Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamaqdan başqa alternativi yoxdur
12 May 2022 12:42 SiyasətGörünən odur ki, Ermənistanda müəyyən qüvvələr Azərbaycanla sülh müqaviləsinin imzalanmasına qarşıdırlar və onların qarşılarına qoyduqları əsas məqsəd ondan ibarətdir ki, maksimum dərəcədə Bakı ilə İrəvan arasında sülh mqaviləsi imzalanmasın. Elə son həftələr ərzində bu ölkədə yaşananlar belə deməyə əsas verir. Artıq bir xeyli müddətdir ki, Ermənistanda kütləvi aksiyalar keçirib Paşinyan hakimiyyətini devirməyə çalışan revanşistlərin əsas hərəkətverici qüvvəsi isə keçmiş prezidentlər Serj Sərkisyan və Röbert Köçəryandır. Əslində prosesləri dərindən təhlil etdikdə ortaya çıxan mənzərə ondan ibarətdir ki, Sərkisyan-Köçəryan cütlüyünü heç də Ermənistan xalqı, erməni cəmiyyəti düşündürmür, onları əsas narahat edən və narazı salan Ermənistan hakimiyyətinin Qarabağ klanının əlindən çıxmasıdır. Heç kimə sirr deyil ki, Qarabağ münaqişəsi başlayandan etibarən Ermənistanı Qarabağ klanı idarə etmiş və bu klan Azərbaycan ərazilərini işğal etdikdən sonra həmin ərazilərdə qurduqları bizneslə milyardlar qazanmışdı. Bu azmış kimi Ermənistan dövlətini də tamamilə iflas durumuna salmış və ermən xalqını müflisləşdirmişdi. Yalnız özlərinin və öz yaxın ətraflarının varlanması üçün çalışan Sərkisyan və Köçəryan cütlüyü indi bütün iqtisadi imkanlardan məhrum olub. Nikol Paşinyandan qisaslarını almaq üçünsə onlara indi əlverişli şərait yaranıb.
Ancaq burada diqqət çəkən məqam ondan ibarətdir ki, keçmiş prezidentlərin revanşist mövqeyini heç də erməni cəmiyyəti bütünlüklə qəbul etmir. Yalnız pozuculuq, dağıdıcılığa meyilli, Sərkisyan-Köçəryan hakimiyyəti dövründə qeyri-qanuni silahlı birləşmələr yaradaraq soyğunçuluq və talançılıqla məşğul olan ayrı-ayrı şəxslər Ermənistandaxili vəziyyətin gərignləşməsinə və Paşinyanın devrilməsinə çalışırlar və bunun üçün də sabiqlərin təşkil etdiyi aksiyalarda iştirak edirlər. Erməni xalqının mütləq əksəriyyəti isə hazırkı Paşinyan hakimiyyətinin tərəfindədir və onlar bir reallığı artıq qəbul edirlər ki, Azərbaycanla sülh müqaviləsi bağlanmadığı təqdirdə itirəcəkləri çox şey olacaq. Çünki dövlət sərhədində hər törədilən təxribata qarşı Azərbaycan Ordusunun cavabı sarsıdıcı olur ki, bu da övladı hərbi xidmət keçən neçə-neçə erməni ailəsində acı izlər buraxır. Ona görə də hazırkı situasiyada Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamaqdanb başqa alternativi yoxdur. Elə Milli Məclisin deputatı Sədaqət Vəliyeva da bu qənaətdədir. Millət vəkili bildirib ki, son zamanlar Ermənistanda mitinq adı altında keçirilən şou tamaşaları publikaya hesablanmış və erməni cəmiyyətinin ictimai rəyini çaşdırmaq üçün edilən manevrlərdir: "Maraqlıdır mitinq üçün meydanlara çıxan insanlara, sabah müharibə başlayır və meydanda qalan hər kəs müharibəyə aparılacaq deyilsə, neçə nəfər meydanda qalar və müharibəyə gedər? Əlbətdə tam əminəm ki, bu sualdan sonra bir nəfər belə həmin meydanda qalmayacaq".
Sədaqət Vəliyeva bildirib ki, danılmaz reallıqdır ki, Ermənistana müharibə lazım deyil və erməni cəmiyyəti müharibə istəmir: "Bu gün Ermənistanda hər bir sahədə böhran və xaos hökm sürür. Və bütün bunların əsas səbəbkarları Ermənistandakı revanşist qüvvələr və bu qüvvələrə rəhbərlik edən Sarkisyan-Köçəryan cütlüyüdür. Hakimiyyətdə olduqları dövrlərdə erməni cəmiyyətini illərlə öz yalanları ilə aldadan bu cütlük, bu gün də öz yarıtmaz siyasətlərindən geri qalmırlar. Əslində Sarkisyan-Köçəryan cütlüyü mitinqlər keçirməklə öz yalanlarını, yarıtmaz siyasətlərini ört-basdır etməyə və bu mitinqlərdən təzyiq vasitəsi kimi istifadə etməyə çalışır."
Böhranın, özbaşınalığın və xaosun hökm sürdüyü Ermənistanda keçirilən mitinqlər və qarşıdurmalar mövcud vəziyyəti daha da ağırlaşdırır - deyən Sədaqət Vəliyeva əlavə edib ki, bu gün Ermənistana Azərbaycanla sülh müqaviləsi imzalamaq hava və su kimi lazımdır. Yaxşı olardı ki, Ermənistanda mitinqlər keçirmək, qarşıdurmalar yaratmaq əvəzinə mövcud reallıqları qəbul edərək Azərbaycanın onlara verdiyi tarixi şansı dəyərləndirsinlər: "Keçirilən mitinqlər regionda sülhə təhdid olmaqla yanaşı, Ermənistanda hökm sürən ağır vəziyyəti daha da dərinləşdirir və bütün bunlar Ermənistanın bir dövlət kimi varlığına böyük təhlükədir".
Süleyman