Rusiya Suriyada oyun qaydalarını dəyişir
23 May 2022 14:27 SiyasətRusiya hərbçiləri ilk dəfə may ayının 13-də Suriyanın Şimal-Qərbində İsrail təyyarələrinə qarşı S-300 zenit raket kompleksindən istifadə ediblər. Bu Suriya hərbi əməliyyatlar meydanında ilk Rusiya-İsrail qarşıdurmasıdır. Bu vaxta qədər Rusiya əlində olan güclü imkanlara baxmayaraq, İsrail qırıcılarının Suriya hərbi mövqeləri və İranın oradakı qüvvələrinə qarşı hücumları zamanı neytrallığını qoruyub saxlayırdı. Rusiyanın bu "neytrallığı" hərbi ekspertlər tərəfindən birmənalı qarşılanmırdı. Bəziləri hesab edirdilər ki, Rusiya İsraillə aralarında olan "centlmen" sazişinə uyğun olaraq İsrailin hücumlarına müdaxilə etmir. Digərləri isə düşünürdülər ki, İsrail təyyarələrinin Suriya və İran mövqelərinə zərbə endirməsi Rusiya raketdən müdafiə sistemlərinə varlı ərəb ölkələrində tələbatı daha da artırır.
Rusiyanın İsrail qırıcılarına S-300-lərdən istifadə etməyə başlamasını da müxtəlif istiqamətdə izah edirlər. Bir qrup mütəxəssis hesab edir ki, bu Rusiya-Ukrayna müharibəsi fonunda Yəhudi dövlətinin Kremllə münasibətlərinin pisləşməsi üzündən baş verir. Məlum olduğu kimi, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov xarici kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrin birində İsrail dövləti və yəhudi millətinə qarşı qəbuledilməz fikirlər səsləndirib. Bu çıxışın məqsdyönlü şəkildə, məhz İsraillə münasibətlərin gərginləşdirilməsi məqsədi ilə edildiyi indi məlum olur. Deməli, Rusiya Suriyada İsrailə geniş imkanlar verdiyini hiss edərək onun əl-qolunu bir qədər bağlamaq qərarına gəlir. Beləliklə, Lavrovun "təhqir diplomatiyasıQ işə başlayır. Təcrübəli diplomatın istifadə etdiyi metod istənilən nəticəni verdi və Rusiya-İsrail münasibətləri ciddi şəkildə zədələndi. Bununla da hadisədən sonra Rusiyanın Suriyada mövqelərini möhkəmləndirilməsinin və İsrail qırıcılarına qarşı hücumunu məntiqi izahına şərait yarandı.
Rusiyanın Suriyada İsrailə qarşı atdığı addım onun Amerika Birləşmiş Ştatlarının mövqeyinə arxadan vurulan zərbə kimi də qiymətləndirmək olar. Hamıya məlumdur ki, ABŞ qoşunlarını Yaxın Şərq regionunda azaltmaqla heç də oranı birdəfəlik tərk etmək məqsədi güdmür. İsrail eyni zamanda Amerikanın yerinə yetirdiyi funksiyanı burada həyata keçirir. Rusiya isə İsrailin hava hücumlarının qarşısını almaqla ABŞ-ın maraqlarını təhlükə altına salır.
Rusiyanın İsrail qırıcılarına qarşı əməliyyatlara başlaması İran faktoru ilə də əlaqələndirilə bilər. Çünki, əldə edilən məlumatlara əsasən Rusiya Suriyadakı bazalarında olan hərbçilərindən Ukrayna cəbhəsində istifadə etmək üçün onları geri qaytarır. Boş qalan mövqelər isə İran hərbçiləri tərəfindən tutulur. İran hərbçiləri isə İsrail qırıcı təyyarələrinə qarşı effektiv müdafiə həyata keçirə bilmir. Deməli, ruslar buraxıb getdikləri mövqelərdə yerləşən İran hərbi qüvvələrini İsrail hücumundan qorumaq üçün S-300 -lərini İsrail qırıcılarına qarşı çeviriblər. Rusiyanın bu addımı İran Silahlı Qüvvələri ilə əmkdaşlıqda yeni səhifənin açıldığına işarə edir. Rusiya Amerika və onun maraqlarına qarşı dünyanın istənilən yerində və istənilən qüvvə ilə birlikdə mübarizə aparmaqda israrlı olduğunu qarşıya qoyur.
Əlimusa İbrahimov
Politoloq