Dağlıq Qarabağ problemi bu il də həllini tapmadı- ŞƏRH
Dağlıq Qarabağ problemi bu il də həllini tapmadı-ŞƏRH
9 Dekabr 2019 14:44 SiyasətErmənistan dərk etməlidir ki, işğal altında olan torpaqlar gec-tez geri qaytarılacaq
Düz 31 ildir ki, təcavüzkar dövlət olan Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq fikrindən vaz keçməkdədir. Ermənistan işğal olunmuş ərazilərin fiziki, mədəni və demoqrafik xarakterinin dəyişdirilməsinə yönəlmiş qeyri-qanuni iqtisadi və digər fəaliyyətlə məşğul olmağa davam edir. Xatırladaq ki, 1992-ci ilin may ayında Şuşa şəhəri və Ermənistanla Dağlıq Qarabağ arasında yerləşən Laçın rayonu işğal edilib. 1993-cü ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı daha altı rayonunu - Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal ediblər. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi - Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon - Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunub. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub. Münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb, onların arasında 67 uşaq, 265 qadın, 326 qoca olub. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur. İki mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb.
30 aprel 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonundan və digər işğal olunmuş ərazilərindən bütün işğalçı qüvvələrin dərhal çıxarılmasını tələb edən 822 saylı qətnamə qəbul edib. 29 iyul 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası Azərbaycanın Ağdam rayonu və digər işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 853 saylı qətnamə qəbul edib.14 oktyabr 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası ATƏM-in Minsk qrupunun nizama salmaya dair vaxt cədvəlinə uyğun olaraq, dərhal qarşılıqlı və zəruri addımlar atılmasını, o cümlədən ən son işğal edilmiş ərazilərdən çəkilməyi tələb edən 874 saylı qətnamə qəbul edib. 11 noyabr 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası 884 saylı qətnaməsində Zəngilan rayonu və Horadiz qəsəbəsinin işğalını, mülki əhaliyə qarşı hücumu və Azərbaycan Respublikası ərazilərinin bombalanması pislənilərək, Zəngilan rayonu və Horadiz qəsəbəsindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını və Azərbaycan Respublikasının ən son işğal olunmuş digər ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını tələb edir. Sirr deyil ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz hərbi fəaliyyəti və hərbi quruculuğu münaqişənin həllinə maneədir və bölgədəki qeyri-sabitlik mənbəyi olaraq qalır. Xüsusən, işğalçı dövlətin baş naziri Nikol Paşinyanın qeyri-konstruktiv mövqeyi mövcud status-kvonun saxlanmasına xidmət edır. Elə bu səbədən də münaqişənin sülh yolu ilə həlli mümkünsüz olub.
Millət vəkili Eldəniz Səlimov deyib ki, çox təəssüflər olsun ki, artıq 31 ilini geridə qoyduğumuz Qarabağ problemi, Ermənistan-Azərbaycan münaqişəsi bu il də öz həllini tapmadı. İşğalçı və təcavüzkar Ermənistanın destruktiv, dağıdıcı və təxribatçı mövqeyi üzündən münaqişənin sülh və danışıqlar yolu ilə həlli bu il də baş tutmadı. Hansı ki, ötən ilin sonları, bu ilin əvvəllərində münaqişənin sülh və danışıqlar yolu ilə həllinə müsbət ümidlər yaranmışdı, problemin çözümü yönündə böyük, müsbət irəliləyişlərin, gəlişmələrin olacağı gözlənilirdi. Ancaq Paşinyanın "format dəyişiklikləri" oyunları, işğal altındakı Qarabağa qanunsuz səfərləri, təxribatçı çıxışları, təmas xəttində, cəbhədə gərginliyin yaradılması, günahsız qanların tökülməsinə yönələn addımları münaqişənin bu il də həllini mümkünsüz etdi. Onun sözlərinə görə, təəssüf doğurmalı məqamlardan biri odur ki, yenə də münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu və onun həmsədrləri Ermənistanın növbəti təxribatlarına və fitnəkar əməllərinə layiqli cavablarını vermədi, onu sərt şəkildə cəzalandırmadı, sülh getməyə məcbur etmədi: "Yenə də söz yığını olan bəyanatlardan o yana keçilmədi. Bunlar çox böyük təəssüf doğurur. Hesab edirəm ki, artıq Minsk qrupu və həmsədrlər quru bəynatlardan, sözdən, vədlərdən əmələ keçməli, Ermənistanın cəzalandırılması, sülhə məcbur edilməsi yönündə konkret addımlar atmalıdır. Azərbaycan insanının səbr kasası hər gün daşmaqdadır, insanlarımız artıq beynəlxalq birlikdən, həmsədrlərdən ədalətli qərar və konkret qərarlar gözləyir. Bu, Azərbaycan insanının haqqıdır, kimsə onun bu hüququnu əlindən ala bilməz. Odur ki, BMT Təhlükəsizlik Şurası, Minsk qrupu və həmsədrlər hərəkətə gəlməli, gərəkən addımları atmalıdır. Bununla yanaşı, başa çatmaqda olan ili uğurlu saymaq olar. Çünki bu il Ermənistanın siyasi-diplomatik cəhətdən tərksilah edilməsi, ona siyasi-diplomatik sarsıdıcı zərbələr endirilməsi, erməni yalanlarının ifşası istiqamətində böyük uğurlar əldə edildi. Xüsusilə, "Valday"da, Aşqabadda-MDB dövlət başçılarının Zirvə toplantısında, ölkəmizin yüksək səviyyəli ev sahibliyi ilə baş tuan möhtəşəm Turk Şurasının, BMT-dən sonra dünyanın ikinci nüfuzlu təşkilatı-Qoşulmama Hərəkatının Bakı Zirvəsində Ermənistanın ifşası yönündə böyük mənəvi-siyasi uduşlar, qələbələr əldə olundu. Ermənilərə, Ermənistana böyük və sarsıdıcı siyasi-mənəvi-diplomatik zərbələr endirildi. Çox çətin ki, Ermənistan siyasiləri, hakimiyyət rəsmiləri, Paşinyan hakimiyyəti bu zərbələrdən tezliklə ayıla. Çünki qeyd etdiyim kimi, bu zərbələr sarsıdıcı oldu, nokauta çevrildi. Bu baxımdan hesab edirəm ki, bütün bu uduşlar, bu qələbələr qarşıdan gələn 2020-ci ildə Azərbaycan üçün əlavə şans, imkan yaradar, həmçinin, bu istiqamətində addımların növbəti davamı gələr və münaqişənin həllini, Ermənistanın ifşasını sürətləndirər. Buna inamımız və ümidimiz böyükdür".
Onu da qeyd edək ki, Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin hərbi işğalı və yerli azərbaycanlı əhalinin qanlı etnik təmizlənməsi, eləcə də digər insanlıq əleyhinə cinayətlərə görə məsuliyyət daşıyan Ermənistan dərk etməlidir ki, bu torpaqlar yenidən Azərbaycanın nəzarətinə qayıdacaq və bölgənin hər iki icması yenidən birgə sülh və təhlükəsizlik şəraitində yaşayışını təmin edəcək. Münaqişənin digər həll yolu mövcud deyil və ATƏT-in Minsk Qrupunun həmsədrləri qismində beynəlxalq vasitəçilər, habelə bütün dünya ictimaiyyəti bunu gözəl dərk edir.
Zəka
Olaylar.az