İrandan “dronla” əzələ nümayişi

"İranın hakimiyyətə məxsus kütləvi informasiya vasitələrində ölkədə mövcud olan gizli dron bazalarında çəkilən foto-video materiallar yerləşdirilib. Dron bazasının gizliliyi sadəcə onun hansı rayonda yerləşməsinin elan olunmaması ilə bağlıdır. Qalan materialların heç birini gizli məlumat sinfinə daxil etmək mümkün deyil. Çünki orada göstərilən dronlar haqqında bilgi  çoxdan yayılıb və bu dronlarda xüsusi diqqəti cəlb edən özəllik yoxdur. Dron tədqiqatı sahəsində İran bu işlə məşğul olan digər dövlətlərə yeni nə isə demək imkanlarından hələki, çox uzaqdır. Belə olan halda İran hərbçilərinin yeni dron növlərini nümayiş etdirməkdə məqsədi nədir? Politoloq Əlimusa İbrahimov "Olaylar"a deyib ki, İranla P5+1 ölkələri arasında nüvə proqramı sahəsində danışıqlar dalana dirənib və Amerika Birləşmiş Ştatları getdikcə bu müqaviləyə qoşulmaqdan daha da uzaqlaşır. Prezident Baydenin yaxın həftələrdə Səudiyyə Ərəbistanına gözlənilən səfəri və bu səfər çərçivəsində Səudiyyə Ərəbistanını OPEC çərçivəsində neft istehsalını artırmağa razı salmaq ehtimalı İranın daha bir ümidini əlindən alır: "Tehranda Rusiyadan neft və qazın ixracının dayandırılması hesabına İrana bu sahədə tətbiq olunmuş sanksiyaların aradan qaldırılmasını düşünürdülər. Buna görə də onlar Vyana danışıqlarında mövqelərini daha da sərtləşdirdilər. Nəticədə Amerika Birləşmiş Ştatlarıda İranın tələblərinin artıq yerinə yetirməyin mümkün olmadığına inandılar və üzlərini Səudiyyə Ərəbistanına çevirdilər. Enerji ehtiyatlarından təzyiq və təsir vasitəsi kimi istədiyi səviyyədə istifadə edə bilməyən İran indi həm nüvə tədqiqatları sahəsində tədqiqatlara, həm də digər silah növləri yaratmaq sahəsində sınaqları ilə gündəmə gəlməyə çalışır. Məqsəd ABŞ-ın Yaxın Şərq üzrə müttəfiqlərinə və xüsusilə İsrailə əzələ nümayişi etməkdir. İran öz silahlarını ortaya çıxarmaqla region dövlətlərinə xəbərdarlıq edir ki, onu qane edən şərtlər çərçivəsində nüvə razılaşmasına qayıtmasalar onlar üçün təhlükəsiz yaşamaq  mümkün deyil. Bu gün nümayiş olunan İran dronları sabah Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt və hətta İsrailin hərbi və sivil obyektrlərinin üzərində partlaya bilər. İran İslam Respublikası Rusiya-Ukrayna arasında gedən müharibədən istifadə edərək yeni yaranmaqda olan dünya quruluşunda öz yerini müəyyən etməyə çalışır.Heç şübhəsiz yaxın günlərdə İran hərbçiləri istehsal etdikləri yaxın və uzaq mənzilli raketlərin bazasından çəkiliş təqdim etməklə növbəti əzələ nümayişi həyata keçirəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31