KTMT-dən Azərbaycana qarşı təxribat - Bakıdan rusiyalı baş katibə sərt cavab
Bu, KTMT-nin çox böyük siyasi səhvi hesab edilə bilər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Rusiyadan olan Baş katibi Nikolay Bordyujanın adından bu gün Ermənistan-Azərbaycan cəbhə xəttində baş vermiş silahlı insidentlə bağlı bəyanat yayılıb. Təşkilatın rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir:
29 Dekabr 2016 17:19 SiyasətBu, KTMT-nin çox böyük siyasi səhvi hesab edilə bilər
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Rusiyadan olan Baş katibi Nikolay Bordyujanın adından bu gün Ermənistan-Azərbaycan cəbhə xəttində baş vermiş silahlı insidentlə bağlı bəyanat yayılıb.
Təşkilatın rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir:

"KTMT-nin katibliyində Ermənistan Respublikasının Çinari kəndi yaxınlığındakı silahlı insident barədə məlumatı xüsusi həyəcanla qarşılayıblar. Biz KTMT üzv - dövlətin ərazisində baş vermiş bu hərəkətləri xüsusilə bu ilin aprel ayında Dağlıq Qarabağ Respublikasından ağır silah və zirehli texnikanın tətbiqi ilə baş vermiş kifayət qədər ağır insidentin fonunda təxribat kimi dəyləndiririk.
Elə görünürdü ki, hər iki tərəfin və bir sıra lider dövlətlərin səylərini nəzərə aldıqda Dağlıq Qarabağ probleminin nizamlanması prosesi, nəhayət ki, daha aktiv gedəcək.
Lakin son zamanlar regionda atəşkəs barədə razılığın müntəzəm pozulmasına dair daxil olan məlumatlar, xüsusilə də dekabrın 29-da hərbi qulluqçuların ölümünə gətirib çıxarmış növbəti insident ciddi narahatlıq doğurur".

Çox maraqlıdır ki, KTMT-nin baş katibi kim tərəfindən törədildiyi dəqiq araşdırılmasa da, bu gün səhər baş vermiş təxribata çevik reaksiya verərək, Ermənistanı müdafiə edir, bunu məhz Ermənistana qarşı törədilmiş təxribat sayır və ən əsas rəsmi şəxs olaraq Dağlıq Qarabağı müstəqil dövlət kimi qələmə verir.

Qeyd edək ki, artıq uzun müddətdir ki, Ermənistan Azərbaycanla sərhəddə müxtəlif təxribatlar törədərək KTMT-nin diqqətini bu məsələyə yönəltməyə və Azərbaycana qarşı təzyiq etməyə çağırırdı.
Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə KTMT baş katibinin bu bəyanatını böyük səhv adlandırıb. Onun fikrincə, Azərbaycanın müvafiq dövlət qurumları N.Bordyujanın bu bəyanatına dərhal reaksiya verməlidirlər:

"Hesab edirəm ki, Azərbaycanın rəsmi dövlət orqanları bu məsələyə ciddi münasibət bildirməlidirlər. Çünki ortada Ermənistandan başqa Azərbaycanla dost münasibətlərində olan ölkələrin daxil olduğu bir təşkilatın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış oyuncaq rejimə hüquqi don geyindirmək cəhdi var. "Dağlıq Qarabağ Respublikası" adının çəkilməsi KTMT-nin çox böyük siyasi səhvi hesab edilə bilər. Çox güman ki, bu məsələyə Azərbaycan tərəfindən ciddi reaksiya veriləcəkdir.
Digər tərəfdən, KTMT tərəfindən məsələni araşdırmamış tələsik bəyanat verməsi onun nüfuzuna böyük xələl gətirir. Təşkilata üzvü olan Ermənistan silahlı qüvvələrinin kəşfiyyat məqsədilə Azərbaycan ərazisinə daxil olmağa cəhd edən diversiya qrupunun qarşısı alınıb və 3 nəfər həlak olub. Yəni burada söhbət Ermənistanın ərazi bütövlüyündən deyil, Ermənistanın KTMT üzvü olmayan qonşu dövlətə qarşı növbəti hərbi təxribatından gedir. Bu məsələlərə ötəri yanaşılması Azərbaycan tərəfində sakitcəsinə qəbul edilə bilməz!"

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb.
Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.
Son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı bu kimi təxribatlara əl atır.
Müdafiə Nazirliyi bildirir ki, əgər bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə o, daha böyük və ağır itkilərlə üzləşəcəkdir. Milli.az