Azərbaycan vəkilinin uğuru
28 May 2022 13:37 SiyasətSovetlər dönəmində xarici filmlərdə həmin ölkədə işləyən vəkilin cəmiyyətdə nə qədər böyük rol oynadığını, məhkəmə - hüquq məsələlərində sözünün keçərli və kəsərli olduğunu, bəzən son qərarın ədalətli verilməsinin onun ortaya qoyduğu bir faktdan asılı olduğunu görürdük. Azərbaycanda isə bu ad var idi, çəkisi, sanbalı isə yox idi. Vəkilin varlığı elə də bilinmirdi, sadəcə məhkəmə prosesində adı rəsmən keçirdi. Hər şeyi ittihamçı prokuror və hakim həll edirdi. Ona görə də gənclər peşə seçimində prokurorluğa və hakimliyə üstünlük verirdilər.
Lakin bütün bunlar illərin o tayında qaldı. İndi vəziyyər başqadı. Müstəqillikdəm sonra Azərbaycanda çox sahələrdə olduğu kimi məhkəmə - hüquq məsələlərində də xeyli sayda islahatlar oldu, vəkillik institutu zamanın tələbinə uyğunlaşdırıldı. Vəkillər haqqında qanun qəbul olundu. Vəkillik təsisatı yenidən quruldu. Vəkil mantiyası hörmətli bir məqama ucaldı. Onların hüquqi vəziyyəti köklü surətdə dəyişdi, insan hüquq və azadlıqlarının əldə olunmasında vəkilin özü və sözü əksini tapdı və bu mexanizmin formalaşmasında əsas rol oynadı. Vəkillərin müstəqilliyi təmin olundu, bu peşə cəmiyyətin üst təbəqəsində yer tutdu. Beləliklə də Vəkillər Kollegiyası əvvəlki illərdən fərqli olaraq müstəqil, azad peşə sahiblərinin birliyi kimi fəaliyyət göstərməyə başladı.
Bu gün Azərbaycanda vəkillik institutu özünün ən yaxşı inkişaf mərhələsinə qədəm qoyub. Dörd il əvvəl ölkə başçısı "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imazaladı. Bu, o deməkdir ki, dövlət vəkilin ədalətli və prinsipial mövqeyinə dəyər verir, onun çəkisini artırır. Artıq Azərbaycan cəmiyyəti vəkillik təsisatından doğru-düzgün istifadə edə bilir. İnsan hüquq və azadlıqlarının ədalətli təmin olunmasında vəkilin rolu öz əksini tapır. Bütün bunların olmasında təbii ki, Vəkillər Kollegiyasının və onun rəhbərinin böyük rolu var. Rəhbər şəxs yerində olanda, işində ədalətlilik və prinsipiallıq nümayiş etdirəndə görülən iş də müsbət təsirini göstərir.
Bu günlərdə ölkənin vəkillik təsisatında çox gözəl bir hadisə baş verib. Azərbaycan Vəkillər Kollegiyası Avropa Vəkillər Kollegiyası və Hüquq Cəmiyyətləri Şurasına (CCBE) üzv qəbul olunub. Bu o deməkdir ki, Avropa İttifaqına və Avropa Şurasına üzv olan ölkələrin vəkillər köllegiyalarını və bir milyondan çox vəkili özündə birləşdirən nüfuzlu CCBE təşkilatı Azərbaycan vəkillərini müstəqil peşə sahibi kimi tanıyıb. Bu, həm də o deməkdir ki, Azərbaycan vəkili beynəlxalq arenaya çıxa biləcək, Avropa standartlarına uyğun avropalı vəkillərlə əməkdaşlıq edəcək, hüquq cəmiyyətlərinin təcrübəsindən öyrənəcək. Ki... bu da onların peşə hazırlıqlarının artırılması, cəmiyyətdə daha da ədalətli və prinsipial mövqe tutmaları istiqamətində böyük addım sayılacaq. Bütün bunlar Azərbaycan vəkilinin bu günkü uğurudu. Əlbəttə bu uğurun təməlində Vəkillər Kollegiyasının CCBE ilə apardığı dörd illik danışıqları, hesabatları ilə yanaşı illərin təcrübəsi dayanır.
Ədalətli cəmiyyət qurmaq üçün ədalətli hüququn qoruyucusu olan vəkilə ehtiyac var. İnsan hüquq və azadlıqlarının təmin olunmasında vəkilin prinsipiallığı çox böyük rol oynayır. Bu gün Azərbaycanda insanlar vəkilə inanır, hüquqlarının qorunmasında ona etibar edirlər. Vaxtilə vəkilin işinin nədən ibarət olduğundan xəbərsiz olan vətəndaşlar indi xırda bir problemin həlli üçün vəkilə müraciət edir, onun vicdanlı və nəzakətli davranışı ilə müşaiyət olunan yardımından yararlanırlar. Bu konteksdə biz vəkillərin aztəminatlı şəxslərə, şəhid ailələrinə, qazilərə ödənişsiz hüquqi yardım göstərmələrinin də şahidi oluruq. Əvvəllər ölkədə vəkillərin sayı çox az idi, bu gün isə sıralarında iki mindən çox hüquq qoruyucusu var. Müstəqil vəkil bürolarının da sayı çoxdu, səhv etmirəmsə yüzü keçib. Bu, müstəqillyini yeni qazanmış gənc Azərbaycan üçün çox böyük göstəricidi.
Son illər hüquq fakültəsindən məzun olan gənclərin vəkilliyə qəbul olunmaları üçün çox yaxşı şərait yaradılıb. Vəkilin qanunçuluqda, ədalət mühakiməsində tutduğu mövqenin qarşısında maneə yoxdu. Cəmiyyətdə, eləcə də məhkəmə proseslərindəki ədalətli mühakimələrinə görə dövlət də onları yüksək qiymətləndirir. Təbii ki, bu dəyər Vəkillər Kollegiyasında təmsil olunan hüquq müdafiəçilərinin CCBE-yə gedən yolda əllərindən tutub. Üstəlik Azərbaycan vəkilinin peşə sirrini və ifadə azadlığını qoruması CCBE-nin qapılarını onun üzünə açıb. Bu gündən sonra yüksək peşə standartlarına uyğun olan müstəqil vəkillərin Avropada qanunun aliliyini necə qoruduqlarına hər bir Azərbaycan vətəndaşı şahid olacaq. Vəkillər Kollegiyasının Avropada fəaliyyət göstərən güclü bir qurumda təmsil olunması ölkədə vəkillik institunun fəaliyyətinin daha da genişlənməsinə səbəb olacaq, ədalət mühakiməsində söz azadlığına yeni bir naxış vuracaq.
Uğurların bol olsun, Azərbaycan vəkili!
Züleyxa Nadir