Azərbaycan vəkili ictimai nəzarətin, islahatların mühüm iştirakçısı olmalıdır- RƏY
Azərbaycan vəkili ictimai nəzarətin, islahatların mühüm iştirakçısı olmalıdır-RƏY
27 Dekabr 2019 13:27 SiyasətƏkrəm Həsənov: "Prezidentə dəstək verək, ictimai nəzarəti gücləndirək"
Cəmiyyətin hər bir üzvü, hər bir sahəni təmsil edən vətəndaşına qarşı diqqət və qayğı, xüsusi həssaslıqla yanaşan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ötən illər ərzində atdığı addımlar, həyata keçirdiyi islahatlar, imzaladığı fərman və sərəncamlarla bunu əyani şəkildə təsdiq edir. Azərbaycan vətəndaşının sosial rifah halını daha da yaxşılaşdırmağı prioritet hesab edib, bu istiqamətdə davamlı addımlar atan dövlət başçısı ayrı-ayrı sahələrdə çalışan vətəndaşlarımız üçün əlamətdar günlər, peşə bayramlarının qeyd edilməsini də daim diqqətdə saxlayır. Bu bir tərəfdən həmin sahədə çalışanlara dövlət qayğısını təcəssüm edirsə, digər tərəfdən onlar üzərində olan məsuliyyət hissini artırır, daha səmərəli, şəffaf, qüsursuz fəaliyyət göstərmələrini şərtləndirir. Elə bu günlərdə dövlət başçısı tərəfindən imzalanmış müvafiq sənəd əsasında Azərbaycanda "Vəkil günü"nün qeyd edilməsi də bu qəbildəndir. Məlumat üçün qeyd edək ki, dövlət başçısı İlham Əliyevin imzaladığı müvafq sənəd əsasında 28 fevral tarixi bundan sonra Azərbaycanda "Vəkil Günü" kimi qeyd ediləcək.
Dövlət başçısı tərəfindən Azərbaycanda "Vəkil Günü"nün müəyyən edilməsi öz-özlüyündə bir sıra müsbət istiqamətlərdən xəbər verir. Birincisi, bu addım qanunun aliliyi, hüquqa, onu təmsil, icra edənlərə verilən yüksək dəyər, qiymətdir. İkincisi, hüquq sahəsində həyata keçirilən islahatlara dəyərli töhfədir. Və üçüncüsü, ən əsası ictimai nəzarətin daha səmərəli, daha effektli həyata keçirilməsi istiqamətində atılan mühüm addımdır. Çünki Cənab Prezident İlham Əliyev də hər zaman ölkədə ictimai nəzarətin vacib olduğunu xüsusi olaraq vurğulayır və cəmiyyəti, vətəndaşlarımızı bu prosesdə fəal olmağa çağırır.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən ölkədə "Vəkil Günü"nün qeyd edilməsi istiqamətində atılan addımı hüquqşünaslar da müsbət qiymətləndirib və bu qərarı alqışlayıblar. Hüquqşünas Əkrəm Həsənov qeyd edib ki, Cənab Prezidentin 28 dekabrı "Vəkil günü" elan etməsi təqdirəlayiqdir. Onun sözlərinə görə, dövlət başçısı bunu 2 gün öncəki bu sözlərindən sonra etdi: "İctimai nəzarət daha güclü olmalıdır. Bunu, sadəcə, söz naminə demirəm. Bəlkə də bir çox hallarda bunu təkrarlayıram. Nəyə görə? Çünki bu yoxdur bizdə... bəzi hallarda mən mətbuatdan bir çox şeyləri öyrənirəm. Çünki bəzi məsələlər mənə məruzə edilmir. Çünki sərf etmir o adamlara məruzə etmək... Dövlət məmurları hər bir ölkədə ancaq yaxşı raport verməyə öyrəşiblər".
Əkrəm Həsənov qeyd edib ki, "Vəkil günü"nün ictimai nəzarətin gücləndirilməsi çağırışından sonra təsis edilməsi təsadüfi deyil: "Tarixən hökmdarlarımızın ilk köməkçiləri vəzir və vəkilləri olub. Müasir dövrdə vəzirlər məmurlar, vəkillər isə Vəkillər Kollegiyasının üzvəridir. Dövlət başçısı deyir ki, vəzirlər bəzi məsələləri ondan gizlədir, buna görə də ictimai nəzarətin güclənməsini istəyir. Cəmiyyətin problemlərini vəkillərdən yaxşı bilən varmı? Xeyr. Çünki problemlərin həlli yeri məhkəmədir, insanları isə orada məhz vəkillər təmsil edir. Hətta millət vəkillərimiz də yekunda geridə qalmışlar çıxdı. Bu gün Azərbaycanda vicdanlı və savadlı vəkil millət vəkilindən daha faydalıdır. Məhz buna görə də İlham Əliyev sayı artıq 1700 nəfəri ötmüş vəkillərin rolunu gücləndirmək üçün onların peşə bayramını təsis etdi. Dövlət başçısı sanki biz vəkillərə deyir: "Gözlədiyim ictimai nəzarətin aparıcı qüvvəsi siz olmalısınız. Haqsızlıqların xeyli hissəsi elə məhkəmələrdə baş verir və vəkillər hələlik əksər hallarda onları dəf edə bilmir. Axı məhkəmələrdə də vəzirlər at oynadır. Buna görə də müdafiə etdikləri şəxslərin razılığı ilə (əks halda, vəkil sirrinin pozulması olar) vəkillər apardıqları işləri mütləq ictimailəşdirməli, "örtülü bazar"ların axırına çıxmalıdırlar. Axı Cənab Prezident bəzi problemlərdən məhz mətbuat vasitəsilə xəbər tutur.
Odur ki, Azərbaycan vəkili, irəli. Prezidentə dəstək verək, ictimai nəzarəti gücləndirək". Hüquqşünas deyib ki, Azərbaycan vəkili ictimai nəzarətin, problemlərin ictimailəşdirilməsinin aparıcı qüvvəsi, islahatların mühüm iştirakçısı olmalıdır.
Süleyman
Olaylar.az