Azərbaycandan Ermənistana sərt xəbərdarlıq
Ermənistan yenidən cəbhə xəttində təxribat xarakterli hərkətlərə başlayıb. Son günlər atəşkəs rejimini intensiv şəkildə pozan işğalçı ölkə ötən gün (dekabrın 29-da) Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini yarmağa çalışıb. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.
29 Dekabr 2016 18:43 SiyasətDüşmən ölkənin təxribatı davam etsə daha böyük və ağır itkilərlə üzləşəcək
Ermənistan yenidən cəbhə xəttində təxribat xarakterli hərkətlərə başlayıb. Son günlər atəşkəs rejimini intensiv şəkildə pozan işğalçı ölkə ötən gün (dekabrın 29-da) Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini yarmağa çalışıb. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.
Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı bu kimi təxribatlara əl atır. Müdafiə Nazirliyi bildirir ki, əgər bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə o, daha böyük və ağır itkilərlə üzləşəcəkdir.
Azərbaycan Xarici İşlər Nazirliyi də işğalçı Ermənistanın son təxribat cəhdini pisləyən bəyanat yayaraq beynəlxalq aləmi cəbhə xəttində baş verən son hadisələrlə bağlı bilgiləndirib. Nazirliyin bəyanatında qeyd olunur ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun 29 dekabr 2016-cı il tarixində səhər saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədində törətdiyi növbəti təxribatını və qəsdən vəziyyəti gərginləşdirməyə yönəlmiş əməllərini kəskin şəkildə pisləyir. Azərbaycan XİN hesab edir ki, Ermənistan və Azərbaycan Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində aparılmış müzakirələrə uyğun olaraq, münaqişənin həlli istiqamətində konkret addımlar atmaq və substantiv danışıqlarda iştirak etmək əvəzinə Ermənistan müxtəlif təxribatçı əməlləri ilə danışıqları pozmağa, Azərbaycana qarşı təcavüzünü davam etdirməyə, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində öz mövcudluğunu gücləndirməyə, üçüncü tərəfi münaqişəyə cəlb etməyə cəhd göstərərək mövcud status-kvonu saxlamağa çalışır. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünü davam etdirməsi və Ermənistan qoşunlarının Azərbaycanın suveren ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdiddir, atəşkəsin pozulmasının və insidentlərin baş verməsinin əsas səbəbidir. Ermənistanın təxribat və təhriki ilə apreldə yaranmış gərginlik bunun bariz nümunəsidir.
Bu arada Azərbaycan Xarici İşlər Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın separatçı Dağlıq Qarabağ rejimini "Dağlıq Qarabağ Respublikası" kimi qələmə verməsini də kəskin şəkildə pisləyib və Bordyujanın məlum açıqlamasına etiraz olaraq bəyanat yayıb. Bəyanatda bildirilir ki, Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının Baş katibinin məsələ ilə əlaqədar şərhi birtərəfli hesab edilir. Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edir ki, KTMT-nin Baş katibinin təşkilatın üzv dövlətlərinin rəsmi mövqeyinə və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin mahiyyətinə zidd olaraq, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə "Dağlıq Qarabağ Respublikası" kimi müraciət etməsi qəbuledilməzdir. XİN xatırladır ki, KTMT-nin Baş katibi hər hansı açıqlama və şərhlə çıxış etməzdən öncə vəziyyəti düzgün təhlil etməli və qiymətləndirməlidir. Ermənistanın KTMT-nin sonuncu Sankt-Peterberq zirvə görüşündən sonra növbəti məyusluğa uğrayaraq, belə bir növbəti təxribata əl atması istisna edilməməlidir. Nazirlik bildirir ki, Azərbaycan Respublikası münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı əsasında münaqişənin həll edilməsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalının nəticələrinin aradan qaldırılması, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə səylərini və substantiv danışıqları davam etdirəcək.