Müstəqillik gününün ərazi bütövlüyünün bərpa olunması şəraitində qeyd etməsi qürurvericidir

Azərbaycan xalqının həyatında böyük və əlamətdar hadisələrdən biri də 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasıdır. Hər cür məşəqqətlərə, mənəvi və ideoloji təzyiqlərə baxmayaraq xalqımız həmin tarixi ən əziz bayramlarından biri-Müstəqillik günü kimi təntənə ilə qeyd edir. Ona görə ki, Azərbaycanda müstəqil, azad, demokratik respublika qurmaq məqsədini öz qarşısına qoymuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə nümayiş etdirmişdir. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər xalqımızın tarixində dərin iz buraxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etsə də, onun aşılamış olduğu müstəqillik hissləri xalqımızın yaddaşından heç vaxt silinməmişdir. Etiraf edilməlidir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və qorunmasında bir çox siyasi xadimlərin misilsiz xidmətləri olub. Birmənalı şəkildə qeyd edilməlidir ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin irsinin qorunmasında xidmətləri kifayət qədərdir. Belə ki, ümumilli liderin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin sessiyasında Xalq Cümhuriyyətinin bayrağı qaldırılıb və Naxçıvan MR-nın dövlət bayrağı kimi rəsmiləşdirilib. Ardınca Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılıb və o dövrdəki Azərbaycan rəhbərliyi 1991-ci il fevralın 5-də belə bir qərar qəbul etməyə məcbur edilib. Bununla kifayətlənməyən Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra-1 fevral 2003-cü il tarixində "Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında" Sərəncam imzalayıb. Bunun davamı olaraq  2007-ci il 25 may-da İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin Prezident İlham Əliyev tərəfindən açılışı olub. Prezident İlham Əliyev də bu məsələyə sayğı ilə yanaşaraq 2018-ci ili ölkədə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib. Əslində bu addımın Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etməsi, ölkəmizin regional lider statusu qazanması və regional müstəvidən qlobal müstəviyə doğru inamla irəliləməsi, beynəlxalq miqyasda sayılan, nüfuzli dövlətə çevrilməsi baxımından siyasi əhəmiyyəti var idi. Digər tərəfdən, bu qərar 2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafını təmin edən məqsədyönlü və düşünülmüş siyasətinin uğurları kimi qeyd edilə bilər. Azərbaycanın mədəniyyət beşiyi Şuşanın bu gün regionun siyasi və mədəniyyət mərkəzlərindən birinə çevrilməsi də məhz bu yanaşmanın nəticəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün Şuşada dalğalanması ölkə vətəndaşlarına qürur verir. Təsadüfi deyil ki, artıq Azərbaycan öz müstəqillik gününü ərazi bütövlüyünün bərpa olunması şəraitində qeyd edir. 44 günlük Vətən müharibəsində şanlı qələbə əldə edən Azərbaycan indi dünya birliyinə bütöv dövlət kimi inteqrasiya etməkdədir. Müstəqil dövlət kimi Azərbaycanın sözü eşidilir, təşəbbüsləri qəbul edilir, beynəlxaq münaqişələr ölkəmizin iştirakı ilə nizama salınır. Heç şübhəsiz ki, qürur mənbəyimizə çevrilən üçrəngli bayrağımız Prezidenti İlham Əliyevin siyasi iradəsi nəticsində azad edilmiş torpaqlarımızda daim dalğalanacaq.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31