“Mehriban xanımın intellekti, iti zəkası və siyasi fəaliyyəti Azərbaycanın uğurudur”

“Mehriban xanımın intellekti, iti zəkası və siyasi fəaliyyəti Azərbaycanın uğurudur”

"Azərbaycanın Mehriban siması" adlı kitabın təqdimatı keçirilib

Dekabrın 7-də Atatürk Mərkəzində siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin müəllifi olduğu  "Azərbaycanın Mehriban siması" adlı kitabın təqdimatı keçirilib. Kitabın elmi redaktoru, akademik Nizani Cəfərov qeyd edib ki, Vaqif Abdullayevin oxuculara təqdim etdiyi növbəti kitabında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli və zəngin elmi-mədəni, humanitar, ictimai-siyasi fəaliyyəti sosioloji və politoloji rakursdan təhlil olunur. Kitabda Mehriban Əliyevanın görkəmli qadın lider kimi praqmatik liderlik keyfiyyətlərinə geniş şəkildə nəzər salınır, qısa zaman ərzində Azərbaycanın əldə etdiyi uğurlara verdiyi dərin töhfə  siyasi formada təhlil edilir: "Vaqif müəllim bir sıra siyasi əsərlərin müəllifidir. Onun ilk böyük əsəri "O, böyük siyasətə hazırdır" kitabı olub. Əslində o əsər proqnoz xarakterli idi: "Böyük şəxsiyyətlər barədə əsər yazmaq elə də asan məsələ deyil. Təhlilsiz, siyasi, ideoloji təcrübə olmadan belə əsərlər yazmaq olduqca çətindir. Lakin Vaqif müəllimin siyasi fəaliyyəti və yaradıcılıq təcrübəsi buna imkan verir". Onun sözlərinə görə, bu əsərin dili onu oxunaqlı edir: "Əsər olduqca sadə və aydın şəkildə yazılıb. Qeyd edim ki,  siyasi əsəri isti, səmimi, hamının başa düşəcəyi dildə yazmaq elə də asan məsələ deyil. Lakin Vaqif müəllimin bu kitabı hamı üçün başa düşüləndir. Nəzərə alsaq ki, kitabda Mehriban xanımın siyasi və humanitar fəaliyyəti geniş işıqlandırılıb, bu  baxımdan qeyd etmək olar ki, əsər Azərbaycan dövlətinə hörmət gətirəcək".

Kitabın bütövlükdə cəmiyyətə uğur gətirəcəyinə əminliyini ifadə edən tanınmış ziyalı Aydın Heydərov qeyd edib ki, belə bir kitab yazmaq üçün böyük ürək lazımdır: "Çoxlu sayda siyasi əsər yazmaq niyyətində olanlar var. Lakin etiraf edilməlidir ki, tanınmış siyasətçilər haqqında kitab yazmaq hər yazarın işi deyil. Bunun üçün siyasi analiz aparmaq, təhlil etmək qabiliyyəti yüksək olmalıdır. Vaqif müəllimdə bu xüsusiyyətlər cəmləşdiyi üçün belə bir unikal əsər ərsəyə gətirib".

Ziyalıların, yazarların hakimiyyətdə təmsil olunan liderlərə dəstək olmasına ehtiyac duyulduğunu qeyd edən tanınmış yazıçı-publisist, "Olaylar" qəzeti və eyniadlı agentlliyin baş redaktoru Yunus Oğuz bir qədər öncə birinci vitse-prezident Mehriban xanım Əliyevanın vəzifəsinin iki illiyinin tamamına həsr olunmuş "Zərif çiyinlərdə "ağır yük"adlı məqalə yazdığını xatırladıb: "Məqalədə qeyd etmişdim ki,  "elini, obasını dövlət çətiri altına toplamaq, onu özü kimi sevmək məsuliyyətdir, axı dünyada yaşayan bütün azərbaycanlıların bir dövləti var - Azərbaycan. Yağı düşməndən bu dövləti qorumaq, onu bütöv halına gətirmək, iqtisadiyyatını gücləndirmək, işğal olunmuş torpaqlarımızı geri qaytarmaq, əri kimi həm də onun işidir.  Bu isə çox ağır yük, həm də məsuliyyətli yükdür. Azərbaycanımızı hər sahədə liderlər sırasına qatmaq heç də asan deyil, ancaq mümkündür və bu sahədə işlər görülür, bundan sonra da görüləcək". Sözün həqiqi mənasında hər siyasətçi belə yükü çiyinlərində daşımağa qadir deyil. Mehriban xanım həm də ümummilli elitanın formalaşmasında müsbət rol oynayıb. Etiraf edilməlidir ki, hələ də hakimiyyət kreslosunda oturan məmurların  bəzilərində milli elita tam formalaşmayıb. Milli eiltanın formalaşmasında Mehriban xanımın rolu böyüdür". Onun sözlərinə görə, Vaqif müəllim heç bir təmənna güdmədən belə bir əsər yazıb: "Kitab xarici dillərdə təcümə edilərək geniş təbliğ edilməlidir. Çünki bizi qarşıda Dağlıq Qarabağ kimi ümummilli problem, iqtisadiyyatın dayanıqlığının təmin edilməsi kimi vacib məsələlər gözləyir. Məhz bu məsələlərin həllində hakimiyyətdə olanlara ziyalı dəstəyi lazımdır".

Əsəri oxuyanda müəllifin səmimiyyətinin hiss olunduğunu vurğulayan Yurddaş Partiyasının sədri Mais Səfərlinin sözlərinə görə, Vaqif müəllimin hələ 1999-cu ildə İlham Əliyev haqqında yazdığı kitab müsbət mənada səs-küyə səbəb olmuşdu: "O vaxt İlham Əliyev siyasətçi kimi yox, Heydər Əiyevin oğlu kimi tanınırdı. Heç kim də Heydər Əliyevin siyasi varisi barədə düşünmürdü. Məhz həmin kitabdan sonra insanlarda ümid yarandı. Bu isə o deməkdir ki, Vaqif müəllimdə bir siyasi öncəgörənlik var. "Azərbaycanın Mehriban siması" kitabı da siyasi öncəgörənliyin nəticəsidir. Fəxrimizdir ki, Mehriban xanım Əliyeva birinci onluğa daxil olan xanımlar sırasındadır. Müsbət haldır ki, Vaqif müəllim  Mehriban xanımı gözəl insan, siyasətçi və humanist qadın kimi tərənnüm edə bilib".

"Azərbaycanın Mehriban siması" kitabını ölkəmizin gələcəyini görən əsər kimi dəyərləndirən yazıçı, publisist Xeyrəddin Qoca qeyd edib ki, Mehriban xanım Azərbaycanın dünyada tanıdılması istiqamətində çoxlu işlər görüb: "Mehriban xanım birinci vitse-prezident olduqdan sonra keçən qısa müddət ərzində çox böyük iş görüb. Belə insan haqqında kitab yazmaq böyük məsuliyyət tələb edir. Daha doğrusu, hər sözə, hər hərfə görə məsuliyyət tələb olunur. Vaqif müəllim bunun öhdəsindən gəlməyi bacarıb".

"Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili kitabın bədii-siyasi dəyərləri haqqında çıxışında maraqlı məqamlara toxunub: " Yazıçılar-əsər müəllifləri bilir ki, kitabın adı oxucu ilə təmasda hər şey olmasa da, çox şey deməkdir. Vaqif müəllim kitabın adını seçərkən üz qabığında, hətta şriftlərin tətbiqində də peşəkarlıq nümayiş etdirib. "AZƏRBAYCANIN MEHRİBAN SİMASI" adını oxuyan ən adi oxucu da düşünür ki, "Mehriban" sözü burada neçə məna daşıyır. Bəli, Azərbaycan xalqı mehriban, səmimi, böyük mədəniyyətə sahib xalqdır. Mehriban Əliyeva bu səmimiliyin və mehribanlığın brendi kimi kitabda bütün təqdimatların baş qəhrəmanıdır. Professor Vaqif Abdullayevin peşəkarlığı da ondadır ki, bu dəyəri bir adda ifadə edərək oxucunu həmin mənaya kökləyə bilib. Vaqif müəllimin peşəkarlığının bir tərəfi də ondadır ki, o, dünyanın tanıdığı Mehriban xanımı Azərbaycan auditoriyasına tanıtmaq üçün elə incə təhlillərə imza atıb ki, Mehriban Əliyevanın elmi-siyasi fəaliyyətini, hətta hamının bildiyi, amma heç də hamının görə bilmədiyi tərəflərini ustalıqla əsərləşdirib və ustalıqla oxucuya çatdırıb. Kitabı oxuyanda elə bilirsən ki, sən bunları çoxdan bilirmişsən, amma sonra özünə sual edirsən ki, axı sən bunları indi bilmədinmi? Bəli, bədii əsər yazmaq çox asandır, çünki istənilən məqamda bədii epitetlərdən, təsvirlərdən istifadə edə bilirsən, kimsə sənə heç nə deyə bilməz. Amma dünyanın tanıdığı Mehriban xanım haqqında kitab yazmaq o deməkdir ki, sən o dərəcədə peşəkar diplomat, tarixçi, siyasətçi, ədəbiyyatçı... olmalısan ki, yazdıqların yaza bilmədiklərinə bir açar olmalıdır. Vaqif müəllim bunların hamısının öhdəsindən bacarıqla gəlib".

Mehriban xanımın nəinki Azərbaycanda, eləcə də bütün dünyada tanındığını diqqətə çatdıran kitabın müəllifi Vaqif Abdullayev qeyd edib ki, Azərbaycanın bütün sahələrində onun fəaliyyəti görünür: "Mehriban xanımın fəaliyyəti İlham Əliyevin siyasəti və Heydər Əliyevin siyasi kursunun davamıdır. Mehriban xanımın intellekti, iti zəkası və siyasi fəaliyyəti Azərbaycanın uğurudur. Eyni zamanda, Azərbaycan qadınının, diplomatiyasının uğurudur. Biz bütün vasitələrdən istifadə edib dövlətimizi qorumalıyıq. Heç bir qüvvə Heydər Əliyevin siyasi kursunu qıra bilməz. Biz də əlimizdən gələni etməliyik ki, müstəqilliyimizə qarşı çıxan qüvvələrə layiqli cavab verək". 

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31