Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirib

Bu gün yaz sessiyasının sonuncu iclasıdır.

İndi mən sizə yaz sessiyasının yekunları barədə qısa bir məlumat vermək istəyirəm. İlk öncə onu söyləyim ki, Milli Məclisin yaz sessiyasında  13 iclas keçirilmişdir. 70 qanun və qərar, o cümlədən 1 Konstitusiya Qanunu qəbul edilmişdir. Olaylar xəbər verir ki bunu Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin yaz sessiyasının 31 may 2022-ci il tarixli iclasında çıxışı zamanı deyib. Bildorib ki, Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin və islahatların qanunvericilik bazası daha da möhkəmləndirilmiş və təkmilləşdirilmişdir.  
Milli Məclis yaz sessiyasının iclaslarında Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun hesabatını, məruzə və məlumatlarını  dinləmişdir.   
Onu da qeyd edim ki, parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində önəmli tədbirlər görülmüşdür. 
Milli Məclisin deputatları 28 ölkəyə 50-dən çox səfər həyata keçirmişlər. Onu da qeyd edim ki, bu səfərlərdə 95 deputat iştirak etmişdir. Deputatlar üzv olduğumuz beynəlxalq təşkilatların həm əyani, həm də videokonfrans formatında keçirilən toplantılarında iştirak və çıxış etmişlər. 
Millət vəkillərimiz Belarusda keçirilən  referendumu müşahidə etmişlər. 
Milli Məclis sədrinin 6 ölkəyə rəsmi və 1 ölkəyə işgüzar səfərləri olmuşdur. Bu səfərlərdə 30-a yaxın deputat iştirak etmişdir. Milli Məclisdə mən 15 ölkənin prezident və baş naziri, parlament sədrləri və sədr müavinləri, deputatları, bir neçə ölkənin müxtəlif icra orqanlarının rəhbərləri, 4 beynəlxalq təşkilatın nümayəndə heyətləri ilə görüşlər keçirmişəm. Aparılan danışıqlarda ikitərəfli və çoxtərəfli parlamentlərarası əlaqələr və digər məsələlər müzakirə edilmişdir. 
Hörmətli həmkarlar, xatırladım ki, bu səfərlər və görüşlər barəsində mən hər dəfə sizə Milli Məclisin iclaslarında vaxtaşırı məlumat vermişəm. 
Onu da qeyd edim  ki, 2 ölkənin qanunvericilik orqanları ilə Milli Məclis arasında əməkdaşlıq sazişləri də imzalanmışdır.  
Bu yaxınlarda Milli Məclis böyük bir beynəlxalq tədbirə - İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransına ev sahibliyi etmişdir. Bu tədbirdə 100-dən çox şəxs iştirak etmişdir.   
Beləliklə, hörmətli həmkarlar, Milli Məclis yaz sessiyasını uğurla başa çatdırır. Bununla əlaqədar mən sizə səmərəli iş üçün təşəkkür edirəm. 
Milli Məclisin yaz sessiyasını bağlı elan edirəm.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31