Azərbaycanlı general: "Bugünkü provokasiya Yerevanın əvvəlcədən hazırladığı plandır"
29 Dekabr 2016 18:00 SiyasətBugünkü provokasiya rəsmi Yerevanın əvvəlcədən hazırladığı plandır. Bunu hərbi ekspert, Müdafiə nazirinin sabiq müavini, istefada olan general-leytenant Çingiz Məmmədov bildirib.
Generalın sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Sankt-Peterburqda keçirilən son sessiyasında Ermənistan nümayəndə heyətinin təşkilatın üzvlərinin diqqətinin Dağlıq Qarabağ münaqişəsinə yönəldilməsi və qurumun Baş katibi vəzifəsinə erməni təmsilçisinin seçilməsi cəhdlərinin boşa çıxmasından sonra KTMT üzv ölkələrinin diqqətini konfliktə cəlb etmək məqsədilə rəsmi Yerevan bugünkü provokasiyanı törədib:
"Dövlət sərhədində baş vermiş insidentdən qısa müddət sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Nikolay Bordyujanın hadisənin Azərbaycanın təxribatı kimi qiymətləndirməsi təəssüf hissi doğurur. Belə ki, təxribatın və tələsik müsahibənin verilməsi vaxtlarının təqribən üst-üstə düşməsi provokasiyanın Ermənistan tərəfindən əvvəlcədən planlaşdırıldığını qeyd etməyə əsas verir.
Ermənistan tərəfi planlı şəkildə və vaxtaşırı Dağlıq Qarabağa aidiyyəti olmayan bölgədə təxribatların törədilməsi barədə dezinformasiya xarakterli məlumatları yaymaqla münaqişənin miqyasını süni şəkildə genişləndirmək və təmsil olunduğu hərbi-siyasi təşkilatın digər üzvlərini də bu münaqişəyə cəlb etmək məqsədini güdür".
Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb.
Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.
Son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür, Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı bu kimi təxribatlara əl atır.
Müdafiə Nazirliyi bildirir ki, əgər bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə, o, daha böyük və ağır itkilərlə üzləşəcəkdir.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Rusiyadan olan Baş katibi Nikolay Bordyuja Ermənistan-Azərbaycan cəbhə xəttində baş vermiş silahlı insidentlə bağlı bəyanat yayaraq bildirib: "KTMT-nin katibliyində Ermənistan Respublikasının Çinari kəndi yaxınlığındakı silahlı insident barədə məlumatı xüsusi həyəcanla qarşılayıblar. Biz KTMT üzv - dövlətin ərazisində baş vermiş bu hərəkətləri xüsusilə bu ilin aprel ayında Dağlıq Qarabağ Respublikasından ağır silah və zirehli texnikanın tətbiqi ilə baş vermiş kifayət qədər ağır insidentin fonunda təxribat kimi dəyləndiririk.
Elə görünürdü ki, hər iki tərəfin və bir sıra lider dövlətlərin səylərini nəzərə aldıqda Dağlıq Qarabağ probleminin nizamlanması prosesi, nəhayət ki, daha aktiv gedəcək.
Lakin son zamanlar regionda atəşkəs barədə razılığın müntəzəm pozulmasına dair daxil olan məlumatlar, xüsusilə də dekabrın 29-da hərbi qulluqçuların ölümünə gətirib çıxarmış növbəti insident ciddi narahatlıq doğurur". Milli.az