“Prezident həmsədrlərə, beynəlxalq təşkilatlara qarşı çox güclü təzyiq rıçaqı hazırlayır”

“Cocuq Mərcanlının bərpası Azərbaycan Prezidentinin torpaqları işğaldan azad etmək istiqamətində yeni taktikasıdır”.

"Cocuq Mərcanlının bərpası Azərbaycan Prezidentinin torpaqları işğaldan azad etmək istiqamətində yeni taktikasıdır".

Bu fikri Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı çıxışını şərh edən politoloq Mübariz Əhmədoğlu deyib. 

Politoloq bildirib ki, beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədrləri  Ermənistanı işğaldan əl çəkməyə təhrik etmirlər: "Hesab edirəm ki, ölkə prezidentinin hazırladığı və başladığı yeni taktika Ermənistanı, həm də həmsədrləri dalana dirəməkdir. Prezident mesaj verir ki, mən istənilən variantla işğal edilmiş torpaqları geri  qaytaracağam. Yəni taktika müəyyənləşdirməkdə imkanlarım məhdud deyil". 

M. Əhmədoğlu deyib ki, bu ölkə prezidentinin çox ciddi siyasi iradəsidir: "Biri var ki, mətbuata çıxıb deyəsən ki, torpaqları azad edəcəyəm. Bu bəyanat, ritorika ola bilər . Biri də var ki, ortaya konkret maddi vəsait qoyub vətəndaşları göndərəsən ki, Cocuq Mərcanlıda bərpa işləri görsün". 

Politoloq hesab edir ki, bu proses yavaş-yavaş Dağlıq Qarabağ Muxtar Vilayətinin də ərazisinə keçəcək: "Ağdərənin bir qismi bizim nəzarətimizdədir. Hələ birinci  müharibə dövründən bizim nəzarətimizdə olan əlavə torpaqlar da var. Ola bilər ki, yaxınlarda Azərbaycan prezidenti o ərazilərdə tikinti işlərinin aparılması barədə göstərişlər versin". M. Əhmədoğu bildirib ki, Prezident həmsədrlərə, beynəlxalq təşkilatlara qarşı çox güclü təzyiq rıçağı hazırlayır: "Onlar deyirlər ki, "ermənilər xristiandır", "mədəni xalqdır. Azərbaycan Prezidenti ölkədəki səfirlərə, beynəlxalq təşkilatların nümayəndələrinə açıq şəkildə dedi ki, gedin baxın, bir neçə gün Cocuq Mərcanlı erməni işğalı altında oldu, ermənilər həmin günlərdə nə qədər vəhşilik ediblər". Politoloq vurğulayıb ki, ermənilər vəhşilik etmək, dağıntı törətmək üzrə dünya çempionudur.

O sonda deyib ki, prezident göstəriş verdi ki, sənədləşdirmə işləri aparılsın, ermənilərin törətdiyi dağıntılar rəsmiləşdirilsin, fotosu və videosu bütün dünyaya yayılsın. Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31