Rusiya- Ukrayna müharibəsi, dünyanın yeni siyasi-iqtisadi arxitekturası

Rusiya Ukrayna müharibəsi dünyanın və regionun siyasi arxitekturasını dəyişdirməkdədir. Sürətlə dəyişən iqtisadi-siyasi proseslərin yaratdığı reallıqlar türk dövlətləri arasında bütün sferalarda əməkdaşlığın nə dərəcədə  zəruri olduğunu ortalığa qoyub. Müharibənin və iqtisadi sanksiyaların təsirindən çökən Rusiyadan kənar keçəcək Qərblə Şərq arasında yeni xəttlərin açılması zərurətə çevrilib. Yeni nəhəng bir marşrutun Türkiyə, Azərbaycan  və  Xəzər dənizi vasitəsilə Qazaxıstandan keçməsi əhəmiyyətli variantdır. Bu istiqamətdə danışıqların və real addımların atılmasının şahidi oluruq.  Belə stateji əməkdaşlığın dərinləşməsi  yalnız  Azərbaycan, Türkiyə və Qazaxıstan üçün deyil, ümumilikdə, şər imperiyasının təsir dairəsindən qurtulan Mərkəzi Asiyadakı  digər türkdilli dövlətlər üçün də faydalı olacaq.

Türk birliyində ən önəmli məqamlarlardan biri odur ki, dünyada gedən proseslər dərindən təhlil olunaraq, türkdilli ölkələr arasında qarşılıqlı iqtisadi, siyasi, mədəni əməkdaşlığın dərinləşməsi əsas hədəflər sırasında olur. Bu gün Türkiyənin və Azərbaycanın regionda, dünyada rolu, əsas strateji hədəfləri ümumilikdə bu birliyə mühüm töhfədir. Bu müsbət tendensiya Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr, türkdilli xalqlar da daxil olmaqla bütün dünyada yaşayan və sayı təxminən 300 milyona çatan türklərin birlikdə hərəkət etməsini özündə ehtiva edir.

İşğaldan azad olunmuş Füzuli  Hava Limanın açılışında  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı, ötən həftə  qardaş Türkiyədə istismara verilən yeni Rize-Artvin Hava Limanının açılışında  Azərbaycan Prezidenti İlham  Əliyevin iştirakı və bu görüşlər zamanı iki ölkə liderlərinin çıxışları yeni əməkdaşlıq modellərini özündə ehtiva edir. 
Yeni dönəmdə formalaşacaq bu əməkdaşlıq yalnız türk dövlətləri üçün deyil, ümumilikdə Şərqlə Qərb arasında çox sərfəli kommunikasiya xətti olacaq.  Belə nəhəng layihələr dünyanın və regionun yeni siyasi-iqtisadi arxitekturasının yaradacağı reallıqlardır. Təbii ki, bü işlərin gerçəkləşməsi  zamanı ciddi risklərin, təhdidlərin ortalığa çıxması, hətta müxtəlif təhlükəli məqamların baş qaldırması gözləniləndir.

Əkrəm Bəydəmirli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31