Türkiyə-Azərbaycan əməkdaşlığı bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir
14 May 2022 14:00 SiyasətGünümüzdə Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədə inkişaf edir, gələcək üçün yeni-yeni perspektivlər açır, həm Ankara, həm də Bakının hərtərəfli tərəqqisi üçün imkanlar yaradır. İstər xoş, istərsə də üzüntülü günlərdə bir-birinin yanında yer alan iki qardaş ölkə arasında mövcud olan dostluq-qardaşlıq münasibətləri bu gün bütün dünya üçün nümunə, örnəkdir deyə bilərik. Ayrı-ayrı dövlətlər Türkiyı-Azərbaycan dostluq-qardaşlığından örnək götürüb bir-birinə yaxınlaşsa, əlaqələr qurub həmin əlaqələri inkişaf etdirsə də, lakin sonda hər iki tərəfin pərdə arxasında gizlənən marağı, iddiası ortaya çıxdığında bu münasibətlər sərinləşir, sıradan bir əməkdaşlığa çevrilir. Necə ki, Ukrayna məsələsində guya birlik, həmrəylik nümayiş etdirən Avropa dövlətləri daxildə sosial gərginliklə üzləşdiyi, iqtisadi böhran yaşadığı halda Rusiya ilə əlaqələrə meyilli davrandığı kimi. Yaxud Rusiya ilə Ermənistan arasındakı münasibətlər Bakı ilə Ankara arasında mövcud olan dostluq-qardaşlıq əlaqələrinə oxşar qurmağa çalışılsa da, zaman-zaman İrəvanın müəyyən maraqlarının üzə çıxması onun Kreml tərəfindən cəzalandırılması ilə nəticələnib. Hansı ki, yaşadığımız günlərdə də Moskva İrəvanı yol verdiyi səhvlərə görə cəzalandırır. Lakin bütün bunlardan fərqli olaraq Türkiyə-Azərbaycan münasibətlərində heç zaman qeyd etdiyimiz mənfi tendensiyalar olmayıb və əminliklə deyə bilərik ki, bundan sonra da olmayacaq. Çünki iki qardaş ölkə arasında münasibətlər, əlaqələr tarixi köklərə malikdir, bu iki ölkəni tarixlə bərabər, həm də səmimi münasibətlər birləşdirir. Ankara və Bakı xoş günlərdə olduğu kimi, dar, üzüntülü günlərdə də bir-birinin yanındadır.
Tarixdən üzü bəri bu belə olub. Təkcə elə yazın tarixə diqqət etsək, bu əminlik bir daha özünü təsdiqləmiş olar. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsinə etiraz əlaməti olaraq işğalçı ilə bütün diplomatik və iqtisadi, eləcə də digər əlaqələri kəsən qardaş Türkiyə Ermənistanla əlaqələri kəsməsinin iqtisadiyyatına külli miqdarda zərbə vurmasının təəssüfünü qəti çəkmədi. Hər dəfə İrəvandan edilən jestləri rədd edərək qardaş Azərbaycanın yanında olduğunu isbatladı.
44 günlük Vətən müharibəsində bütün dünya bir tərəfdə, Türkiyə isə Azzərbaycanın yanında olmaqla tarixi qələbəmizə yardımçı oldu. Ərazilərimizin azad edilməsi prosesində beynəlxalq təpkilərə baxmayaraq Azərbaycanı meydanda tərk buraxmadı.
Eyni ilə Vətən müharibəsindən sonrakı qələbə sevincində Türkiyə Azərbaycanla eyni sevinci paylaşdı, qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda qələbə paradında iştirak etdi.
Azərbaycanla Türkiyə arasında dostluq-qardaşlıq münasibətləri hər ötən gün özünün yeni bir mərhələsinə qədəm qoyur deyə bilərik. 44 günlük Vətən müharibəsindən sonrakı dönəmdə bu münasibətlər bir qədər də inkişaf eidb. Tarixi Şuşa bəyannaməsi Azərbaycanla Türkiyə arasında yeni dönəm üçün yeni münasibətlər formalaşdırdı, iki qardaş ölkənin strateji müttəfiq olmasını rəsmən təsdiqlədi.
Bu gün Türkiyə erməni işğalından azad edilən ərazilərin yenidən qurulmasında da yaxından iştirak edir, bu ərazilərdə əldə edilən hər bir uğur və nailiyyəti qardaş uğuru hesab edərək onunla qürurlanır, fərəh hissi keçirir. Bunu bir müddət əvvəl Füzuli rayonunda beynəlxalq hava limanının istifadəyə verilməsi mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsinin timsalında söyləmək mümkündür.
Eyni ilə də Azərbaycan Türkiyənin əldə etdiyi hər bir uğura sevinir, ona şərik çıxır və öz nailiyyəti hesab edir. Həmçinin təkcə Türkiyənin bu nailiyyətlərində, sevinc mərasimlərində rəsmi Bakı, onun prezidenti bilavasitə iştirak edir. Elə Türkiyədə dənizin üzərində inşa edilən nəhəng layihə - Rize-Artvin Hava Limanının açılışında Azərbaycan prezidenti İlham Əliyevin iştirakı da bunun əyani sübutudur. iki qardaş ölkə rəhbəri - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə açılışı Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və ardıcıl inkişaf etdiyini nümayiş etdirir.
Onu da qeyd etmək lazımdır ki, kifayət qədər böyük layihə olan, eyni zamanda təkcə Türkiyə deyil, həmçinin qonşu ölkələr üçün faydalı sayıla biləcək Rize-Artvin Hava Limanının Gürcüstana da faydaları misilsiz olacaq. Artıq Gürcüstana gələn turistlər Türkiyəyə keçmək üçün Artvin yolu ilə saatlarla vaxt sərf etməyəcəklər və qısa müddət ərzində sözügedən hava limanından yararlanmaqla qardaş ölkəyə səfər edə biləcəklər. Bu isə Türkiyənin iqtisadi potensialına müsbət təsirsiz ötüşməyəcək.
Bütün bu əldə edilən nailiyyətlərin təməlində isə heç şübhəsiz ki, düzgün idarəçilik, uğurla həyata keçirilən siyasət dayanır. Azərbaycan Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində gündən-günə inkişaf etdiyi kimi, qardaş Türkiyə də ötən illər ərzində prezident Rəcəb Tayyib Ərdoğanın rəhnərliyi dövründə dünyanın aparıcı ölkələrindən birinə çevrilib. Hazırda Türkiyədə bütün sahələrdə yüksək tərəqqi nümayiş olunur. İki qardaş ölkənin sürətli inkişafı, tərəqqisi fonunda daha da möhkəmlənən Türkiyə-Azərbaycan əməkdaşlığı isə təkcə Ankara ilə Bakı arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Süleyman İsmayılbəyli