Türkiyə ilə Amerika arasında inam mühiti itib- RƏY

Türkiyə ilə Amerika arasında inam mühiti itib-RƏY

Okeanın o tayından verilən ədalətsiz qərarlar buna başlıca səbəbdir

Türkiyə ilə Birləşmiş Ştatlar arasında münasibətlər normallaşmağa doğru istiqamət alanda, sanki hansısa üçüncü bir qüvvə tərəflər arasında yeni bir problem yaradaraq Ankara ilə Vaşinqton arasında münasibətlərin istiləşməsinə mane olur. Türkiyədə hakimiyyət çevrilişinə cəhd olayından bu günə qədər zaman-zaman bu cür situasiyalar yetişib, lakin son anda münasibətlərin normallaşması qeyri-mümkün olaraq qalıb. Elə son həftələrdə də oxşar proseslər müşahidə edildi. Ankaranın Suriyada PKK/YPĞ əleyhinə həyata keçirdiyi antiterror əməliyyatına ilkin mərhələdə Birləşmiş Ştatlar ciddi etiraz etsə də, sonradan tərəflər arasında əldə edilən anlaşma, hətta Vaşinqtondan Türkiyənin uğurlu antiterror əməliyyatlarını dətəkləyən fikirlərin səslənməsi belə bir ümid yaratmışdı ki, tərəflər tezliklə mövcud olan uzun müddətli gərginliyi aradan qaldırmağa nail olacaqlar. Lakin ən son Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasının alt komitəsində qondarma erməni soyqırımı ilə bağlı qərarın qəbul edilməsi, bir daha onu təsdiq etdi ki, Ankara ilə Vaşinqton arasında münasibətləri normallaşdırmaq o qədər də asan məsələ deyil və  yaxın müddətdə də bu mümkün olmayacaq. Çünki tərəflər arasında bir-birinə inam mühiti yoxdur. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Qafqaz Araşdırmalar Mərkəzinin (QAFSAM) siyasi eksperti Kamran Sultanlı da hesab edir ki,  Türkiyə və Birləşmiş Ştatlar arasında inam mühiti demək olar ki itib. Onun sözlərinə görə, hər iki dövlət bir-birinə əvvəlki qədər etibar etmir: "İki NATO nəhənginin bu günkü münasibətləri tarix ərzində hələ bu qədər gərgin olmayıb. Təbii ki, Türkiyə və ABŞ arasında Kipr böhranını nəzərə almasaq. Lakin o dövr Türkiyə ABŞ üçün daha çox vazkeçilməz idi. Türkiyənin 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsi zamanı öz ərazisindən istifadəyə icazə verməməsi, ABŞ-da "Türkiyə etibarlı müttəfiq deyil" fikrini formalaşdırdı. Parlament səsverməsində əslində AKP qərarı dəstəkləmişdi, lakin CHP və digər partiyalar bu qərara qarşı gəldilər". Kamran Sultanlı deyir ki, Türkiyənin son illər siyasi islama fokuslanması, Qərbin maraqlarını nəzərə alması, Rusiya və İranla yaxınlaşma Rusiyadan S-400 idxalı ABŞ-ın Fətullah Güləni himayə etməsi, PKK-YPG və PYD-yə aktiv dəstəyi Vaşinqtonla Ankara arasında münasibətlərin ruhuna təsir edir: "Təbii ki, kürd amili ABŞ-ın Yaxın Şərq siyasətində önəmli hesab etdiyi İsrail faktorunun təhlükəsizliyi baxımından bufer zona kimi nəzərdən keçirilir. Kürd amili Türkiyəyə təzyiq xarakterli bir vasitə olmaqla yanaşı, regionda yeni müttəfiq kimi nəzərə alınır. Yəni kürdlərin regionda aktiv rol oynaması, habelə böyük döyüş təcrübəsinə və resurslara malik olması Qərbin lobbi dairələri, solçu və xristian fundamentalist cəbhələrin aktiv çalışması Qərbin, əsas da, onun lideri ABŞ-ın marağını cəlb edir. Əgər nəzərdən keçirsək, o zaman görərik ki, Vaşinqton kürdlərin müstəqillik istəklərində daima geri çəkilib və region dövlətlərinin mövqeyi ilə hesablaşıb. Türkiyənin son dövrlər müstəqil siyasət yürütmək istəyi də Ankaranın imperial keçmişindən qaynaqlanır".

Ekspert bildirib ki,  Ankara Qərb blokunun üzvü kimi Qərbdən qopa bilmir, lakin onunla hesablaşmaq da istəmir və müstəqil siyasət aparmaq istəyir: "Təbii ki, bu, Türkiyənin haqqıdır. Türkiyə və ABŞ arasında əlaqələrin ruhuna təsir edən digər bir cəbhə isə Türk ordusu tərkibində olan güclü Avrasiyaçı qanaddır. Onlar xüsusilə son çevriliş hadisələrindən sonra daha da aktivləşiblər və Türkiyənin ənənəvi Atlantik siyasətdən uzaqlaşıb Çin və Rusiyaya inteqrasiya etməsini istəyirlər. Təbii ki, Qərb blokunun üzvü olan bir dövlət asanlıqla o blokdan ayrıla bilməz. Türkiyənin ABŞ-la ticarət dövriyyəsi ABŞ üçün elə də ciddi rəqəm olmasa da, Türkiyə üçün ciddi gəlir mənbəyidir. Üstəlik Türkiyənin xarici ticarət dövriyyəsinin 65 faizi Qərbin payına düşür". Kamran Sultanlı onu da bildirib ki, Türkiyənin xarici ticarətində Qərbin payı təxminən 70 faizə yaxınlaşır, lakin Qərbin xarici ticarətində Türkiyənin payi cəmi 1 faizdir: "Türkiyənin texnoloji əməkdaşlığının böyük qismi məhz Qərblədir. Digər tərəfdən qeyd edilməlidir ki, Türkiyə nə qədər dollardan imtina etməyə cəhd etsə də, bu mümkün deyil. Misal üçün Türkiyə Rusiya ilə xarici ticarətdə milli pul vahidi ilə əməkdaşlıq haqqında anlaşsa da, indiyə qədər bunu həyata keçirmək mümkün olmayıb. Türkiyə-Rusiya əməkdaşlığında dolların payı 83 faiz təşkil edib. Lirənin payı isə ümumiyyətlə minimuma bərabərdir. Türkiyəyə Qərbdən gələn investisiya azalsa da, Şərq ölkələrindən gələn investisiya yenə də dollarla daxil olur. Bütün bunları hələ də nəzərə alan insanlar Ərdoğanın komandasında qalmaqdadır. Ərdoğan hər nə qədər anti Qərb ritorikasına uyğun siyasət aparsa da, ən böyük Amerika yönümlü siyasət aparan lider idi. ABŞ-da daima Ərdoğanla anlaşmağa üstünlük verib.  Son seçkilərdə də Türkiyə hakimiyyətinə bir sıra güzəştlər edilmişdi. Lakin bir şeyi qeyd etmək lazımdır ki, hazırda ABŞ-da güclü antiƏrdoğançı, eyni zamanda güclü antiTrampçı qüvvələr var. Bu qüvvələr Ərdoğanın hakimiyyətdən getməsi və onun yerinə Qərblə daha yaxşı yola gedəcək birinin axtarışındadılar".

***

Ekspertin sözlərinə görə, hazırda Qərbin Türkiyədə HDP-lə müsbət əlaqələri var: "Bu da özünü kürd kartı məsələsində göstərir. Digər tərəfdən Əli Babacan və Əhməd Davudoğlunun yeni yaradacağı partiya da Qərb tərəfindən dəstək görə bilər. Təbii ki, Ərdoğan bu durumu dəyişmək üçün bütün ritorikalardan istifadəyə çalışır. Son "Barış Pınarı" əməliyyatı tam olmasa da, Ərdoğan üçün uğur sayila bilər. Bu əməliyyatla Ankara kürdlərin Aralıq dənizində tək hegemonluğunun və Araliq dənizinə çıxışının, habelə İraq Kürdistanının quru blokadasından çıxmasının qarşısını aldı. Bütün bunlardan əlavə Türkiyə-ABŞ əlaqələrinə təsir edən əsas amillərdən biri də Türkiyənin ABŞ-dan ənənəvi dəstəkçilərini itirməsidir. İndiyə qədər Türkiyənin regional roluna ən çox dəstək olan Pentaqon və yəhudi lobbisi idi. Pentaqon Türkiyənin regionda ancaq funksiyasını nəzərə alır və ABŞ administrasiyalarına bu istiqamətdə təsir göstərirdi. Hətta ABS prezidenti olan Corc Buş ABŞ-ın erməni soyqırımı tanımasına Türkiyənin roluna görə yox demişdi. Artıq Pentaqonda Türkiyənin ənənəvi siyasətindən uzaqlaşmasına görə Ankaraya qarşı çıxan güclü bir qrup var. Xüsusilə Türkiyənin Rusiyadan S-400 alması (burada ABŞ-ın öz səhvləri, vaxtında Türkiyənin təkliflərinə yox deməsinin də rolu var) Pentaqonun qınaqına səbəb olmuşdur. Digər cəhətdən Türkiyə ənənəvi yəhudi lobbisinin dəstəyini itirib. İndiyə qədər yəhudi lobbisi ABŞ-Turkiyə əlaqələrinin nizama salınmasında aktiv iştirak edirdi, həmçinin Vaşinqtonun Türkiyəyə qarsi sərt qərarlarının qəbuluna mane olurdu. Türkiyə-İsrail arasında əlaqələrin gərginləşməsi yəhudi lobbisinin Türkiyəyə qarşı olan dəstəyini aradan qaldırdı və İsrail ABŞ Nümayəndələr Palatasının son erməni soyqırımı ilə bağlı qətnaməsinə mane olmadı". Kamran Sultanlı onu da deyib ki,  hətta qətnaməyə dəstək olanlar arasında Amerika Yəhudi Komitəsinin sədri, Bakının dostu sayılan David Harris də var idi: "Bu baxımdan zənnimcə Türkiyə İsraillə əlqələri yenidən nəzərdən keçirməlidir. İsrail əvvəl kürd kartına o qədər də maraq etmirdi. Lakin daha sonra bu amilə daha çox nəzər salmağa başladı. Bu məsələni özünün mövcudluğu üçün vacib elementə çevirdi. Türkiyə ABŞ-dan olan ənənəvi dostlarını yenidən qazanmalıdır. Türkiyənin üzünü Qərbdən ayrılıb Şimala çevirməsi Azərbaycan üçün ciddi təsirlərə malik olacaq. Bu zaman rəsmi Bakı Moskvanı daha çox nəzərə almağa məcbur ola bilər. Ümid edək ki ABŞ və Türkiyədə olan sağlam qüvvələr iki NATO nəhəngi arasında əlaqələrin düzəlməsi üçün hərəkətə keçəcəklər. Əks halda bu hər iki dövlətin maraqlarına ciddi zərbələr endirəcək".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31