Müstəqil Azərbaycan zəngin dövlətçilik tariximizə sahib çıxır, onu inkişaf etdirir

İstiqamət-Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Azərbaycan zəngin dövlətçilik tarixinə malikdir. Hələ eramızdan əvvəl yerləşdiyimiz coğrafiyada Albaniya, Xəzər, Atropatena kimi dövlətlər mövcud olmuşdu. Hər bir dövlətin malik olduğu adət-ənənələr, mədəniyyətin müəyyən bir hissəsi əsrlər keçməsinə baxmayaraq yaşadılıb inkişaf etdirilmiş, günümüzə qədər gəlib çıxmışdı.

Azərbaycanın zəngin dövlətçilik tarixi, milli adət-ənənələri, mədəniyyəti bu gün də özünün zamanın, dünyada cərəyan edən proseslərin fonunda yaşadılır, inkişaf etdirilir. Hazırda vətəndaşı olduğumuz və qürur hissi ilə dilə gətirdiyimiz müstəqil Azərbaycan Respublikası və onun rəhbərliyi bilavasitə dövlətçilik tariximizin, adət-ənənələrimizin, mədəniyyətimizin inkişaf etdirilməsinə maraq göstərir, bu istiqamətdə məqsədyönlü addımlar atır. Ümummilli lider Heydər Əliyevin zamanında, 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 80 illiyinin respublika səviyyəsində geniş miqyasda qeyd edilməsinin özü müstəqil Azərbaycan Respublikasının dövlətçilik tarixinə nə qədər bağlı olduğu, ona önəm verdiyini təsdiqləyirdi. Təsadüfi deyil ki, mərhum prezident Heydər Əliyev çıxışları zamanı dəfələrlə müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu bəyan edirdi.

Ümummilli liderin söyləmiş olduğu bu fikirlər əslində sıradan, təsadüfən deyilən bir söz deyildi. Heydər Əliyev bununla təkcə ölkə ictimaiyyətini deyil, eyni zamanda dünya birliyini, beynəlxalq aləmi bilgiləndirmiş olurdu ki, Azərbaycanın zəngin dövlətçilik tarixi və ənənələri var və müstəqil Azərbaycan da bu dövlətçilik tarixinə sadiqdir, ona ehtiram hissi duyur, tarixi ənənələri qoruyub-saxlayır, inkişaf etdirir.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də respublikaya rəhbərlik etdiyi 20 ilə yaxın müddət ərzində məhz bu ənənələri inkişaf etdirib, ümummilli liderin siyasətini davamçısı kimi tarixə düşüb. Cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinin, eləcə də 100 illiyinin qeyd edilməsi haqqında, eyni zamanda Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin  130 illik yubileyinin keçirilməsi barədə sərəncamları, 2018-ci ilin Azərbaycanda "Xalq Cümhuriyyəti İli" elan edilməsi dövlət başçısının dövlətçilik tariximizə nə dərəcədə önəm verdiyi, onu yaşatdığının əyani təcəssümü idi. Təsadüfi deyil ki, Cənab İlham Əliyev də ümummilli lider Heydər Əliyevin Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki müstəsna xidmətləri, rolu barədə söylədiyi fikirləri inkişaf etdirərək deyirdi: ""Biz qanuni qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub. Demokratik respublikanın ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir".

Müstəqil Azərbaycan və onun rəhbərliyi dövlətçilik tariximizə sahib çıxmaq, onu inkişaf etdirməklə yanaşı, onun milli adət-ənənələrini, elm və mədəniyyətini də qoruyub saxlayır, onları inkişaf etdirir, bu istiqamətdə tarixin müxtəlif dövrlərində yaşayın yaratmış elm və mədəniyyət xadimlərimizi gənc nəslə tanıtdırır, onların adını əbədiləşdirir. Bu sırada Azərbaycanın tanınmış maarifçisi, yazıçı və publisisti Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi məqsədilə imzalanmış prezident sərəncamını qeyd etmək yerinə düşər. Məlumdur ki, Əli bəy Hüseynzadə türk xalqlarının mədəni inteqrasiyasının təşəkkül tapmasında mühüm rol oynayan şəxsiyyətlərdən olub. Əli bəy Hüseynzadə çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi ilə də Azərbaycanın maarifçiliyi tarixində özünəməxsus iz qoyub, ad, şan-şöhrət sahibi olub. Əli bəy Hüseynzadə Azərbaycanın elm, maarifçilik tarixinə qiymətli töhfələr verən görkəmli ictimai xadimlərdən olub və onun 150 illlik yubileyinin keçirilməsi barədə imzalanmış prezident sərəncamı əslində elm və mədəniyyətimizə dövlət səviyyəsində verilən dəyər sayıla bilər.

Eyni fikri Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadimlər Hüseyn Cavid və  Əhməd Cavadın 130 illiklərinin qeyd edilməsi ilə bağlı imzalanmış sərəncamlara da şamil etmək olar.

Bildiyimiz kimi bu günkü müstəqil Azərbaycan Respublikasının dövlət himninin sözləri məhz böyük mütəfəkkir, dahi şəxsiyyət Əhməd Cavada aiddir. Əhməd Cavad şerlərində, bədii yaradıcılığında Azərbaycanın dövlət rəmzləri yüksək ustalıqla, vətənpərvərlik ruhunda tərənnüm edilmişdir və aradan uzun illlər keçməsinə baxmayaraq bu gün də onun şerləri sevilə-sevilə oxunur. Bunu şərtləndirən başlıca amil isə müstəqil Azərbaycan dövləti və onun rəhbərliyinin tariximizə, elm və mədəniyyətimizə yönəlik siyasəti, bu sahədə yaşayıb-yaratmış dahi şəxsiyyətlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində addımlar atmasıdır.

Süleyman İsmayılbəyli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31