ABŞ dövlət katibinin telefon zəngində əksini tapan 3 mühüm məqam

Bu bir danılmaz faktdır ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regionda yeni reallıq yaradıb və bu reallıqla dünya dövlətləri, Qafqazda marağı olan güc mərkəzləri də hesablaşmaq məcburiyyətindədirlər. Hər halda İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana olan marağın artması, Bakı ilə müxtəlif sahələrdə əməkdaşlığa yönəlik təşəbbüslər belə deməyə əsas verir. İndi bu maraq, Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək istəyi təkcə Avropa deyil, eləcə də Birləşmiş Ştatlardan da aydın şəkildə hiss edilir. Son aylarda Vaşinqtonla Bakı arasında artan diplomatik təmaslar fonunda bunu aydın şəkildə görmək mümkündür. Həm Ağ Ev rəhbəri Co Bayden tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmış bir neçə təbrik məktubu və həmin məktublarda əməkdaşlığın yeni perspektivləri barədə fikirlərin əks olunması, həm də Birləşmiş Ştatların dövlət katibinin Antoni Blinken son iki ayda bir neçə dəfə dövlət başçısı İlham Əliyevlə telefonla danışaraq həm Vaşinqton-Bakı münasibətləri, həm də regiondakı vəziyyəti, xüsusilə Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlar prosesini müzakirə etməsi Ağ Ev administrasiyasının Azərbaycana olan marağının təcəssümüdür.

Xəbərlərdən də aydın olduğu kimi ötən gün Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken yenidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığında diqqət çəkən bir sıra məqamlar var ki, onlara ayrı-ayrılıqda nəzər yetirməyə zərurət var.

Birincisi, telefon danışığı əsnasında ABŞ dövlət katibi Antoni Blinken ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təbriklərini çatdırıb ki, bu da son illərdə nadir hallarda qeydə alınan bir hadisədir. Belə ki, bir qayda olaraq amerikalı rəsmilər, Ağ Ev rəhbəri, yaxud dövlət katibi milli bayramlarda, Xəzər neft-qaz sərgisi ərəfəsində, müstəqillik günlərində Azərbaycan dövlət başçısına təbrik ünvanlayır və həmin təbrik məktubunda da əməkdaşlıq məsələlərindən bəhs edilirdi. Ancaq bu dəfə ABŞ dövlət katibinin Azərbaycan Prezidentinə zəng etməsi ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə təsadüf edir. Telefon zəngi zamanı Antoni Blinkenin ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təbriklərini çatdırması həm də siyasi baxımdan o mənanı ehtiva edir ki, Ağ Ev adminsitrasiyası yaxın coğrafiyamızda, ətraf qonşularımızda hakimiyyət dəyişikliklərinə yönəlik cəhdlərdən fərqli olaraq Azərbaycanda Heydər Əliyev siyasi kursunun davam etməsində maraqlıdır və Vaşinqton Bakı ilə siyasi müstəvidə əməkdaşlığın daha da inkişafında israrlıdır. Çünki Heydər Əliyev kursu və bu kursun hazırkı dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığına yol açıb. Xüsusilə, Azərbaycan dövlətinin həyata keçirdiyi balanslaşdırılmış siyasət okenaın o tayında yüksək dəyərləndirilir.

Birləşmiş Ştatların dövlət katibinin Azərbaycan Prezidentinə telefon zəngində diqqət çəkən digər mühüm məqam Bakı ilə İrəvan arasında aparılan danışıqlara diqqət çəkilməsidir. Belə ki, ABŞ Dövlət katibi Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.

Buradan da hasil olan nəticə ondan ibarətdir ki, Azərbaycan qədər də Birləşmiş Ştatlar da Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması arzusundadır. Çünki bunun əksi baş verəcəyi təqdirdə, yəni Ermənistanda revanşist qüvvələr hakimiyyətə gəlib Qarabağa yenidən təxribatlara əl atacağı təqdirdə üçüncü Qarabağ müharibəsi qaçılmaz olacaq. Belə bir müharibənin baş verməsi isə indiki halda nə Birləşmiş Ştatlar, nə də Avropanın marağındadır. Çünki üçüncü Qarabağ müharibəsinin baş verməsi Avropanın enerji təhlükəsizliyinin zərbə altında qalması demək olacaq. Ukraynaya qarşı təcavüz səbəbindən Rusiya neft və qazından imtina edən Avropa yeganə ümid yeri kimi Azərbaycana baxır. Ancaq Qarabağda baş verə biləcək hər hansı xoşagəlməz olay Avropa, o cümlədən Birləşmiş Ştatlar üçün müsbət hem nə vəd etməyəcək. Ona görə Ağ Ev administrasiyası da Azərbaycanla Ermənistan arasında danışıqların davam etdirilməsi və tərəflər arasında sülh müqaviləsinin bağlanmasından yanadır. Antoni Blinkenin bu açıqlaması həm də Ermənistan cəmiyyətinə, eyni zamanda hazırkı Ermənistan hakimiyyətini devirməyə çalışan revanşist qüvvələrə bir mesajdır ki, Vaşinqton Ermənistanda baş verən prosesləri bu ölkənin daxili işi hesab etsə də, lakin orada hakimiyyət dəyişikliyini də dəstəkləmir və qəbul etmir. İndiki halda ən məqbul variant Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasıdır.

Nəhayət, ABŞ dövlət katibinin Prezident İlham Əliyevə telefon zəngində diqqət edilməli olan üçüncü mühüm məqam  Antoni Blinkenin nəqliyyat xətlərinin açılması ilə bağlı söylədiyi fikirlərdir.  Antoni Blinkenin ölkəsinin Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə dəstək verməyə hazır olduğunu vurğulaması o deməkdir ki, okeanın o tayında da nəqliyyat dəhlizlərinin açılmasının təkcə bölgə deyil, ümumilikdə beynəlxalq səviyyəli əhəmiyyətini anlayırlar. Çünki sülh sazişindən sonra açılacaq nəqliyyat dəhlizləri ümumilikdə dünya üçün əlverişli olacaq. ABŞ dövlət katibinin nəqliyyat dəhlizlərinin açılmasını Vaşinqtonun dəstəkləməsi barədə fikirləri həm də o anıama gəlir ki, Amerika da Zəngəzur dəhlizinin açılmasından yanadır və Azərbaycanın bu istiqamətdəki səylərini, mövqeyini dəstəkıləyir.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31