Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır- TƏHLİL

Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır-TƏHLİL

Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin əhalinin sosial rifahına xidmət etdiyi heç kimdə şübhə doğurmur. Dövlət başçısının Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə şəxsən tanış olması fikrimizi bir daha təsdiq etmiş olur. Belə ki, prezident İlham Əliyev dekabrın 5-də ölkədə baş vermiş zəlzələ zonasına təkrar səfər edib. Məqsəd zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə verilən tapşırıq və tövsiyyələrin icra vəziyyətilə yerində tanış olmaq idi. Məlum olduğu kimi cari il fevralın 5- 6-da baş vermiş zəlzələ Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fəsadlar törətmişdi. Belə ki, zəlzələ nəticəsində həmin rayonlarda fərdi evlər qəzalı vəziyyətə düşmüş, sosial və infrastruktur obyektlərinə ziyan dəymişdi. Xatırladaq ki, hadisənin səhəri günü dövlətimizin başçısı zəlzələ zonasına gələrək sakinlərlə görüşmüş, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılacağını bildirmişdi. Prezident İlham Əliyev elə buradaca əhalinin müraciətlərinə diqqətlə baxılması, evlərə, həmçinin sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq icra strukturlarına tapşırıq və göstərişlərini vermişdi. Paralel olaraq dövlət başçısı baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında evlərə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq iki milyon manat ayrılması haqqında Sərəncam imzalamışdı. Artıq Şamaxı rayonunda 44 mənzilli yeni yaşayış binası sakinlərin istifadəsinə verilib.

Etiraf edilməlidir ki,  Prezident İlham Əliyevin zəlzələnin baş verdiyi rayonlara üçüncü dəfə səfəri dövlətimizin başçısının hər zaman xalqın yanında olmasının daha bir göstəricisidir. Onu da qeyd edək ki, daim xalqın yanında olmaq, onun çətinliklərini öyrənmək və problemlərin operativ həlli istiqamətində tədbirlər görmək Prezident İlham Əliyevin iş tərzidir. Çünki İlham Əliyev prezident seçildiyi andan öz fəaliyyəti ilə daim xalqın yanında olduğunu sübut edib. Xalq da həmişə dövlət başçısının çətin məqamda onun yanında olduğunun şahidi olub. Dövlət başçısının  təbii fəlakətdən ziyan çəkmiş insanların çətinliklərinin operativ həlli məqsədilə şəxsən zəlzələ bölgəsində olmasının özü bir nümunədir ki, prezident xalqın istənilən problemini həll etməkdə maraqlıdır. O da faktdır ki, Şamaxı şəhərində təkcə zəlzələdən zərər çəkən vətəndaşlar üçün yeni mənzil tikilib istifadəyə verilməyib, ümumilikdə rayon əhalisinin sosial rifahını təmin etmək məqsədilə infrastruktur tamamilə yenidən qurulub. Şamaxı rayonunda "ASAN Həyat" kompleksinin açılışı, eləcə də həyata keçirilən çoxsaylı irimiqyaslı layihələr şübhəsiz ki, dövlətin və dövlət başçısının əhaliyə göstərdiyi qayğının nəticəsidir. Prezident İlham Əliyev rayonda görülən tədbirlər və nəzərdə tutulan layihələr barədə kompleksin əməkdaşları ilə görüşündə fikirlərini səsləndirib: "Şadam ki, bu mərkəz Şamaxı şəhərində açılır. Şamaxı bizim qədim diyarımızdır, tarixi yerimizdir. Şamaxının çox zəngin tarixi, mədəniyyəti var. Şamaxının tarixi abidələri hər birimiz üçün çox əzizdir.  Şadam ki, mənim göstərişimlə qədim Şamaxı Cümə məscidi əsaslı təmir olundu. Bu, Azərbaycanın ən qədim məscididir, müsəlman aləminin ən qədim məscidlərindən biridir. 743-cü ildə inşa edilmişdir. Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk. Bu yaxınlarda rayon icra hakimiyyətinə kifayət qədər böyük vəsait ayrıldı ki, infrastrukturla bağlı layihələr icra edilsin. Müasir sərnişin avtobusları, müasir təcili tibb yardımı maşınları, kommunal texnika gətiriləcək. Tapşırıq verilmişdir ki, Şamaxı şəhərinin bütün daxili yolları, kənd yolları əsaslı şəkildə təmir edilsin. Şəhərin içməli su problemi təxminən gələn ilin aprel-may aylarında həllini tapacaq və şamaxılılar təmiz, Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin ediləcəklər. Şamaxı rayonunda qazlaşdırma 95 faizdir. Baxmayaraq ki, bir çox kəndlər bir-birindən aralıdır və dağ kəndləridir, amma biz qazlaşdırmanı 95 faizə çatdırmışıq. Elektrik enerjisi ilə heç bir problem yoxdur. Bakı-Şamaxı avtomobil yolunu mənim göstərişimlə dörd zolağa genişləndirdik və çox rahat yoldur. O yolun axırıncı hissəsi bu gün rəsmən açıldı. Həmçinin kənd yollarının tikintisi aparılır. Vaxtilə burada Müalicə-Diaqnostika Mərkəzi, Olimpiya Kompleksi inşa olunmuşdur. Şamaxı Rəsədxanası əsaslı təmir edilmişdir. Əlbəttə ki, həm respublika sakinləri, həm də qonaqlar üçün Şamaxı-Lahıc yolu nəinki əsaslı şəkildə təmir olundu, Şamaxı-Dəmirçi, Dəmirçi-Lahıc yolu yenidən çəkildi. Yəni indi Lahıca ən təhlükəsiz yol Şamaxıdan keçir. Biz indi Şamaxını müasir turizm mərkəzi kimi inkişaf etdiririk. Böyük üzüm bağları salınır, üzüm festivalı keçirilir, Şamaxı və Hacıqabul rayonlarının ərazisində ölkəmizin ən böyük aqroparkı salınır. O aqroparkın sahəsi 42 min hektardır və kənd təsərrüfatının inkişafına böyük dərəcədə təkan verəcəkdir. Şamaxı ənənəvi üzümçülük rayonudur. Üzümçülüyün ənənələri bərpa edilir, iş yerləri açılır, o cümlədən ödənişli ictimai işlər yaradılır. Şamaxı Azərbaycan xalqının böyük oğlu İmadəddin Nəsiminin vətənidir. Bilirsiniz ki, mənim Sərəncamımla bu il "Nəsimi ili" elan edilibdir. Böyük Nəsiminin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq sabah bütün ölkəmizdə kütləvi ağacəkmə aksiyası keçiriləcək və bütövlükdə 650 min ağac əkiləcəkdir. Nəsimi festivalı ənənəvi xarakter alıbdır. Şamaxının çox qədim tarixi var və çox görkəmli nümayəndələri Azərbaycan xalqının şöhrətini yüksəklərə qaldırırlar".

Ölkə başçısının çıxışından məlum olur ki, sözün həqiqi mənasında Şamaxı rayonunda sürətli inkişaf təmin edilməkdədir. O da etiraf edilməlidir ki, oxşar tikinti-quruculuq işləri  respublikanın bütün rayonlarında davam etdirilməkdədir. Bu isə dövlətin və ölkə rəhbərliyinin hər bir azərbaycanlının yanında olduğunu sübut edən amillərdəndir. Birmənalı olaraq sadə vətəndaşlardan tutmuş siyasi ekspertlərə qədər bir çoxları bunu ölkə başçısının 2003-cü ildə president seçkiləri zamanı səsləndirdiyi "Mən hər bir azərbaycanlının prezidenti olacağam" - fikrinin əyani təsdiqi kimi qiymətləndirir. Etiraf edilir ki, prezident İlham Əliyev doğrudan da bu 16 il ərzində hər bir Azərbaycan vətəndaşının, çətinlikdə olan insanlarımızın, hər kəsin yanında olub. Bu isə ölkə vətəndaşlarının gələcəyə olan inamının bir daha artmasına səbəb olub. Əhali əmindir ki, Azərbaycan sosial dövlətə çevrildiyindən ölkəmizin təbii sərvətləri, büdcəyə daxilolmalar məhz vətəndaşların problemlərinin həllinə  yönəldilir.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31