmaqla Ermənistana xəbərdarlıq edir. Ola bilsin, telefon danışığı zamanı Putin bu barədə Paşinyana mövqeyini daha aydın çatdırıb. Bu baxımdan mitinqlərin növbəti günlərdə davam edib-etməməsi çox şeydən xəbər verə bilər. Çox güman, Putinin Paşinyana təzyiqləri davam edəcək. Bu, yaxın gələcəkdə hansısa sabotaja səbəb ola bilər. Lakin rəsmi İrəvan başa düşməlidir ki, indi iradə göstərmək lazımdır. Əgər İrəvan indi Moskvaya qarşı müqavimət göstərə, manevr edə bilməsə, gələcəkdə daha ciddi problemlərlə üzləşə bilər".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31