Azərbaycan inam və etimad ünvanıdır
23 May 2022 12:21 Siyasət"Cənubi Qafqaz bölgəsinin lider ölkəsi olan, regional güc mərkəzi kimi çıxış edən Azərbaycan milli maraqlara əsaslanan çoxrektorlu və praqmatik xarici siyasət həyata keçirir".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.
"Ölkəmizin xarici siyasət kursu eyni zamanda dərin strateji diplomatiya siyasəti qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi və bərabərhüquqlu tərəfdaşlığın gücləndirilməsinə hesablanıb. Təsadüfi deyil ki, bunun nəticəsində Azərbaycanın dostlarının və tərəfdaşlarının sayı artır, strateji müttəfiqlik münasibətləri güclənir.
Azərbaycanın xarici siyasət kursunun çox mühüm istiqamətlərindən birini müstəqillik prinsipinə əsaslanması təşkil edir. Yəni, Azərbaycan hər hansı bir güc mərkəzindən və ya siyasi qütbdən asılı deyil. Müstəqil, özünün və tərəfdaşlarının milli maraqlarına əsaslanan siyasət həyata keçirir. Bu da təbii ki ölkəmizin beynəlxalq münasibətlər sistemində yerinin və rolunun artmasına, mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Azərbaycan qərb ölkələri ilə də çox mühüm tərəfdaşlıq münasibətlərinə malikdir. Ölkəmiz ilə əməkdaşlıq mühüm siyasi və iqtisadi dividendlər vəd edən, cəlbedici seçim kimi çıxış edir və təsadüfi deyil ki, istər Avropa ölkələri, istərsə də digər qərb ölkələri Azərbaycan ilə əməkdaşlığın dərinləşdirilməsi və təmasların sıxlaşdırılması istiqamətində öz iradə və niyyətlərini nümayiş etdirirlər. Bu da təsadüfi deyil. Çünki birincisi, Azərbaycana etibarlı tərəfdaşdır. İstər Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, istərsə də regional və beynəlxalq təhlükəsizlik məsələlərində çox fəal rol oynayır, özünün mühüm və müstəsna töhfələrini verir. İkinci Azərbaycan inam və etimad ünvanıdır. Ölkəmiz çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edir, güc mərkəzlərinin mötəbər görüşləri məhz Bakıda baş tutur.
Azərbaycan ayrı-ayrı regional güc mərkəzləri arasında böhran hallarının aradan qaldırılmasında özünün konstruktiv təklif və təşəbbüsləri ilə çıxış edir və bütün bunlar hamısı beynəlxalq müstəvidə müsbət qiymətləndirilir.
Digər tərəfdən Azərbaycan regionda yeni əməkdaşlıq, təhlükəsizlik, sabitlik mühiti formalaşdırmaq üçün yeni reallıqlar yaradıb. Cənubi Qafqazda saatlar Bakı vaxtı ilə qurulur və təqvim Azərbaycanın geosiyasi iradəsi əsasında müəyyənləşir. Yəni, Azərbaycan 44 günlük müharibə nəticəsində öz ərazi bütövlüyünü bərpa etməklə və işğal faktını aradan qaldırmaqla yeni geostrateji reallıqlar formalaşdırıb ki, bu da qarşıdakı dövrdə yeni əməkdaşlıq platformalarının yaradılması, təhlükəsizlik arxitekturasının yenidən dizayn olunması baxımından əhəmiyyətlidir. İstər qərb ölkələri, istərsə də bir sıra region dövlətlər tərəfindən verilən mesajlar Azərbaycanın yaratdığı yeni geostrateji reallıqların və mühitin məhz inteqrasiya, sabitlik, təhlükəsizlik və əməkdaşlığa xidmət etdiyini göstərir. Buna görə də, proqnoz vermək olar ki, qarşıdakı dövrdə Azərbaycanın ayrı-ayrı dövlətlər ilə, o cümlədən, qərb ölkələri ilə münasibətlərində intensiv diplomatik trafik davam edəcək, qarşılıqlı faydalı, məhsuldar əməkdaşlıq münasibətləri həm ölkəmizin, həm tərəfdaş dövlətlərin iqtisadi, yeni iqtisadi-siyasi və iqtisadi-siyasi qalibiyyətıər qazanmasını şərtləndirəcək".
Röyalə Xəyal