Azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır

"Biz - bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür"

44 günlük Vətən müharibəsindəki qələbədən sonra qarşıda duran əsas məsələlərdən biri məcburi köçkünlərin öz doğma dədə-baba yurdlarına qayıtmasından ibarətdir. Məlumat üçün qeyd edək ki, dövlətin bununla bağlı "Böyük Qayıdış" proqramı var və artıq bu istiqamətdə ciddi addımlar atılmaqdadır. Məlum olduğu kimi məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı üçün ən vacib şərtlərdən biri lazımi infrastrukturun yaradılmasıdır. Artıq bu istiqamətdə də lazımi tədbirlər həyata keçirilməkdədir. Belə ki, hazırda Ağdama, Şuşa və Fizuliyə avtobus marşrutları təşkil edilməkdədir. Paralel olaraq işğaldan azad edilmiş ərazilərin böyük hissəsi minalardan təmizlənib və yaşayış üçün vacib infrastrukturun yaradılması işinə start verilib. Elə prezdent İlham Əliyevin Füzuli və Şuşaya son səfəri zamanı iştirak etdiyi təməlqouma mərasimləri dediklərimiz bir daha təsdiq edir. Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərişıq" ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzini işə salandan sonra etdiyi müraciətdə də görülən işlər barədə danışıb: "Bu gün Qarabağ dirçəlir. Bu gün Füzulidə və Şuşada bir neçə tədbirdə iştirak etmişəm. Bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır. Əslində, şəhərlər, kəndlər yenidən qurulur. Çünki işğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir, bütün tarixi abidələrimizi dağıtmışdır, Qarabağın, bölgənin, Qafqazın incisi olan Şuşa kimi şəhəri bərbad hala qoymuşdur. Biz - bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik. Bu gün mayın 10-da mən mütləq burada olmalı idim. Ulu Öndərin xatirəsinə öz ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməli, bir daha deməli idim ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq".

Sözün həqiqi mənasında işğaldan azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən tikinti-quruculuq işləri deməyə əsas verir ki, Qarabağ tezliklə dünyanın ən gözəl bölgələrindən birinə çevriləcək. Hazırda Azərbaycan xalqı böyük qayıdış dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə böyük bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. İşğaldan azad olunduqdan sonra qısa müddətdə bu ərazilər minalardan təmizlənmiş, elektrik və su təchizatı yüksək səviyyədə həyata keçirilmiş, dəmir və avtomobil yollarının çəkilişinə başlanılmışdir. Yaxın vaxtlarda işğaldan azad edilmiş bir neçə rayonun kənd və qəsəbələrində yaşayış məntəqələrinin salınmasına başlanacaq. Artıq bu məqsədlə 21 yaşayış məntəqəsinin layihələndirilməsi işlərinin həyata keçirilməsi üçün tenderə yekun vurulub. Məlum olduğu kimi  Zəngilanda inşa edilən ilk ağıllı kənd məskunlaşmaya hazırdır. 2022-ci il Azərbaycan tarixinə Böyük Qayıdışın başlanğıc ili kimi düşəcək. Zəngilanın Ağalı kəndində 250 ailənin, Füzuli rayonun Dövlətyarlı kəndində isə 450 ailənin məskunlaşacağı gözlənilir. Digər kənd və qəsəbələrin inşası və yenidən qurulmasına yaxın zamanlarda başlanacaq. Artıq bu məqsədlə layihələşdirmə və bəzi yaşayış məntəqələrinin inşası üçün dövlət büdcəsindən maliyyə də ayrılıb. Ağdam, Cəbrayıl və Füzulidə rayon mərkəzlərinin yenidən qurulması ilə bağlı ilkin yaşayış binalarının inşası və layihələndirməsi işləri də sürətli şəkildə həyata keçirilir. İlkin yaşayış məntəqələri yerləşəcək ərazilərimizin minalardan təmizlənmə işləri başa çatdırılsa da bütövlükdə minaların sayının çoxluğu  məskunlaşma üçün əsas çətinliklərdən hesab olunur. Qeyd edək ki, artıq Füzuli şəhər Peşə Liseyinin yaradılması təmin edilib. Yaxın vaxtlarda yeni parkın salınması, xəstəxananın tikilməsi Böyük Qayıdışın daha da yaxınlaşdırılması üçün aparılan işlərin tərkib hissəsi hesab olunur. Millət vəkili Vüqar Bayramov qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün 4.4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Artıq o vəsaitin yarıdan çoxu infrastrukturun formalaşması üçün istifadə olunub. 2022-ci ildə də 2.2 milyard manat vəsaitin ayrılması planlaşdırılıb. Bütövlükdə işğaldan azad edilən ərazilərimizdə infrastrukturun qurulması, məskunlaşma ilə bağlı həyata keçirilən işlər daxili maliyyə mənbələrinin hesabına reallaşdırılır: "Ümumi sistemə daxil olan "Köndələnçay-1", "Köndələnçay-2" və "Aşağı Köndələnçay" su anbarlarının bərpası ilə Füzuli rayonu ərazisində 6200 hektar əkin sahəsinin suvarılması mümkün olacaq. Füzuli rayonunun  ərazisinin əhəmiyyətli hissəsinin 27 ildən çox işğal altında qalması rayonun suvarma suya olan tələbinin ödənilməsində çətinlik yaradırdı. Xüsusən də yay mövsümündə olan müraciətlərin bir qismi məhz suvarma su təminatı ilə bağlı olur. İşğaldan azad olunan ərazilərimizdə su hövzələrin qısa zamanda bərpası istiqamətində həyata keçirilən işlər Qarabağda suvarma suya olan tələbin ödənilməsi baxımdan vacib idi. Bütövlükdə, işğaldan azad olunmuş ərazilərdə 9 su anbarı tikilir və ya təmir olunur. Azərbaycanın mineral və suvarma su ehtiyatların təxminən dörddə bir hissəsi işğaldan azad olunan ərazilərimizin payına düşür. Bu Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının inkişafı baxımdan vacib faktorlardan biridir. Bütövlükdə, azad edilmiş torpaqlarımızın həm istehsal, həm kənd təsərrüfatı potensialı böyükdür. Bu baxımdan  bərpa işlərindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanda iqtisadi inkişafa xüsusi töhfə verəcək, inkişafın yeni lokomotivinə çeviriləcək. Bu potensialın reallaşması nəticəsində həmin ərazilərimizin Ümumi Daxili Məhsul İstehsalında payında da artım müşahidə olunacaq. Gözlənilir ki, bərpa prosesindən sonra həmin bölgələrimizdə məhsul istehsalının formalaşması Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatındakı payının 8 faizədək yüksəlməsinə gətirib çıxaracaq".

Alim

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31