Cəbhə xəttindəki təxribatlar nəyə hesablanıb?
Son günlərdə Ermənistan-Azərbaycan cəbhəsində vəziyyət yenidən gərginləşib və atəşkəs rejiminin pozulması aktiv fazaya keçib. Atəşkəs rejiminin pozulması daha çox təxribat xarakterli hücum əməliyyatları ilə müşahidə olunur. Demək olar ki, son günlər belə təxribatlar hər gün baş verməkdədir.
17 Yanvar 2017 14:31 SiyasətAzərbaycan heç bir halda ermənilərin təxribatına getməyəcək
Son günlərdə Ermənistan-Azərbaycan cəbhəsində vəziyyət yenidən gərginləşib və atəşkəs rejiminin pozulması aktiv fazaya keçib. Atəşkəs rejiminin pozulması daha çox təxribat xarakterli hücum əməliyyatları ilə müşahidə olunur. Demək olar ki, son günlər belə təxribatlar hər gün baş verməkdədir. Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib. Belə ki, erməni silahlı bölmələri yanvarın 17-də səhər saatlarında Silahlı Qüvvələrimizin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini "Şmel" reaktiv odsaçandan atəşə tutub. Hərbi qulluqçularımız arasında itki yoxdur.
Baxmyaraq ki, belə təxribatlar zamanı ermənilər ən müxtəlif silah növlərindən istifadə edirlər, lakin onların hücumları hər dəfə dəf edilərək düşmən qüvvələr yerində oturdulur. Müdafiə Nazirliyindən onu da bildiriblər ki, erməni tərəfi bu cür təxribatları davam etdirərsə düşmənə vurulacaq zərbə daha ağır və sərt olacaqdır. Bəs, ermənilərin təxribat xarakterli hücumlar təşkil etməsi nəyə hesablanıb, erməni ideoloqları qarşılarına hansı məqsədi qoyublar? Millət vəkili, Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə bildirib ki, ermənilər onsuz da təxribatlarını dayandırmayıblar: "Sadəcə, hərdən bu aktiv fazaya keçir. Ermənistan müstəqil dövlət olmadığından, bir çox hallarda cəbhə xəttində gərginlik yaratmaq əmrini də "ağa"larından alır". Millət vəkili vurğulayıb ki, ermənilərin "ağa"larının bölgədə xüsusi maraqları olduğundan, cəbhə xəttində gərginliyi yaratmaqla, müəyyən siyasi məqsədlər güdürlər: "Bu yolla Azərbaycana təzyiq edərək, hansısa niyyətlərini həyata keçirməyə çalışırlar. Ona görə də ermənilərin son günlərdə cəbhə xəttində atəşkəs rejimini pozaraq, təxribatlar törətməsinin arxasında bir şantaj dayanır". Politoloq Qabil Hüseynli isə hesab edir ki, ermənilər cəbhə xəttində gərginlik yaratmaqla, Azərbaycanı öz təxribatlarına cəlb etmək istəyir: "Bu yolla həm də özlərinin ordusunun daxilindəki pozuculuq, fərarilik hallarını "xarici düşmən" obrazı ilə cəzalandırmağa çalışırlar. Elə bu günlərdə Xankəndində bununla bağlı xüsusi müşavirə keçirildi. Müşavirədə ordunun aşağı komandir heyəti ilə ordudakı fərarilik hallarının səbəbləri müzakirə edildi. Burada digər məqam isə ondan ibarətdir ki, beynəlxalq aləmdə vəziyyət ağırdır və siyasi cəbhələşmə var". Politoloq əlavə edib ki, burada daxili amillər də mövcuddur: "Belə ki, bu gün Ermənistan cəmiyyətində Sərkisyan rejiminə qarşı böyük nifrət formalaşıb. Bunu bilən Sərkisyan rejimi sərhəddə vəziyyəti gərginləşdirməklə daxili ictimai-siyasi vəziyyəti öz xeyrinə dəyişmək istəyir. Yəni, ölkə daxilində siyasi qütbləşmə pik həddinə çatıb və cəmiyyətdə Sərkisyan hakimiyyətinə nifrət son həddədir. Nifrət o qədər güclüdür ki, hətta, gənclər ordudan yayınır və birdəfəlik ölkəni tərk edirlər. Bu yolla isə Sərkisyan rejimi cəmiyyətin gözünü qorxutmaq istəyir. Digər bir məqam da ondan ibarətdir ki, İrəvan Ermənistan-Azərbaycan sərhəddində təxribatlar törətməklə, Putin "NATO"sunu, yəni, KTMT-ni, xüsusən də, Rusiyanı prosesə cəlb etmək istəyir. Odur ki, bu gün Ermənistan çox məkri planlarla məşğuldur. Amma hər halda Rusiya da vəziyyəti görür. Deməli, İrəvan bütün bu təxribatları acizlikdən edir". Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hələ ötən il ATƏT-in Minsk qrupu çox çalışırdı ki, ilin sonuna qədər iki ölkəni bir araya gətirsin. Amma alınmadı. Bir növ ATƏT qarşısında Ermənistanın götürdüyü öhdəlik yerinə yetirilməmiş kimi qaldı. Ona görə də ermənilər çalışırlar ki, təxribat bir qədər geniş xarakter alsın. Ekspertin sözlərinə görə, Azərbaycan heç bir halda ermənilərin təxribatına getməyəcək: "İnanıram ki, vəziyyət səngiyəcək. Azərbaycan heç bir halda ermənilərin bu təxribatına getməyəcək və tez bir müddətdə də məsələ səngiyəcək. Ermənilər birinci dəfə deyil ki, belə təxribat həyata keçirirlər. Belə məsələlərdə diqqətli olmalıyıq. Bu, Ermənistan tərəfinin növbəti hiyləsidir. Onlar çalışırlar ki, Azərbaycan tərəfi təxribata uysun və buna da böyük dövlətlər münasibət bildirsin. Məqsəd budur". Ekspertlər hesab edirlər ki, İrəvan təxribatları Ermənistan-Azərbaycan sərhəddində törətməklə, KTMT-ni hansı vaxtilə olursa-olsun, bu prosesə cəlb etmək istəyir. Baxmayaraq, KTMT-yə daxil olan üzvlərin böyük əksəriyyəti bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyir, ancaq ermənilər təxribatı Ermənistan-Azərbaycan sərhəddində törətməklə niyyətlərinə nail olmağa çalışırlar. Politoloq İlqar Vəlizadə deyib ki, 2016-ci il aprel döyüşlərindən sonra erməni cəmiyyətində sülh tərəfdarlarının sayı artıb və onların mövqeyi cəmiyyətə möhkəmlənməkdədir: "Artıq Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bununla bağlı mövqeyini ortaya ataraq, "mərhələli sülh" variantını cəmiyyətə təqdim edib.Bu da erməni cəmiyyətində böyük rəğbətlə qarşılanıb. Petrosyan bu mövqedən yararlanaraq, ölkədə keçiriləcək parlament seçkilərində uğur əldə etmək istəyir. Bu isə hakim Serj Sərkisyan rejimini ciddi narahat edir. Ona görə də hər vasitə ilə cəmiyyətdə sülh tərəfdarlarının mövqeyini zəiflətməyə çalışırlar. Son günlərdə cəbhə xəttində baş verən proseslərin bir amili də bununla bağlıdır".
Alim