Vaşinqton regionda Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır
1 İyun 2022 15:29 Siyasət44 günlük Vətən müharibəsindən sonra Azərbaycana olan beynəlxalq diqqət və marağın artdığını açıq şəkildə ifadə edə bilərik. Düzdür, ondan əvvəl də Azərbaycan regionun lider dövləti kimi dünyanın diuqqət mərkəzində idi və bir qayda olaraq dünya ölkələri Cənubi Qafqazda daha çox Azərbaycanla əməkdaşlıq qurmağa, bu əməkdaşlığı inkişaf etdirməyə, hətta rəsmi Bakı ilə strateji tərəfdaş olmağa çalışırdı. Lakin İkinci Qarabağ müharibəsindən sonra bu müsbət tendensiya bir qədər də özünü qabarıq şəkildə büruzə verməyə başlayıb. Müharibədən sonrakı dövrdə ayrı-ayrı dövlət və hökumət rəhbərlərinin Azərbaycana səfərləri, işğaldan azad edilən ərazilərdə həyata keçirilən quruculuq-abadlıq işlərinə olan beynəlxalq diqqət və s. fonunda bunu aydın şəkildə görmək mümkündür. Təbii ki, Azərbaycana olan diqqət okeanın o tayından da hiss edilir, görülür. Hər halda təkcə may ayı ərzində Birləşmiş Ştatlardan Azərbaycana yönəlmiş 3 yüksək səviyyəli mesaj, daha dəqiq desək Bakı və Vaşinqton rəsmiləri arasında baş tutan müxtəlif səviyyəli görüş belə deməyə əsas verir. Ayın əvvəlində Birləşmiş Ştatların dövlət katibi Blinkenin Azərbaycan prezidenti İlham Əliyevə telefon zəngi, son həftələr ərzində isə Ağ Ev rəhbəri tərəfindən azərbaycanlı həmkarı İlham Əliyevə ünvanlanan 2 təbrik məktubu belə deməyə əsas verir. Hər iki məktubda Birləşmiş Ştatlar prezidenti Co Baydenin əsasən müsbət notlar üzərindən Azərbaycana və onun lideri İlham Əliyevə məktub göndərməsi onu deməyə əsas verir ki, rəsmi Vaşinqton Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycanla əlaqələri daha da intensivləşdirmək, iki ölkə arasındakı əməkdaşlığı yeni bir mərhələyə qaldırmaq niyyətindədir. Hər halda elə bu gün, Xəzər Neft-Qaz sərgisi və konfransı, eləcə də Bakıda baş tutan enerji həftəliyi çərçivəsində Birləşmiş Ştatlar prezidenti Co Bayden tərəfindən dövlət başçısı İlham Əliyevə ünvanlanan təbrik məktubu belə deməyə əsas verir. Co Bayden Müstəqillik Günü ərəfəsində İlham Əliyevə ünvanlamış olduğu təbrik məktubunda olduğu kimi bu dəfə də Azərbaycanın enerji sektorunda əldə etdiyi uğurlara, nailiyyətlərə diqqət çəkərək ölkəmizin bu istiqamətdəki səylərini yüksək qiymətləndirib. Ağ Ev rəhbəri qeyd edib ki, bütün dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm dönüş nöqtəsini yaşadığımız bir dövrdə biz həm də təmiz enerjiyə keçidlə bağlı uzunmüddətli öhdəliklərimizi təmin etmək məqsədilə zəruri investisiya və dəyişikliklər edirik. Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynamışdır. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır.
Əslində indiki məqamda Azərbaycana olan beynəlxalq marağın, diqqətin artması başadüşüləndir. Belə ki, hazırda Rusiya ilə sanki düşmənçilik səviyyəsində olan Avropanın enerji təminatında Azərbaycanın oynadığı rolun çəkisi xeyli dərəcədə artıb. Bu reallığı artıq okeanın o tayında da qəbul edirlər və ona görə də Vaşinqton Bakı ilə əməkdaşlığını indi əvvəlki illərdən daha çox inkişaf etdirməyə çalışır. Çünki Vaşinqtonun Bakı ilə münasibətlərinin yüksək səviyyədə olması ABŞ-ın Avropadakı müttəfiqlərinin işinə yarayan amillərdəndir. Ona görə də Co Bayden də İlham Əliyevəı ünvanladığı təbrik məktubunda iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət çəkərək qeyd edir: "Amerika Birləşmiş Ştatları bizim davamlı tərəfdaşlıq və əməkdaşlığımıza sadiqdir".
Məhəmməd