Əli Kərimli Cəmil Həsənlini biabır etdi
Mitinqin sonunadək Milli Şura rəhbəri AXCP sədrinin arxa fonunda qaldı
6 Aprel 2015 16:54 SiyasətAprelin 5-də Milli Şuranın mitinqi baş tutdu. Ənənəyə uyğun olaraq, radikal müxalifətin bu mitinqi də maraqlı məqamlarla yadda qaldı. Nümayiş cəbhəçilərin əvvəldən élan etdiyi kimi möhtəşəm formada yox, sönük keçdi. AXCP 10 min nəfərin qatıldığını iddia etdiyi mitinqi cəmisi 1200 nəfər ətrafında adam təşkil edirdi. Ənənəyə uyun olaraq, iştirakçıların əksəriyyəti yaxınlıqda yaşayan sakinlər idilər, yəni narazı elaktorat barmaqla sayılacaq qədər az idi. Mitinqin radikal müxalifət üçün biabrçı hadisə olduğunu sübut edən digər amil, sakinlərin nümayişə olan münasibətiydi. AXCP sədri Əli Kərimli çıxışa başlayan kimi yaxınlıqdakı binalarda yaşayan sakinlər balkonlardan iştirakçıları yumurta, kartof və soğan yağışına tutdular. Sakinlərin Milli Şura və AXCP tərəfdarlarına qeyri-adi etiraz forması insanlar tərəfindən gülüşlə qarşılandı. Diqqət çəkən digər məqam, etirazçı kütlənin AXCP sədri Əli Kərimli və Milli Şura rəhbəri Cəmil Həsənliyə olan münasibətiydi. Belə ki, C.Həsənli çıxış etməyə başlayan kimi iştirakçılar "Əli bəy!" şüarlarıyla professoru məyus etdilər. Mitinq başa çatanadək Cəmil Həsənli Əli Kərimlinin arxa fonunda qaldı. Halbuki mitinqin əsas iştirakçısı Milli Şura hesab edilirdi. KXCP, Müsavat və ACP kimi partiyaların mitinqə qatılmamaları da Əli Kərimlinin fiaskosu olmalıdır. Rüstəm İbrahimbəyovun Milli Şura rəhbərliyindən getməsindən sonra Əli Kərimlinin qurumda mövqe gücləndirməsi radikal müxalifətin digər siyasi partiyaları tərəfindən qısqanclıqla qarşılandı. Yəni ki, müxalifətin ana partiyalarından sayılan Müsavatı özündən uzaqlaşdıran və müxalifətin yeganə lideri olduğunu iddia edən Əli Kərimlinin Cəmil Həsənlini boykot edəcəyi əvvəldən gözlənilirdi. Lakin Oqtay Güləliyev çıxışında səsləndirdiyi fikirlərlə özü də bilmədən Əli Kərimlinin mahiyyətini ortaya qoydu. O.Güləliyevin "Gənclər Əli Kərimliyə görə həbs olunurlar" ifadəsi mətbuatın AXCP sədri haqda olan iddiaların təsdiqi kimi başa düşülməlidir. Bəli, Əli Kərimli müstəqil siyasət yürütmək istəyən gəncləri təxribata çəkərək, onların həbs olunması üçün zəmin yaradır. O, həmin həbsləri xarici təşkilat və dövlətlərdən aldığı qrantları artırmağa yönəldir. Kiçik çaplı mitinqlərlə maliyyə aldığı mərkəzlərin gözünə pərdə asan Əli Kərimli üçün 5 aprel mitinqinin də, siyasi çəkisi olduqca yüngül idi.
Sədr keçmişi unuda bilmir
Əbülfəz Qurbanlı çıxışında "istefa" sözünün hakimiyyəti qıcıqlandırdığını deyəndən sonra müxaliflər ənənəvi "İstefa!" şüarlarını səsləndirdilər. Həmin an Əli Kərimli, Gültəkin Hacıbəyli və Cəmil Həsənlinin simasındakı ironik təbəssümləri görmək lazım idi. Mitinqin liderləri faktiki olaraq, meydana yığdıqları insanları ələ salırdılar. Vaxtilə indiki Azərbaycan hakimiyyətinin siyasi və iqtisadi uğurlarından Milli Məclisin deputatı olarkən ağız dolusu danışan Cəmil Həsənliyə isə söz mitinqin dağılmasına 25 dəqiqə qalmış verildi. Ə.Qurbanlı tərəfindən tarixçi alim və professor kimi təqdim edilən C.Həsənlinin Milli Şuranın sədri olması vurğulanmadı. Professorun hər kəliməsi "Əli bəy" şüarlarıyla qarşılanması onun çıxış vaxtını əlindən aldı. Cəmil Həsənlinin "Əli bəy" şüarlarına tutulması görünür əvvəlcədən hazırlanmış plan idi. Fuad Qəhrəmanlının Əli Kərimlinin adının mitinqin əsl qayəsindən çox hallandırması cəhdləri nümayişin AXCP sədrinin son aylarda müxalifət daxilində aşağı düşmüş nüfuzunun qaldırılmasına xidmət etdiyini sübut edirdi. Heç nəyə baxmayaraq, Cəmil Həsənli hakimiyyətin 20 ildir yalan danışdığını dedi. Halbuki parlamentdə deputat mandatında əyləşərkən C.Həsənli tamam başqa - radikal müxalifətə qarşı mühafizəkar mövqe tutan insan təsiri bağışlayırdı. Bunları nəzərə alan professorun nə qədər səmimi olduğunu anlamaq mümkündür. Görünür Ə.Kərimlinin Cəmil Həsənlini müxalifətin kulisinə çəkməsinin səbəbi də Milli Şura sədrinin vaxtilə iqtidarda təmsil olunarkən AXCP-ni vuran fikirlərini unutmamasıdır.
Ömər Zamin