Azadlığına qovuşan Şuşanın "Xarıbülbül" festivalı
12 May 2022 14:39 Siyasət"Xarıbülbül" musiqi festivalı xalqlar arasında mədəniyyət körpüsünə çevriləcək
Yazın gəlişi ilə al-əlvan rəngə boyanan qədim Şuşa daha bir musiqi festivalına evsahibliyi edir. İyirmi doqquz illik işğaldan sonra qədim mədəniyyət beşiyimiz olan Şuşa yenidən öz qucağını doğmalarına açıb. Bununla mədəniyyət paytaxtımızın daha bir həsrətinə son qoyulub. Mayın 12-də Azərbaycanın qədim şəhərində "Xarıbülbül" festivalına start verildi. Xarıbülbül Musiqi Festivalı-1989-cu ildən Şuşa şəhərində keçirilən beynəlxalq musiqi festivalıdır. "Xarıbülbül" beynəlxalq musiqi festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan kimi ölkələrin və SSRİ respublikalarının iştirakı ilə keçirilib. Lakin Qarabağ münaqişəsinin başlaması və mənfur qonşumuz Ermənistan silahlılı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal olunması ilə festivalın keçirilməsi mümkün olmamışdır. Sonuncu festival 1992-ci ilin may ayında baş tutub. Festival yalnız qısa müddətdə Ağdam şəhəri işğal olunana qədər orada keçirilib. İşğal altında olan tərpaqlarımız azad edildikdən sonra ənənəvi mədəni tədbirlərimizə start verilib. İlkin olaraq Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan edilib. Bu sərəncamla Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı da bərpa olunub. 2021-ci il mayın 12-i və 13-də Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə "Xarıbülbül" festivalı keçirilib. Artıq ikinci dəfədir ki, dünyanın gözü mədəniyyət paytaxtımız olan Şuşaya dikilib. Artıq bir çox dünya ölkələrinin folklar qrupları Qafqazın mədəniyyət beşiyi olan Şuşada baş tutan "Xarıbülbül" festivalında iştirak edirlər. Cıdır düzündə düzənlənən musiqi festivalı özünəməxsusluğu ilə dünyanı heyran etməkdədir.
Qarabağ münaqişəsi başlayandan Azərbaycanda qədimdən Xarıbülbül adlanan bitki xalqımızın mübarizəsinin rəmzinə çevrilib. Xarıbülbül Azərbaycanın Şuşa və ətraf ərazilərində geniş yayıldığından daha çox Qarabağ ilə ifadə olunur. Ona görə də mədəniyyətdə, incəsənətdə və ədəbiyyatda Xarıbülbül ifadəsi işləndikdə həmişə söhbətin Qarabağdan getdiyi aydın olurdu. Qarabağ ərazisi işğal olunduqdan sonra isə Xarıbülbül bəlkə də bir çoxları üçün nisgil, kədər, ağrı, həsrət simvoluna çevrilib. Məlumat üçün qeyd edək ki, Xarıbülbülə qədim türk əsatirlərində də geniş yer verilib. Belə ki, o xar olmuş, qəmli bülbül qədim türk əsatirlərində döyüşdə ağır yaralanmış bir əsgərin son ümidi olaraq bilinirdi. Qədim türk əfsanəsində deyildiyi kimi, Oğuz xanın alpaqutlarından (şəhid olan döyüşçü) birinin son nəfəsdə sinəsində gəzdirdiyi bülbülün ayağına qanlı köynəyindən cırıb sevgilisi Aybükə xanıma göndərdiyi namə ilə simgələşən bir üzüntülü nakam sevgi hekayəsidir. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsi dövründə isə həyatını itirən şəhidlərin xatirəsinin anılmasında Xarıbülbül nişanəsi sosial şəbəkələrdə geniş yayılmağa başladı. Xarıbülbülün əzəməti, məğrurluğu, haqsızlığa qarşı əyilməz duruşu onu əfsanədən qələbə simvoluna çevrilməyə başladı. Tədricən isə nişan azadlıq müharibəsinin simvoluna çevrildi. O, şəhidlərin xatirəsinin və Azərbaycan ordusunun zəfər simvolu kimi məşhurlaşmağa başladı və Azərbaycanda hər kəs tərəfindən yüksək sevgi, ehtiram, müqəddəs bir simvola çevrildi.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Şuşa ili ilə bağlı Tədbirlər Planı"na əsasən keçirilən "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı mayın 12-də öz işinə start verib. Rəsmi məlumata görə, sayca beşinci festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin iştirakı nəzərdə tutulur. Beynəlxalq Folklor Festivalında Türkiyə, Pakistan, Mali, Tunis, Gürcüstan, və Özbəkistanın folklor qrupları təmsil olunacaqlar.
Şuşada "Xarıbülbül" Beynəlxalq Folklor Festivalının keçirilməsinin ölkəmiz üçün siyasi, iqtisadi, humanitar və ən nəhayət mədəni əhəmiyyəti danılmazdır. Festivalda Azərbaycanda və dünyada yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim edilməsi heç şübhəsiz ki, ölkələr arasında mədəni əlaqələrin inkiafına töhvə verəcək. Təkcə bu fakt "Xarıbülbül" festivalının xalqlar arasında mədəni körpü rolu oynayacağına dəlalət edir. "Xarıbülbül" festivalı həm də Azərbaycanda yaçayan çoxsaylı xalqların birlik nümunəsi, həmrəylik təcəssümüdür. Etiraf edilməlidir ki, ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırır. Hələ ötən il keçirilən festivalda bu mesajın əhəmiyyətini xüsusi vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan - Şuşadan, qədim torpağımızdan mesaj veririk". Qətiyyətlə demək olar ki, artıq işğaldan azad olunan torpaqlarımız hazırda mənən də dirçəlir. Məhz Cıdır düzündə keçirilən "Xarıbülbül" musiqi festivalı bunun əyani təsdiqidir.



Alim