Elçin Mirzəbəyli: “Radikalların son susqunluğuna da təəccüblənmədim”

ABŞ Senatında qondarma "erməni soyqırımı"nın qəbulundan sonra Azərbaycanın qərbyönlü ictimai-siyasi kəsimində bir susqunluq yaşandı. Halbuki əvvəllər bu cür qərar qəbul edən ölkələrin Bakıda səfirlikləri qarşısında siyasi qurumlar, gənclər təşkilatları tərəfindən aksiyalar keçirilir, dəyirmi masalar təşkil olunurdu.

Bununla bağlı bəzi ehtimallar səslənir. Qeyd olunur ki, ölkə müxalifəti hələ də ümidini ABŞ-a bağlayır, uğuru bu ölkə vasitəsilə əldə edəcəyinə inanır. Digər tərəfdən, Qərb təşkilatlarından alınan qrantların da burada az rol oynamadığı vurğulanır.

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli "Yeni Müsavat"a açıqlamasında təəccüblənmədiyini söylədi: "ABŞ parlamentinin hər iki qərarına Azərbaycan tərəfi öz münasibətini bildirib. Kütləvi İnformasiya Vasitələrində həm hakim partiyanın, həm də parlament müxalifətinin nümayəndələri etirazlarını səsləndiriblər və qərarın heç bir tarixi fakta söykənmədiyini, siyasi mahiyyət daşıdığını bildiriblər. Müxalifətin "radikal düşərgəsinə" gəldikdə isə onların bu mövzuda bəyanat və açıqlamaları ilə qarşılaşmamışam. Əslində gözləmirdim də. Çünki bu düşərgədə təmsil olunan siyasətçilərin əhəmiyyətli hissəsi korporativ maraqları milli maraqlardan və Azərbaycan-Türkiyə münasibətlərindən hər zaman üstün tutublar. Bu yanaşmaya Azərbaycan və Türkiyə prezidentləri arasındakı qardaşlıq münasibəti, həmçinin hər iki dövlətin iqtidarları arasındakı əlaqələr də təsir göstərir. Heç şübhə etmirəm ki, əgər Azərbaycan və Türkiyə hakimiyyətlərinin münasibətlərində soyuqluq müşahidə olunsaydı, o zaman radikal düşərgənin təmsilçiləri nəinki Türkiyənin müdafiəsinə qalxar, hətta ağlasığmaz ittihamlarla Azərbaycan hökumətini Türkiyəyə dəstək verməməkdə günahlandırardılar. Bu adamların ölçü vahidi şəxsi maraqlarıdır, vəssalam. Biz bu yanaşmanı Azərbaycanla Türkiyə arasında "Sürix protokolları" və bu amildən qaynaqlanan bayraq böhranı zamanı da gördük.

Elçin Mirzəbəyli: ile ilgili görsel sonucu

O zaman Azərbaycanın milli maraqları qulaqardına vurulur, bütün ittihamlar ölkəmizə qarşı irəli sürülürdü. Əslində bu gün "radikal düşərgə"nin düşdüyü durumun səbəbini də elə burada - ideoloji saxtakarlıqda və prinsipsizlikdə axtarmaq lazımdır. ABŞ səfirliyinin qarşısında etiraz aksiyasına gəldikdə isə, bunun mümkün olmadığını xüsusi olaraq vurğulamağa ehtiyac görmürəm. Ümumiyyətlə, radikal müxalifətin gündəliyində bölgəyə təsir imkanları olan hansısa ölkənin səfirliyinin qarşısında etiraz aksiyası keçirmək təcrübəsi yoxdur və olması da mümkün deyil. Bu sıraya sizin qeyd etdiyiniz kimi, Rusiyanı və İranı da əlavə etmək olar. İrandakı ayrı-ayrı dini-ekstremist qruplarla bağlı olan, casus fəaliyyəti həyata keçirən, ölkəmizin konstitusiya quruluşuna qarşı çıxış edən və günahları məhkəmə qərarları ilə sübuta yetirilmiş şəxslərin müdafiəsinə qalxan, onların yaxın ətrafı ilə birlikdə etiraz aksiyası keçirən, terrorçuları, ekstremistləri "siyasi məhbus" kimi dünyaya təqdim etməyə çalışanların İran səfirliyi qarşısında Azərbaycanın milli maraqları ilə bağlı aksiya keçirəcəyini gözləmək fantastikadır. Bu baxımdan radikalların son susqunlıuğuna da təəccüblənmədim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31