Teknofest Türkiyə ilə Azərbaycan arasında münasibətlərin yeni bir səhifəsidir

"Teknofest Azərbaycan" festivalı böyük uğurla başa çatdı. Dörd gün ərzində bu festivalda Azərbaycan tamaşaçıları elm, bilik texnologiya sahəsində əldə olunan naliyyətləri izlədilər və eyni zamanda, hava şousunda helikopter və qırıcı təyyarələrin şouları da tamaşaçılara sərgiləndi".

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

"Xüsusilə vurğulamaq lazımdır ki, 28 May - Müstəqillik Günündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya təşrif buyurmuşdur və səfər çərçivəsində teknofestdə iştirak etdi, qalibləri mükafatlandırdı.

Türk dünyasının böyük alimi, Nobel mükafatı laureatı Əziz Sancar da Bakıda teknofestdə idi. Cənab Prezident İlham Əliyev teknofestdə çıxışı zamanı bir sıra mühüm mesajlar verdi. Türkiyə və Azərbaycan arasında olan dərin köklər, qardaşlıq bağları və gələcəyə hesablanmış münasibətlərin qurulması haqqında dəyərli fikirlər söyədi. Vətən müharibəsində Rəcəb Tayyib Ərdoğanın 27 sentyabrdan başlayaraq "Azərbaycanın yanındayıq" müsajı Ermənistanın arxasında duran qüvvələrə bir mesaj idi, onlara ünvanlanmışdı. 

Post-müharibə dövründə də Türkiyə Azərbaycanın yanındadır. Zəfər paradında Rəcəb Tayyib Ərdoğan Azadlıq meydanında paradı cənab Prezident İlham Əliyev ilə qəbul edirdi. 2021-ci ilin 15 iyun tarixində işğaldan azad olunan mədəniyyət paytaxtımız Şuşada imzalanan "Şuşa Bəyannaməsi" Türkiyə və Azərbaycanı bir qədər də yaxınlaşdırır və münasibətləri hərbi müttəfiqlik səviyyəsində formalaşdırır.

Hazırda da müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan ilə Türkiyə yanaşı addımlayır, fəaliyyət ortaq şəkildə koordinasiya olunur və digər dövlətlər üçün də Azərbaycan Türkiyə dostluğu bir nümunədir. 
Teknofest həm də Türkiyə ilə Azərbaycan arasında münasibətlərin yeni bir səhifəsidir. Çünki Türkiyədən kənarda ilk dəfə teknofest Azərbaycanda keçirildi və bu tarixi bir hadisədir. Eyni zamanda, astronoftika və robotexnika sahəsində marağı olan gənclər bu festivalda iştirak etməklə öz məharətlərini nümayiş etdirdilər və əldə olunan uğurlara görə də mükafatlandırıldılar. Bu festival onların həyatında uzun müddət silinməz izlər buraxacaq. Çünki Səlcuq Bayraktarın Pilotsuz Uçuş Aparatları sayəsində dünyada inqilab etməsi, həmçinin, son dövlər Akıncı dronlarının istehsal olunması da çox mühüm bir hadisədir və Akıncının ilk müştərisi də elə Azərbaycan Silahları Qüvvələridir. Azərbaycan hava məkanında üstünlüyünü bir qədər də artırır və Akıncı hərbi hava qüvvələrimizin potensialını daha da inkişaf etdirir. 

Azərbaycan pilotları da qırıcılar vasitəsilə öz güclərini nümayiş etdirdilər və teknofest festivalı ümumxalq bir bayrama çevrildi. Əlamətdar bir hadisədir ki, 104 il öncə müsəlman şərqində ilk demokratik cümhuriyyət quran Azərbaycan bu gün inkişafının yeni mərhələsindədir. Türkiyə ilə müştərək fəaliyyətin davam etdirilməsi, siyasi, iqtisadi, enerji, nəqliyyat, hərbi sahədə əməkdaşlığın daha da dərinləşməsi hər iki dövlətin xalqlarının rifahına xidmət edir. Cənab Prezident İlham Əliyev ilə birlikdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da xalqın və dövlətin maraqları naminə səylərini əsirgəmirlər və bu istiqamətdə fəaliyyət göstərirlər. Bundan sonra da Türkiyə və Azərbaycan dostluğu inkişaf edəcək və bu dostluq xalqlarımızın rifahına xidmət edəcəkdir".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31