“Azərbaycanla Səudiyyə Ərəbistanını ciddi iqtisadi maraqlar birləşdirir”
Elşən Musayev: “Dövlətlər arasında münasibətlərin təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub”
6 Aprel 2015 15:40 SiyasətPolitoloq Elşən Musayev Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərinə münasibət bildirib. Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin tarixən yaxşı olduğunu deyən E.Musayev qeyd edib ki, Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra bu münasibətlər artan xətt üzrə inkişaf edir. Politoloqun sözlərinə görə, xüsusilə Dağlıq Qarabağın Azərbaycanın ərazi tərkibi olması yönündə Səudiyyə Ərəbistanı həmişə obyektiv mövqe sərgiləyib. Elşən Musayev hesab edir ki, ərəb ölkələri arasında Səudiyyə Ərəbistanının bölgə faktoru, həlledici söz sahibi olaraq qüdrəti həddindən artıq böyükdür: ""Altılıq" koalisiyasının yaranmasının, Yəmən məsələsinin başında Səudiyyə dayanır. Həmin bölgədə söz sahibi bu ölkədir. Səudiyyə Ərəbistanının Azərbaycanla oxşar cəhəti - bu ölkənin hər ikisinin tanınmış neft ölkəsi olmalarıdır. Dövlətlər arasında münasibətlərin təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Səudiyyə Ərəbistanını həm də çox ciddi iqtisadi maraqlar birləşdirir. Dünyada gedən hadisələrin fonunda neft ölkələri rəhbərlərinin güclərini bir yerə qoyması məsələsi var". Elşən Musayev vurğulayıb ki, Prezident İlham Əliyevin S.Ərəbistanına səfərinə, ölkələr arasındakı siyasi-iqtisadi əlaqələrə Azərbaycanın siyasi hakimiyyətinin yürütdüyü xarici siyasətin davamı kimi baxmaq lazımdır. Azərbaycanın bütün dövlətlərlə qarşılıqlı, dost əlaqələrinin tərəfdarı olduğunu deyən E.Musayev bildirib ki, dövlətimiz həmişə qonşu, dünya ölkələriylə neytral münasibətlərini saxlayıb: "Bunu sabah arada qalmamaq üçün edir. Biz İranla münasibətləri normal saxlamasaydıq, ABŞ-İran razılaşmasından sonra ortada qalana dövlətlərdən biri də Azərbaycan olacaqdı. Yaxud Amerikaya meyillənib Rusiyaya üz çevirsək, həmçinin Rusiyaya meyillənib Amerikaya üz çevirsək yenə də siyasi təlatümlə ortada qala bilərdik. Lakin Azərbaycan hakimiyyətinin yürütdüyü balanslaşdırılmış siyasət bu problemlərin qarşısını alır. Bu balansın içində bütün dövlətlər, eyni zamanda Səduiyyə Ərəbistanı ilə olan əlaqələr dayanır". ("OLAYLAR" İA)