Füzuli Peşə Liseyi ümumən Qarabağ zonası üçün əhəmiyyətli olacaq
12 May 2022 14:58 SiyasətArtıq bir ildən çoxdur ki, erməni işğalından azad edilən ərazilərdə geniş miqyaslı qurucluq-abadlıq işləri həyata keçirilir. Bütün azad edilmiş şəhər və rayonlarda həyata keçirilən bu tədbirlər Qarabağa canlanma gətirir, yeni həyat verir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin birbaşa nəzarəti altında görülən işlərin miqyası o qədər genişdir ki, müharibədən yenicə çıxmış bir ölkənin daxili imkanlar hesabına bu qədər işlər görməsi beynəlxalq aləmdə də təəccüblə qarşılanır.
Ötən müddət ərzində Füzuli rayonunda beynəlxalq hava limanının istifadəyə verilməsi, Şuşada aparılan geniş miqyaslı qurucluq işləri nəticəsində otel və mehmanxana kompleksi, dini ibadət yerlərinin təmir olunub istifadəyə verilməsi, Zəngilanda "Ağıllı kənd" layihəsinin icrasına başlanılması, eləcə də digər bu kimi inbfrastruktur layihələri Qarabağa böyük qayıdışın tezliklə baş tutacağına bir daha ölkə vətəndaşında, xüsusilə də məcburi köçkünlərdə əminlik yaradır.
Dövlət başçısı bu günlərdə də işğaldan azad edilən ərazilərdə səfərdədir və orada həyata keçirilən quruculuq-abadlıq işləri ilə yaxından tanış olur, yeni-yeni obyektlərin, təhsil və səhiyyə, mədəniyyət müəssisələrinin təməlini qoyur. Bir neçə gün əvvəl Füzuli rayonuna səfəri çərçivəsində də dövlət başçısı həm sözügedın rayon, həm də ümumilikdə Qarabağ üçün mühüm əhəmiyyət kəsb edəcək yeni-yeni tikililərin təməlini qoiydu. Bunlardan biri də Füzuli şəhərində inşa olunacaq Peşə Liseyi idi. Belə ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Füzuli Peşə Liseyinin təməlqoyma mərasimində iştirak etdilər. Məlumat üçün qeyd edək ki, 3,2 hektar ərazini əhatə edəcək Peşə Liseyi Kompleksində tədris, laboratoriya təcrübələri, idman binaları və meydançası yaradılacaq. Burada, həmçinin avtomobil təmiri emalatxanası, avadanlıq və texnika, təsərrüfat anbarları, təsərrüfat qurğusu, praktik təlimlər qurğusu da inşa ediləcək.
Prezident İlham Əliyevin bu günlərdə Füzuli rayonuna səfərinə diqqət çəkən Təhsilə Dəstək və Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Ruhiyyə Mehdiyeva deyir ki, dövlət başçısının işğaldan azad edilən şəhər və rayonlarımıza hər bir səfəri diqqət çəkən məqamlarla, yeniliklərlə yadda qalır. İctimai Birlik sədri vurğulayıb ki, Füzuli rayonuna səfər də bu baxımdan əlamətdar oldu: "Füzuli beynəlxalq hava limanının açılışından sonra mən deyərdim ki, bu rayon, ümumilikdə Qarabağ regionu üzrə ikinci mühüm hadisə ondan ibarət oldu ki, burada Peşə Liseyinin təməli qoyuldu. Hesab edirəm ki, Füzuli Peşə Liseyi təkcə Füzuli rayonu deyil, eləcə də ətraf rayonlar, ümumən Qarabağ zonası üçün əhəmiyyətli olacaq, qonşu rayonlardan da buraya peşə təhsil almağa üz tutacaqlar. Bir müddət əvvəl Füzuli beynəlxalq hava limanının da istifadəyə verilməsini nəzərə alsaq, o zaman sözügedən Peşə Liseyinin nə dərəcədə cəlbedici olacağını proqnozlaşdıra bilərik. Bu da bir daha onu deməyə əsas verir ki, işğaldan azad edilən ərazilərdə dövlət başçısının rəhbərliyi altında görülən işlər, həyata keçirilən infrastruktur layihələri, yeni-yeni obyektlərin təməlinin qoyulması bir-birinə bağlı şəkildə həyata keçirilir. Yəni atılan bir addım, istifadəyə verilən hər hansı bir müəssisə, obyekt öz-özlüyündə digər bir addımın, obyektin açılmasına zəmin yaradır. Bir sözlə bütün həyata keçirilən tədbirlər bir-biri ilə həlqəli şəkildə əlaqələnir".
Ruhiyyə Mehdiyeva onu da qeyd edib ki, Füzuli rayonunda Peşə Liseyinin tikilməsi təsadüfi deyil. İctimai Birlik sədrinin sözlərinə görə, artıq bir müddətdir ki, ölkəmizdə peşə təhsilinin inkişaf etdirilməsi istiqamətində müvafiq addımlar atılır: "Məlum olduğu kimi Prezident İlham Əliyevin 2016-cı il aprelin 20-də imzaladığı Fərmanla Azərbaycanda Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. Bu sıradan bir fərman deyildi və mütəxəssislərin, ekspertlərin uzun illər ərzində apardıqları tədqiqatların nəticəsi ondan ibarət idi ki, tədricən dünya üzrə peşə təhsilinə maraq artacaq və bu səbəbdən peşə təhsilini müasir dövrün çağırışlarına uyğun qurmaq lazımdır. Cənab Prezidentin məhz sözügedən fərmanı da Azərbaycanda peşə təhsilini müasir çağırışlara uyğun təşkil etmək istəyindən irəli gəlirdi. Təsadüfi deyil ki, ötən qısa müddət ərzində qeyd edilən istiqamətdə mühüm addımlar atılıb və Azərbaycanda peşə təhsilinin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyən edilib. Paytaxtla yanaşı, bölgələrdə də yeni-yeni peşə təhsili müəssisələri qurulub və Füzuli rayonunda Peşə Liseyinin təməlinin qoyulması da bu istiqamətdə həyata keçirilən layihələrdən biridir. Azərbaycanın əksər bölgələri kimi Qarabağ zonasında da tarixən müxtəlif peşələr mövcud olub, yerli əhali əsrdən-əsrə həmin peşələri inkişaf etdirib. Füzuli Peşə Liseyinin fəaliyyətə başlaması isə həm tarixi ənənələrin bərpası, həm də həmin peşələrin müasir dövrümümüzn tələblərinə uyğun, yeni texnologiyalar tətbiq etməklə daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olacaq".
S.İsmayılbəyli